Özümüzü onların gözü ilə görmək, həqiqətən, qürurverici idi – Qazi müəllim

19 Noyabr, 2025 - 15:32
Özümüzü onların gözü ilə görmək, həqiqətən, qürurverici idi

Oğuz rayonunun Tayıflı kəndindən olan Cavid Kamilli müəllimliyə Yemişənli kəndindən başlayıb. Müharibə başlayanda Qarabaldır kənd ümumi orta məktəbinin coğrafiya müəllimi idi, indi isə Zərrab kənd Nüsrət Süleymanov adına tam orta məktəbin direktorudur. Murovdağda Kəlbəcər rayonun azadlığı uğrunda döyüşlərdə minaatan kimi iştirak edib: “Bu, mənim üçün təkcə hərbi xidmət yox, həm də bir müəllim, bir vətəndaş olaraq borc idi.Vətənimin bütövlüyü uğrunda döyüşdüm və bu, həyatımın ən qürurlu səhifəsidir”.

Cavid Kamilli bu gün 44 günlük müharibəyə ötən əsrdən pozulan hüquqların, tapdalanan ədalətin bərpası, işğala məruz qalan ərazilərin azad olunması kimi baxır, amma həm də bir dərs hesab edir: “Hər bir əsgərin ürəyində vətən sevgisi, torpaq həsrəti vardı. Biz cəbhədə o sevgini göstərdik, həsrəti dilə gətirdik. Hər addımda şəhidlərimizin xatirəsi, xalqımızın duası bizə güc verirdi. Ən böyük gücü, enerjini isə şagird məktublarından aldım. Sevgidolu sətirlər indi də ən çox xatırladığım xatirələrdəndir. Məktubları xüsusən kiçikyaşlı məktəblilərin yazdığı hiss olunurdu. Özümüzü onların gözü ilə görmək həqiqətən qürurverici idi”.
Müharibədən 5 il sonra, bu gün də şagird məktublarını xatırlayırsa, deməli Cavid Kamilli elə səngərdə də döyüşçü kimi yox, özünü əsl müəllim kimi hiss edib: “Bəli, cəbhədə də müəllim idim və düşünürdüm ki, bu müharibənin nəticəsi təkcə hərbi qələbə olmayacaq. Çünki o döyüş meydanında gələcək nəsillərə örnək olacaqdıq və olduq. Döyüş meydanında bir dərs keçdik - “Vətən sevgisi dərsi”.

Əsl zəfəri, qələbənin şirinliyini səngərdən sinfə qayıdanda hiss edib: “İlk dərs günümü heç vaxt unutmaram. Şagirdlərim məni alqışlarla qarşıladılar. O an anladım ki, müəllimin vəzifəsi, sadəcə bilik vermək deyil, həm də ruh, vətənpərvərlik aşılamaqdır. O gün özümə söz verdim ki, şagirdlərimə vətənin təkcə coğrafiyasını yox, həm də hər qarış torpağının dəyərini öyrədəcəyəm”.

Öyrətməyin ən gözəl üsulu isə göstərməkdir: “Gənclər görərək, dinləyərək, nümunə götürərək öyrənirlər. Dərslərimdə tez-tez Azərbaycanın təbiəti, sərvətləri və azad edilmiş torpaqlar barədə danışıram. Onlara deyirəm ki, xəritədəki hər dağ, hər çay, hər kənd şəhidlərimizin canı bahasına geri qaytarılıb. Xəritəyə bunu ağlımızda tutaraq baxanda dərsin effekti fərqli olur. Vətənin coğrafiyasını öyrənərkən vətəni sevməyi öyrənirik.  Şagirdlərimlə birlikdə şəhid ailələrini ziyarət edir, məktəbdə vətənpərvərlik tədbirləri keçiririk. Hər zaman şagirdlərimizə xatırladıram ki, vətəni qorumaq təkcə silahla olmur. Onlar yaxşı oxuyaraq, sevdikləri sahədə işləyərək, elmə, təhsilə xidmət edərək vətəni qoruya, adını ucalda bilərlər”.

Cavid müəllim də döşü medallı müəllimlərimizdəndir. O, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.

Uğurun mübarək, Azərbaycan müəllimi! 
Qələbən mübarək, Azərbaycan Ordusu!
Zəfərin mübarək, Azərbaycan!