"Oxu-Anla-İnkişaf et!” layihəsinin rəsmi açılışı keçirilib
15 dekabr tarixində Suraxanı rayonu 285 nömrəli tam orta məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib olmuş “Oxu-Anla-İnkişaf et!” layihəsinin rəsmi açılış tədbiri keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyev və Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca məktəbin 10-cu sinif şagirdləri tərəfindən hazırlanan “Kitabların ruhu” adlı səhnəcik nümayiş etdirilib. Səhnəciyin əsas ideyası oxu mədəniyyətinin formalaşdırılması, kitabın insanın mənəvi və intellektual inkişafındakı rolu və şagirdlərin oxu bacarıqlarının inkişafının vacibliyini vurğulamaqdan ibarət olub. Bu çıxış vasitəsilə layihənin məqsədi və ideya xətti tədbir iştirakçılarına dolğun şəkildə çatdırılıb.
Layihə rəhbəri Aybəniz Rüstəmova çıxış edərək tədbir iştirakçılarını salamlaıb, layihənin yaranma zərurəti, əsas məqsədləri və gözlənilən nəticələri barədə ətraflı məlumat verib. Çıxış zamanı bildirilib ki, layihənin əsas məqsədi şagirdlərdə oxuyub-anlama bacarıqlarını gücləndirmək, mətn üzərində analitik düşünmə, tənqidi yanaşma və müstəqil fikir formalaşdırma vərdişlərini inkişaf etdirməkdir. Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər, planlaşdırılan təlimlər və metodiki yanaşmalar barədə də tədbir iştirakçılarına məlumat verilib, ünvanlanan suallar cavablandırılıb.
Tədbirdə çıxış edən məktəb rəhbərliyi və qonaqlar layihənin məktəbdə icrasını təhsilin keyfiyyətinin artırılması baxımından mühüm və aktual təşəbbüs kimi dəyərləndiribər. Qeyd olunub ki, “Oxu-Anla-İnkişaf et!” layihəsi şagirdlərin yalnız oxu bacarıqlarını deyil, eyni zamanda onların ümumi dünyagörüşünü və kommunikativ qabiliyyətlərini də inkişaf etdirməyə xidmət edir.
Rəsmi açılış tədbiri layihənin qarşıya qoyduğu hədəflərin uğurla reallaşdırılacağına dair inamın ifadə olunması ilə başa çatıb. Layihənin icrası müddətində əldə ediləcək nəticələrin məktəbin təlim-tədris mühitinə müsbət töhfə verəcəyi vurğulanıb.


