Peşə Təhsil Mərkəzinin tələbələri beynəlxalq yarışa hazırlaşırlar
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi robototexnika və proqramlaşdırma istiqamətli beynəlxalq yarışlara hazırlaşır.
Mərkəzin direktoru Şaban Cəərçiyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, hazırda mərkəzdə 9 müəllimin rəhbərliyi ilə 32 tələbə qazanacaqları beynəlxalq uğura köklənib: “Həmin yarışlardan biri “Robotların qaydasız döyüşü”dür. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və AREA-nın təşkilatçılığı ilə keçirilən yarışda mərkəzi təmsil edəcək komandada 5 tələbə, 1 müəllim yer alıb. Tələbələrimizin “ANVILION” adlandırdıqları komanda qalib olarsa, yarışın Hindistanda keçiriləcək final mərhələsində də iştirak edəcəyik. Qeyd edim ki, son iki il ərzində bu yarışın qalibi məhz Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası olur”.
“Azerbaijan International Robotics Olympiad 2026” çərçivəsində təşkil olunan “Mini Sumo” yarışında isə mərkəzi 2 komanda - “İnnovation Sumo” və “Industrial Sumo” komandaları təmsil edəcək. Yarış “AzeRobot” və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir: “Hər komanda 1 iştirakçıdan ibarət olmaqla, yarışda ümumilikdə 2 tələbə və 2 müəllim iştirak edəcək. Yarışın qalibləri Yaponiyada keçiriləcək beynəlxalq mərhələdə ölkəmizi təmsil etmək hüququ əldə edəcəklər”.
Mərkəzin daha bir komandası “RoboChallenge Azerbaijan 2026” yarışına hazırlaşır: “Bu yarışda mərkəzimiz daha geniş heyətlə təmsil olunacaq. Gənclər və İdman Nazirliyi və “Azercell”in təşkilatçılığı ilə ölkədə ilk dəfə keçirilən bu yarışda mərkəzimizi 25 tələbə və 6 müəllim təmsil edəcək. Onlar bu yarışa “Python”, “Proqramlaşdırma” və “Mini Sumo” kateqoriyaları üzrə iştirak edəcəklər. Bu yarışın ölkə finalında uğur qazananlar Çində keçiriləcək beynəlxalq yarışda Azərbaycan adından çıxış edəcəklər”.
“WorldSkills Shanghai 2026” yarışına isə 9 tələbə üç istiqamət üzrə - elektronika, qaynaq və avtomobil texnologiyaları sahələrində hazırlaşır: “Bu hazırlıq prosesi iştirakçıların peşəkar ustalığının artırılması, beynəlxalq standartlara uyğun bacarıqların formalaşdırılması və Azərbaycanın peşə təhsili potensialının qlobal platformada nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Şaban Cəərçiyevin fikrincə, beynəlxalq yarışlara hazırlıq İKT istiqaməti üzrə təhsil alan tələbələrin peşə biliklərinin dərinləşdirilməsində mühüm əhəmiyyət daşıyır: “Belə yarışlar yalnız tələbələrin texniki və praktiki səriştələrinin inkişafına deyil, eyni zamanda komandada çalışma, problem həlli, sürətli qərarvermə və innovativ düşünmə bacarıqlarının formalaşmasına da ciddi töhfə verir. Bununla yanaşı, bu istiqamətdə əldə olunan nəticələr peşə təhsilinin ictimai nüfuzunun artırılması, gənclərin texnologiya sahələrinə marağının gücləndirilməsi və mərkəzimizin innovasiya ekosistemindəki rolunun daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”.



