Ötən il elmi-tədqiqatlara 262,5 milyon manat xərclənib
Ötən il elmi müəssisələr və təşkilatlar tərəfindən dəyəri 230 milyon manatdan çox iş yerinə yetirilib ki, onun təxminən 98 faizini elmi-texniki işlər təşkil edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata əsasən, yerinə yetirilmiş elmi-texniki işlərin 61,5 faizini fundamental tədqiqatlar, 11,2 faizini tətbiqi tədqiqatlar, 11,4 faizini layihə, konstruktor və texnoloji işlər təşkil edib. Əvvəlki illə müqayisədə fundamental və tətbiqi tədqiqatların dəyəri 6,2 faiz, son 10 illə müqayisədə isə 2,4 dəfə artıb.
Tədqiqat və işləmələrə çəkilmiş daxili xərclər ötən illə müqayisədə 2,1 dəfə artaraq 262,5 milyon manat təşkil edib. Fundamental və tətbiqi tədqiqatlara çəkilmiş cari xərclərin 35,3 faizi təbiət elmləri, 32,9 faizi humanitar və ictimai elmlər, 18,3 faizi texnika elmləri, 7,6 faizi tibb elmləri, 5,9 faizi isə aqrar elmlər sahəsinə sərf olunub.



