Peşə təhsili müəssisələrində inklüzivliyin artırılması məqsədilə təlim keçirilib
Noyabrın 5-18-də Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə peşə təhsili səviyyəsində inklüzivliyin artırılması və təşviq edilməsi məqsədilə təhsilverənlər və rəhbər heyət üçün "İnklüziv peşə təhsili: dəyərlər və prinsiplər" adlı təlim proqramı həyata keçirilib.
Agentlikdən "Azərbaycan müəllimi"nə bildirilib ki, təlim proqramında peşə təhsili müəssisələrində fəaliyyət göstərən 40 nəfər təhsilverən və 20 nəfər rəhbər heyət iştirak edib. Altı gün davam edən təlim sessiyaları iki gün onlayn, dörd gün isə əyani olmaqla hibrid formatda təşkil olunub. İştirakçılar əldə etdikləri bilik və bacarıqları tədris zamanı tətbiq etmək üçün sessiyalarda qrup işləri üzərində çalışıb və müzakirələr aparıblar.
Bu təşəbbüs peşə təhsili sistemində inklüziv dəyərlər və prinsiplərin inkişaf etdirilməsi məqsədini daşıyır. Sessiyalar çərçivəsində inklüziv təhsil dəyərləri üzrə qarşılıqlı müzakirələr aparılıb və iştirakçılara yeni yanaşmalar təqdim olunub.
Təlim proqramı zamanı iştirakçılar inklüziv peşə təhsili və təlimin prinsipləri, əlillik modelləri və əlilliyi olan öyrənənlərin qarşılaşa biləcəkləri potensial baryerlər, inklüziv dəyərlər, universal öyrənmə dizaynı və əsas sinif strategiyaları barədə məlumatlar əldə ediblər.



