“Öyrəndiklərimiz gələcəyimizin başlanğıcı olacaq” - Naxçıvanda peşə təhsilini seçən gənclər
Uzaq şəhərlərdən Naxçıvana gələn yol onları təhsil üçün bura gətirib. Bununla da yeni bir mühitə, yeni tanışlıqlara və sevdikləri peşəyə ilk addım atıblar. Söhbət Mingəçevir və Saatlı şəhərindən Muxtar Respublikada peşə məktəbində oxumağa gələn gənclərdən gedir.
“Azərbaycan müəllimi” uzaq məsafə, tanımadığı şəhər və yeni mühit seçən bu tələbələrlə söhbətləşib. İlk olaraq Mingəçevir şəhərindən Naxçıvan Peşə Təhsil Mərkəzində “Elektronika və kommunikasiya sistemlərinin istismarı” üzrə təhsil almağa gələn Sona Məhərrəmovanı tanıyaq.
“İnsan sevdiyi peşədə daha uğurlu olur”
Sonanı bura elektronika və kommunikasiya sistemlərinə olan marağı gətirib. Naxçıvana gəldikdən sonra qarşılaşdığı səmimi münasibət və burada yaradılan təhsil imkanları seçiminə daha da əmin olmasına səbəb olub. Deyir ki, bu ixtisasa marağı əvvəldən var idi:“Naxçıvan Peşə Təhsil Mərkəzində bu ixtisasın tədris olunduğunu bildikdən sonra isə qərarımı dəqiqləşdirdim. Mən bu seçimi yalnız bir ixtisas kimi deyil, eyni zamanda gələcəyə atılan bir addım olaraq dəyərləndirirəm. Burada tətbiq olunan ciddi və yüksək səviyyəli tədris proqramı mənim marağımı çəkib”.
“Bəs nə üçün Naxçıvan?” sualına gəlincə isə Mingəçevirdən Naxçıvana gəlmək qərarını verməkdə çətinlik çəkmədiyini deyir. Balı başqa peşə məktəblərinə də kifayət etməsinə, yaşadığı ətraf ərazilərdə peşə məktəbləri olmasına baxmayaraq, o daha yüksək səviyyədə təhsil almaq istədiyi üçün Naxçıvanı seçib: “Həm fərqli bir mühitdə olmaq, həm də gəlib buranı görmək istədim. Bundan əvvəl Naxçıvan haqqında araşdırma da aparmışdım. Xüsusilə bu ixtisasın burada tədris olunması və peşə təhsilinin imkanları ilə maraqlanmışdım. Naxçıvan Peşə Təhsil Mərkəzi müasir tədris imkanları və peşəkar müəllimləri ilə seçilir. Düşünürəm ki, burada yaradılan imkanlar gələcəkdə seçdiyim ixtisas üzrə daha peşəkar mütəxəssis olmağıma kömək edəcək”.
Bu ixtisası seçməyinin digər əsas səbəblərindən biri də tələbatın çox olmasıdır. Həm də düşünür ki, insan sevdiyi peşədə daha uğurlu olur: “Subbakalavr olaraq təhsilimi başa vurduqdan sonra universitetə daxil olmaq imkanım da var. Qrupumuzda universitetdə təhsilini davam etdirmək istəyənlər də çoxdur. Ancaq hazırda mənim əsas məqsədim təhsilimi başa vurduqdan sonra birbaşa işləməkdir. Məhz bu ixtisası seçməyimin səbəblərindən biri də gələcəkdə öz işimi qurmaq istəyimdir”.
Ailəsi də onun bu qərarını dəstəkləyib. “Mənim Naxçıvan Peşə Təhsil Mərkəzində təhsil almağım onları da çox qürurlandırıb”, - deyir sevinclə.
Yeni gəlməyinə baxmayaraq Naxçıvan haqqında təəssüratları müsbətdir. Hələ qısa müddət olduğu üçün müəyyən çətinliklər olsa da, insanlar haqqında xoş düşüncələri var: “Qrup yoldaşlarımın çoxu Naxçıvanlıdır və onlar olduqca səmimidirlər. Xüsusilə tanımadığım bir yerə gəldiyim üçün onların köməyi mənim üçün çox əhəmiyyətli oldu. Məsələn, kirayə məsələsində mənə kömək etdilər. Artıq şəhəri də müəyyən qədər tanımağa başlamışam. İstiqamətləri, gedib-gələcəyim yerləri öyrənirəm”.
