"Özünüzü başqalarının qoyduğu sərhədlərlə məhdudlaşdırmayın" – ABŞ-də təqdiqat aparan azərbaycanlı 

9 Oktyabr, 2026 - 11:40
"Özünüzü başqalarının qoyduğu sərhədlərlə məhdudlaşdırmayın"

Elm yolu bəzən bir ixtisas seçimi ilə başlayır, lakin insanın qarşısına çıxan suallar onu tamamilə yeni istiqamətlərə apara bilər. Biologiya müəllimliyi üzrə təhsil alan bir gəncin insan orqanizmində baş verən proseslərə marağı da zamanla onu molekulyar səviyyədə araşdırmalara, biokimyaya və neyrodegenerativ xəstəliklərin tədqiqinə yönəldib. Bu yol Azərbaycandan başlayaraq ABŞ-də doktorantura təhsilinə qədər uzanıb.

Müsahibimiz Nuranə İbrahimova Azərbaycan Dövlət Pedaqoji Universitetində "Biologiya müəllimliyi" ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Türkiyədə müxtəlif elmi layihələrdə iştirak edib, apardığı elmi araşdırmaların nəticələrini isə ABŞ də daxil olmaqla müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda təqdim edib.

Hazırda Florida Atlantik Universitetində doktorantura təhsili alan Nuranə İbrahimova təhsilini tam təqaüdlə davam etdirir. Akademik fəaliyyətində əldə etdiyi uğurlara görə universitetin ən yüksək təqaüdü olan "Presidential Fellowship" təqaüdünə layiq görülüb. 
“Azərbaycan müəllimi” qəzeti Nuranə İbrahimova ilə biologiya müəllimliyindən biokimyaya keçidinin səbəbləri, beynəlxalq elmi mühitdə qazandığı təcrübə, Altsheymer xəstəliyinin molekulyar mexanizmləri, yeni molekulların gələcək müalicə imkanları barədə həmsöhbət olub.

- “Biologiya müəllimliyi” ixtisasında təhsil alarkən sizi elmi araşdırmalara və biokimyaya yönəldən əsas amil nə oldu?

- Universitetdə “Biologiya müəllimliyi” ixtisasında təhsil alarkən xüsusilə anatomiya dərsini çox sevirdim. İnsan orqanizminin necə qurulduğu və necə işlədiyi mənə çox maraqlı gəlirdi. Təhsilim irəlilədikcə məndə insan orqanizmində baş verən bioloji mexanizmlərə daha böyük maraq yarandı.

Sonralar düşündüm ki, bu mexanizmləri sadəcə bioloji səviyyədə deyil, daha dərindən anlayım. Molekulların bir-biri ilə necə əlaqə yaratması, bu əlaqələrin sağlam insanla xəstə insan arasındakı fərqlərin nədən ibarət olduğu məni çox maraqlandırmağa başladı.
 məs
Məhz bu maraq məni Qazi Universitetində kimya, xüsusilə biokimya sahəsi üzrə magistratura təhsili almağa yönəltdi. Əslində, mənim üçün biologiyadan biokimyaya keçid tamamilə təbii bir proses oldu. Çünki cavabını axtardığım suallar daha çox molekulyar səviyyədə idi.

- Elmi işlərinizi beynəlxalq auditoriyaya təqdim edərkən ən böyük çətinliyiniz nə olub?

- İlk növbədə həyəcan var idi. Çünki qarşınızda dünyanın müxtəlif ölkələrindən gəlmiş, illərlə elmi təcrübəsi olan insanlar dayanır və siz öz işinizi onlara təqdim edirsiniz.
Bundan əlavə, ingilis dilində elmi təqdimat etmək də mənim üçün müəyyən qədər çətin idi. Amma özüm-özümə belə düşündüm: mən bu işi bilirəm, bu nəticələri özüm əldə etmişəm və deməli, onu ən yaxşı izah edə biləcək insanlardan biri də mənəm.
Zaman keçdikcə başa düşdüm ki, beynəlxalq auditoriya qarşısında çıxış etmək üçün mükəmməl olmaq lazım deyil. Əsas məsələ gördüyünüz işə inanmaq və fikrini aydın şəkildə ifadə edə bilməkdir. Hər təqdimat mənə həm elmi, həm də şəxsi baxımdan daha çox özümə inanmağı öyrətdi.

