Peşə təhsilində qadınların daha çox seçdiyi ixtisaslar açıqlanıb

3 Aprel, 2026 - 14:30
Peşə təhsilində qadınların daha çox seçdiyi ixtisaslar açıqlanıb

Peşə təhsili müəssisələrində təhsil alan qadınların daha çox üstünlük verdiyi ixtisaslar üzrə göstəricilər açıqlanıb.

“Azərbaycan müəllimi”nin xəbərinə görə, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu barədə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə məlumat verib.

Nazir müavini bildirib ki, “Dayə” ixtisası üzrə təhsil alanların 100 faizi qadındır. Bu göstərici “Laborant-mikrobioloq” ixtisasında 92 faiz, “Moda dizaynı və geyim üzrə dizayner” ixtisaslarında isə 91 faiz təşkil edir.

Onun sözlərinə görə, saç kəsimi və gözəllik sahəsində qadınların payı 90 faiz, qənnadçı və şirniyyatçı ixtisaslarında isə 89 faizdir.

Eyni zamanda, “Kargüzarlıq və ofis” ixtisaslarında qadınların payı 83 faiz, “İnteryer dizaynı”nda 81 faiz, “Dərzi” ixtisasında isə 79 faiz səviyyəsindədir.

Kənan Kərimzadə vurğulayıb ki, digər istiqamətlərdə də qadınların üstünlüyü müşahidə olunur. Belə ki, “Sığorta işçisi” ixtisasında qadınların payı 71 faiz, “Qrafik dizayner” ixtisasında 65 faiz, “Veb dizayn və proqram təminatı” sahəsində isə 60 faizdir.