Dərslərin yeni başlamasına baxmayaraq, ixtisasını sevərək öyrənir. Naxçıvana oxumaq üçün gəlmək istəyənlərə isə tövsiyə edir ki, uzaq olduğu üçün çəkinməsinlər: “Mən də əvvəl düşünürdüm ki, uzaqda insanlarla necə uyğunlaşacağam? Amma zamanla insan öyrəşir. Mənim də uyğunlaşmağımın ən böyük səbəblərindən biri insanların səmimiyyəti və şəhərin gözəlliyidir. Bunlar məndə xoş təəssürat yaradır və insanın yeni mühitə tez alışmasına kömək edir. Ona görə də uzaq yola və qarşıya çıxan müəyyən çətinliklərə baxmayaraq, düşünürəm ki, gəlib burada oxumağa dəyər. Mən də bu qərarımdan peşman deyiləm”.
“Əsas məsələ harada oxumaq yox, öyrənməyə olan münasibətdir”
Müxtəlif rayonlardan gələrək Naxçıvanda peşə təhsili almağı seçənlərdən biri də Ordubad Peşə Liseyinə gələn Fatimə Əhmədovadır. Saatlı şəhərindən olan tələbə burada müxtəlif rayonlardan təhsil almağa gələn gənclərdən sadəcə biridir.
Liseyin “Veb-dizayner və proqram təminatçısı” ixtisasının tələbəsi olan Fatimə buranı müəllimlərin gözəl dərs keçdiyini və liseyinin şərtlərinin yaxşı olmasını eşitdiyi üçün seçib. Təbii ki, eşitməklə yetməyərək araşdırıb və qərar verib. Deyir ki, Ordubadı görmək və gəzmək ən böyük xəyalı olub.Lisey haqqında daha dolğun məlumatı isə ona ailəsi verib. Ona burada oxumaq üçün dəstək olublar. Deyir ki, ailəsi heç narahat olmadan könül xoşluğu ilə onu Ordubada yola salıb:
“Ordubadın gözəl təbiəti, təmiz dağ havası var. Gələndə liseyin kollektivinin mehriban olacağını düşünürdüm və fikirlərimdə də haqlı çıxdım.Peşəkar müəllimlərlə tanış oldum. Tələbələr çox səmimi və diqqətcildilər”.
İxtisasını isə iş imkanlarının daha çox olmasına görə seçib. Hətta gələcək planları arasında Ordubaddan uzaqlaşmamaq üçün bitirdiyi liseydə müəllim işləmək fikri də var: “Mənim əsas məqsədim liseydə seçdiyim ixtisası dərindən öyrənmək, təhsilimi yaxşı nəticələrlə başa vuraraq gələcəkdə özümü bu sahədə inkişaf etdirməkdir. Burada qazandığım bilik və təcrübəni gələcək tələbələrə çatdırmaq mənim üçün maraqlı olardı”.
Ailəsindən uzaqda olmaq və yeni gəldiyi şəhərə alışmaq onun üçün ən çətin tərəflərdən biridir. Amma burada qazandığı dostlar bu məsafəni daha rahat və yaxın edir: “Dostlarım səmimi, qonaqpərvər və paylaşmağı sevən insanlardır. Birlikdə mehriban və səmimi vaxt keçiririk. Bu da yeni mühitə daha tez uyğunlaşmağıma kömək edib.
Məncə, təhsil almaq üçün Azərbaycanın istənilən rayonunda imkanlardan yararlanmaq olar. Əsas məsələ insanın harada oxumasından çox, oxumağa və öyrənməyə münasibətidir. Əgər insanın məqsədi bilik qazanmaqdırsa, bunun üçün hər yerdə imkan yaratmaq mümkündür. Mən də Ordubad Peşə Liseyini seçməklə həm yeni bir mühitdə təhsil almaq, həm də gələcəyim üçün praktik bir peşəyə yiyələnmək istəyirəm”.
Fatimənin təhsilini davam etdirmək istəyi də var: “Mənim üçün bu liseydə təhsil almaq yalnız diplom əldə etmək deyil, gələcək həyatım üçün bir peşə və bacarıq qazanmaqdır”.
Bu gənclərin hekayəsindən görünür ki, məsafə təhsil seçiminə maneə deyil, əksinə, yeni imkanlar açır. Mingəçevirdən və Saatlıdan Naxçıvana gələn Sona və Fatimə üçün bu seçim yalnız peşə öyrənmək deyil, həm də yeni şəhər, yeni insanlar və yeni təcrübələr qazanmaq deməkdir.