- Florida Atlantik Universitetinin doktorantura proqramına qəbul prosesiniz necə keçdi? Universiteti və elmi istiqamətinizi seçərkən hansı meyarları əsas götürdünüz?

- Doktorantura üçün universitet seçərkən mənim üçün əsas meyarlardan biri elmi araşdırma laboratoriyalarının imkanları idi. Mən sadəcə doktorantura diplomu almaq üçün deyil, həqiqətən elmi araşdırma aparmaq, yeni biliklər qazanmaq və özümü tədqiqatçı kimi inkişaf etdirmək istəyirdim.
Buna görə laboratoriyanın elmi istiqaməti, istifadə olunan metodlar, tədqiqat imkanları və həmin sahədə çalışan alimlərin işləri ilə maraqlandım.
Florida Atlantik Universitetində biokimya və kimya sahələrinin kəsişməsində işləmək, xüsusilə Altsheymer xəstəliyinin molekulyar mexanizmlərini araşdırmaq imkanının olması mənim elmi maraqlarımla üst-üstə düşdü. Buna görə FAU mənim üçün çox uyğun seçim oldu.

- Tam təqaüd qazanmağınızda, sizcə, hansı akademik nailiyyətləriniz əsas rol oynayıb?

-    Düşünürəm ki, burada bir deyil, bir neçə akademik nailiyyətimin birlikdə rolu olub.

Bunlardan biri Erasmus+ proqramı çərçivəsində Almaniyanın Münhen Texniki Universitetində biotexnologiya sahəsində elmi təcrübə əldə etməyim idi. Bu proqram mənə beynəlxalq elmi mühitdə işləmək və fərqli tədqiqat yanaşmalarını görmək imkanı verdi.

Bundan əlavə, müxtəlif beynəlxalq konfranslarda elmi işlərimi təqdim etmişəm. Tədqiqatlarımın nəticələri əsasında məqalələrim nüfuzlu elmi jurnallarda dərc olunub. Müxtəlif elmi layihələrdə iştirak etməyim və tədqiqat təcrübəm də bu prosesdə mühüm rol oynadı.

Amma düşünürəm ki, bütün bunların arxasında ən vacib elmi fəaliyyətə davamlı yanaşmam olub. Mən hər bir layihədə yalnız nəticə əldə etməyə deyil, həm də yeni təcrübə qazanmağa çalışmışam.

- Niyə məhz Altsheymer xəstəliyini araşdırmağı seçdiniz?

- Altsheymer xəstəliyinə marağım magistratura illərində yarandı. Tədqiqatlarım zamanı bu xəstəliklə əlaqəli molekullar və onların bioloji aktivliyi üzərində işləyirdim.

Məni ən çox düşündürən məsələ xəstəliyin insanın yaddaşına və şəxsiyyətinə təsir etməsi oldu.  İnsan üçün ən dəyərli varlıqlardan biri onun xatirələridir.  Altsheymer isə zaman keçdikcə insanın həmin xatirələrini əlindən ala bilir.

Diqər tərəfdən, Altsheymer çox mürəkkəb xəstəlikdir və hələ də cavabı tam məlum olmayan çoxlu suallar var. Mənim üçün elmdə ən maraqlı sahələrdən biri də məhz cavabı tam məlum olmayan suallardır. 

- Tədqiqatınızın əsas məqsədi nədir və hazırda hansı suallara cavab tapmağa çalışırsınız?

