Peşə təhsili müəssisələri öz potensialını sərgidə göstərir
Bakı Ekspo Mərkəzində bu gündən keçirilən və iyunun 20-dək davam edəcək 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində Peşə Təhsili üzrə Dövlət Agentliyi 13 peşə təhsili müəssisəsi ilə təmsil olunur. Sərgi günlərində agentliyin stendində hər gün 4 peşə təhsili müəssisəsi öz fəaliyyətini, tədris imkanlarını və tələbələrinin hazırladığı məhsulları ziyarətçilərə təqdim edəcək.
Sərginin ilk günündə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, eləcə də Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi sərgi iştirakçıları qarşısında çıxış edir və məhsullarını nümayiş etdirirlər.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri İlqar Bayramlı “Azərbaycan müəllimi”nə bildirib ki, 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində 13 peşə təhsili müəssisəsi ilə təmsil olunurlar:
“Məlum olduğu kimi, peşə təhsilinin inkişafı, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı dövlətimizin təhsil siyasətinin tərkib hissəsidir. Bugünkü sərgidə iştirak etməklə, birbaşa biznes subyektləri ilə görüşməklə mövcud əlaqələrimizin daha da inkişaf etdirilməsi, eləcə də peşə təhsil müəssisələrimizin yeni biznes subyektləri ilə əlaqələrinin yaradılması hədəf kimi qarşımıza qoyulub”.
İ.Bayramlı qeyd edib ki, sərgi platformasında mövcud problemlərin müzakirəsi, eləcə də əmək bazarının yeni tələblərinin öyrənilməsi istiqamətində biznes subyektləri ilə görüşlərin keçirilməsini mühüm hesab edilir:
“Ümidvarıq ki, bu sərgidə iştirak edən peşə təhsili müəssisələrimiz həm öz imkanlarını, həm də peşə təhsilindəki yenilikləri göstərə biləcəklər. İstənilən halda biz biznes subyektləri ilə birbaşa ünsiyyət qurmaqla mövcud münasibətləri daha da təkmilləşdirəcəyik. Sərgi peşə təhsili müəssisələrində yeni imkanların yaradılması baxımından çox uğurludur”.




