Öz torpağımıza töhfə vermək çox dəyərli hissdir - Azad Qubadlının tələbələri ilə söhbət

31 Oktyabr, 2025 - 15:50
Öz torpağımıza töhfə vermək çox dəyərli hissdir - Azad Qubadlının tələbələri ilə söhbət

2020-ci ilin oktyabr ayı 32 il düşmən əsarətində qalmış şəhər və rayonlarımızın azadlıq xəbərini almaqla yadda qalan əlamətdar tarixi təqvimdir.  Cəbrayıl, Füzuli, Zəngilan, daha sonra isə bu yaxınlarda - 25 oktyabrda azadlığının növbəti ilini qeyd edən Qubadlı. 

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü qeyd edilir. 

 Qubadlı 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib, rayona maddi ziyanla bərabər, mədəniyyətinə, təhsilinə də zərbə vurulub. Rayonda 61 ümumtəhsil məktəbi, o cümlədən 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. İşğaldan sonra rayonun 32 məktəbi Bakı, Sumqayıt və Abşeronda yerləşib. Məktəblərin 23-ü Sumqayıtda fəaliyyət göstərir. Rayon üzrə ümumtəhsil məktəblərində təhsil alan 10411 nəfər şagird var. 

Ötən ildə rayonun şagirdlərinin bir çoxu yüksək balla respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Onlardan 33 nəfər 600, 60 nəfər isə 500 baldan yüksək nəticə göstərib. 

“Azərbaycan müəllimi” Qubadlıdan olan və yüksək bal toplayıb təhsil alan tələbələrlə həmsöhbət olub. 

Öz torpağımıza töhfə vermək çox dəyərli hissdir

İlk olaraq, hazırda Qarabağ Universitetinin tələbəsi olan Həmidə ilə başlayırıq. O deyir ki, Qubadlını görməsə də evdə gedən söhbətlərdən şəhər haqqında təsəvvür yarada bilib: “Ailəmizdə ata-baba yurdumuz haqqında çox danışılıb. Anam oranın təbiətinin çox gözəl, insanlarının isə mehriban və zəhmətkeş olduğunu deyirdi. Mənim üçün Qubadlı sadəcə bir yer deyil, həm də böyük bir qürur və azadlıq rəmzidir. Gələcəkdə orada işləmək istərdim, çünki öz torpağımıza töhfə vermək çox dəyərli hissdir”.

Həmidə Məmmədli təhsilini ilk olaraq, Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində, sonra Təbiət Elmləri Təmayüllü gimnaziyada alıb. Bir müddət sonra isə Qubadlı rayonu Mərdanlı kənd tam orta məktəbinə gedib. Özü də bildirir ki, Mərdanlı məktəbi onun həyatında mühüm yer tutur. 
“Qubadlı məktəbi mənim həyatımda xüsusi yer tutur. İnsanın özü ilə bərabər ona dəstək göstərən insanların olması da uğurların başlanğıcıdır deyə düşünürəm. Mən də müəllimlərimizin dəstəyi və bizə verdikləri dəyər sayəsində nəticə qazana bildim. Tələbə oldum, özü də Qarabağ Universitetində”.

Həmidə deyir ki, tibb təhsili almaq, həkim olmaq ən böyük arzusu olub. Bunun üçün də ilk addımı da Qarabağ Univeristetindən, tibb və sağlamlıq elmləri fakültəsindən başlayıb.  “Həqiqətən də, burada oxumaq mənim üçün həm qürur, həm də böyük təcrübədir. Gələcəyin həkimi olmaq, təcrübələrimlə xalqıma xidmət göstərmək qarşıma qoyduğum hədəflərdəndir. Amma eyni zamanda təhsilimi xaricdə davam etdirmək planım da var, daha çox bilik və təcrübə qazanıb, sonra vətənə qayıdıb burada ölkəmə faydalı mütəxəssis olmaq istəyirəm”.

Qubadlının yenidən qurulmasında layiqincə iştirak edə biləcəyəm

Növbəti müsahibimiz Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olan Şəbnəm İsgəndərovadır. O, bir müddət Mingəçevir və Ağdaşda yaşayıb. Sonra ailəsi ilə birgə Bakıda məskunlaşıb. Təhsilini Qubadlı rayon Qəzyan kənd Əliyar Əliyev adına tam orta məktəbdə davam etdirib. Şəbnəm şagird olduğu dövrdə 6-cı sinifdə çətinlik çəkdiyini bildirir. Ona çətinlik gətirən isə, riyaziyyat və ingilis dili fənləri olub. “Hər çətinliyin öhədəsindən gəlmək mümkündür. Bunun üçün istək olmalıdır. Mənə dəstəyini göstərən müəllimlər hələ də xatirimdədir. Onlar sayəsində biliklərimi inkişaf etdirmişəm və fənləri sevməyə başlamışam. Qubadlı məktəbi mənə indi də əlaqə saxladığım sinif yoldaşları qazanmağımda rol oynayıb.  Hazırda hüquq fakültəsində təhsil alıram. Ən çox haqqı tapdanan ərazilərdən birinin sakini olaraq. Ümid edirəm ki, Qubadlıda, onun yenidən qurulmasında layiqincə iştirak edə biləcəyəm”.

Bəli, bu gənclər Qubadlını görməyib, onu sadəcə sözlərdən duyub, eşidiblər. Qalibiyyətin, azadlığın qazanıldığı dövrün şahidləridir və doğma torpaqlarının qurulmasında iştirak etməyi özlərinə borc bilirlər.