Peşə təhsilində ən çox seçilən ixtisaslar açıqlanıb
“2025-ci il üzrə peşə təhsili müəssisələrinə qəbul nəticələri bu sahəyə marağın artdığını göstərir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə səsləndirib.
O bildirib ki, ən çox tələbə qəbulu aparılan ixtisaslar sırasında “Aşpazlıq” (1829 nəfər), “Bərbər-vizajist-manikürçü” (1023 nəfər), “Əməliyyatçı-mühasib” (1017 nəfər) və “Dərzilik” (1012 nəfər) üstünlük təşkil edir. Bununla yanaşı, “Elektrik montyoru” (814 nəfər), “Elektrik qaz qaynaqçısı” (700 nəfər), “Qrafik dizayner” (662 nəfər), “Avtomobillərin təmiri çilingəri” (620 nəfər), “Kompüterlərin təmiri texniki” (613 nəfər), “Traktorçu-maşinist” (501 nəfər) və “Geyim üzrə dizayner” (495 nəfər) ixtisaslarına da maraq yüksək olub.
Nazir müavini qeyd edib ki, təhsil müddətinə görə, qəbulun böyük hissəsini 6 aylıq və 1 illik proqramlar təşkil edir və onların payı 58 faizdir. 3 illik proqramlar üzrə qəbul 28 faiz, 2 illik proqramlar üzrə 9 faiz, 4 illik proqramlar üzrə isə 5 faiz olub.