- Biz Altsheymer xəstəliyinin yalnız insanın yaddaşına və davranışına necə təsir etdiyini araşdırmaqla kifayətlənmirik. Bunun arxasında hüceyrə və molekul səviyyəsində nələrin baş verdiyini anlamağa çalışırıq. Məsələn, müəyyən zülalların necə dəyişdiyini, onların digər molekullarla necə qarşılıqlı əlaqəyə girdiyini və bu dəyişikliklərin beyin hüceyrələrinin fəaliyyətinə necə təsir etdiyini araşdırırıq.
Yəni xəstəliyin görünən nəticələrindən başlayıb, onun ən kiçik səviyyədəki səbəblərini anlamağa çalışırıq.

Hazırda əsas məqsədim Altsheymer xəstəliyinin inkişafında rol oynayan molekulyar prosesləri daha yaxşı anlamaqdır.
Xüsusilə zülallar, peptidlər və onların üzərində yerləşən şəkər strukturları arasındakı əlaqələr mənim üçün maraqlı tədqiqat istiqamətidir. Hazırda daha çox bu molekulların bir-biri ilə necə qarşılıqlı əlaqəyə girdiyini və bu qarşılıqlı əlaqələrin xəstəlik prosesinə necə təsir edə biləcəyini anlamağa çalışırıq.

Əslində, məqsədimiz bir tərəfdən xəstəliyin mexanizmini daha yaxşı başa düşmək, digər tərəfdən isə gələcəkdə yeni müalicə üsullarının formalaşması üçün elmi əsas yaratmaqdır.

- Altsheymer xəstəliyinin inkişafında alimlərin hazırda ən çox diqqət yetirdiyi molekulyar mexanizmlər hansılardır?

- Altsheymer çox mürəkkəb xəstəlik olduğu üçün alimlər bir neçə istiqaməti eyni vaxtda araşdırırlar.

Amiloid-beta və tau zülallarında baş verən dəyişikliklər, neyroiltihab, oksidativ stress, sinaptik funksiyaların pozulması və zülallar arasındakı qarşılıqlı əlaqələr əsas tədqiqat mövzularındandır.

Son illərdə zülalların qlikozilləşməsi də çox maraqlı tədqiqat sahəsinə çevrilib. Çünki zülala bağlanan kiçik şəkər strukturları onun funksiyasını və digər molekullarla qarşılıqlı əlaqəsini dəyişə bilər. Hazırkı tədqiqat istiqamətim də bu baxımdan mənim üçün xüsusilə maraqlıdır.

- Araşdırdığınız yeni molekullar gələcəkdə Altsheymer xəstəliyinin müalicəsində necə istifadə oluna bilər?

- Elmi baxımdan burada ehtiyatlı olmaq lazımdır. Laboratoriyada yaxşı nəticə göstərən hər bir molekul dərhal dərmana çevrilmir. Bunun üçün uzun illər davam edən araşdırmalar və çoxsaylı sınaqlar lazımdır.

Biz ilk növbədə molekulun müəyyən bioloji prosesə necə təsir etdiyini anlamağa çalışırıq. Əgər müsbət nəticələr əldə olunarsa, növbəti mərhələlərdə onun təhlükəsizliyi və effektivliyi daha geniş şəkildə araşdırılır.

 Mənim üçün ən vacib olan sadəcə yeni molekul hazırlamaq deyil, onun necə işlədiyini anlamaq və gələcəkdə daha effektiv müalicə strategiyalarının formalaşdırılmasına töhfə verməkdir.

- Hazırda Altsheymer xəstəliyinin müalicəsi ilə bağlı ən böyük elmi problem, sizcə, nədir?

- Məncə, ən böyük problemlərdən biri Altsheymerin tək bir səbəbdən yaranmamasıdır. Burada bir neçə fərqli molekulyar proses bir-biri ilə əlaqəli şəkildə baş verir.

Digər mühüm məsələ xəstəliyin simptomları ortaya çıxmazdan illər əvvəl başlaya bilməsidir. İnsan özündə heç bir ciddi problem hiss etmədiyi zaman xəstəlik molekulyar səviyyədə artıq inkişaf edə bilər.

Buna görə də düşünürəm ki, gələcəkdə xəstəliyin daha erkən mərhələdə diaqnozlaşdırılması və dərhal müdaxilə edilməsi çox böyük əhəmiyyət daşıyacaq.

- ABŞ-də əldə etdiyiniz bu uğurlardan sonra Azərbaycandakı gənc alimlərə və tələbələrə hansı mesajı vermək istərdiniz?

- Mən gənclərə ən çox bunu demək istərdim: başqalarının sizin üçün qoyduğu sərhədlərlə özünüzü həbs etməyin.
Mən “Biologiya müəllimliyi” ixtisasında təhsil almışam.  Sonra kimya üzrə magistratura oxudum, müxtəlif ölkələrdə elmi təcrübə qazandım və bu gün ABŞ-də biokimya üzrə doktorantura təhsili alıram. Əgər əvvəldən "mənim bakalavr ixtisasım biologiyadır, kimya sahəsi mənim üçün çətindir", - desəydim, bəlkə də bu yol heç başlamazdı.

Hər şey bir gündə baş vermir. Mən də bütün cavabları əvvəlcədən bilmirdim. Sadəcə hər dəfə qarşıma çıxan əngəlləri aşaraq növbəti addımı atmağa çalışdım.

Əgər bir gəncin böyük bir arzusu varsa, ona mənim məsləhətim budur: çalışsın, öyrənsin və özünə inansın. Bəzən "mümkünsüz" olduğunu eşitdiyiniz məqamlar sadəcə daha çox çalışmağınızı və səy göstərməyinizi tələb edir.

- Uğurunuz bir qərara bağlı olsaydı, hansı qərarı seçərdiniz?

- Mənim üçün bu, həyatda özüm üçün sərhəd qoymamaq qərarıdır.
Ailəmizdə ilk ali təhsil alan qız övladı kimi bu sərhədləri qırmaq heç də asan olmayıb. Mən uşaq olanda anam mənə həmişə sakitcə deyirdi: “Sən ali təhsil alacaqsan, sən uğurlu olacaqsan”.

Bəzən özümü gücsüz hiss etdiyim, qarşıma çıxan çətinlikləri necə aşacağımı bilmədiyim vaxtlarda anamın bu sözləri yadıma düşür. İndi də həmin sözlər mənə böyük güc verir.

Bəlkə də mənim ən böyük qərarım özümə “mən bacarmaram” deməmək olub. Hər dəfə qarşıma çətin bir yol çıxanda onun mümkün olub-olmadığını düşünməkdənsə, “bunu necə edə bilərəm?” deyə düşünməyə çalışmışam.

- Sizcə, yaxşı alim olmaq üçün yüksək akademik göstəricilərdən əlavə hansı xüsusiyyətlər vacibdir?

- Məncə, yaxşı alim olmaq üçün ilk növbədə maraq və səbir lazımdır. Çünki elmdə hər şey planlaşdırdığınız kimi getmir. Bəzən aylarla işlədiyiniz təcrübə istədiyiniz nəticəni vermir. Bəzən eyni eksperimenti dəfələrlə təkrarlamalı olursunuz.

Bundan əlavə, dürüstlük çox vacibdir. Alim araşdırmasının nəticəsi yaxşı olmadığı üçün onu dəyişdirməməli, olduğu kimi qəbul etməlidir. Çünki elmdə mənfi nəticə də nəticədir.

Məncə, yaxşı alim həm də öyrənməyi heç vaxt dayandırmayan insandır. Çünki elm daim dəyişir və bu gün qətiyyətlə doğru qəbul etdiyimiz bir çox fakt sabah yeni bir sual doğura bilər.

Ən əsası isə insan öz uğurunun arxasında başqa insanların da əməyi olduğunu unutmamalıdır. Mən bu gün olduğum yerə gələnə qədər müəllimlərimdən, ailəmdən, həmkarlarımdan və birlikdə çalışdığım alimlərdən çox şey öyrənmişəm. Ona görə də mənim üçün yaxşı alim olmaq yalnız yaxşı nəticələr əldə etmək deyil, eyni zamanda bildiklərini başqaları ilə bölüşmək və özündən sonra gələnlərə yol açmaqdır.