Peşə təhsilində qadınların təmsilçiliyi 40 faizə yüksəlib - İlqar Bayramlı
"Hazırda ölkədə 79 peşə təhsil müəssisəsi fəaliyyət göstərir. 160-a yaxın ixtisas üzrə 40000-ə yaxın tələbə peşə təhsil mərkəzlərində təhsil alır”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində keçirilən Aqrar biznes festivalında səsləndirib.
O, peşə təhsilinə diqqətin davamlı artdığını da xüsusi qeyd edib. Əlavə edib ki, son 5 ildə peşə təhsilinə qəbul olan tələbələrin sayı 40 faiz artıb və sonuncu tədris ilində peşə təhsili müəssisələrində 27000 tələbə tədrisə başlayıb.
İlqar Bayramlı qadınların peşə təhsilinə marağının artdığı haqqında da danışıb: "Sevindirici hallardan biri odur ki, qadınların peşə təhsilində iştirak payı artır. 5 il əvvəl qadınların peşə təhsilində təmsilçiliyi 30 faiz idirsə, sonuncu ildə bu, 40 faizə yüksəlib. Bu da bizə bu sahədə qadınların məşğulluğunun təmin edilməsi baxımdan yeni ixtisasların müəyyən olunması, əhatəliyinin artırılması üçün yeni stimullar yaradır".
Direktor regionlarda peşə təhsilinin inkişafına xüsusi diqqət yetirildiyini də bildirib: "Bu sahə daim diqqətdədir. Bizim tələbə qəbulunun, təxminən 60 faizi məhz, regionlarda olan Peşə Müəssisələrinin payına düşür. Xüsusilə, qeyd etməliyik ki, regionlardakı Peşə mərkəzlərimizdə kənd təsərrüfatı ixtisaslarına xüsusi diqqət yetirilir və hal-hazırda, ölkə üzrə 47 Peşə Müəssisəmizdə 30-dan çox ixtisas üzrə, təqribən 4000-dən çox tələbəmiz kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı peşə istiqaməti üzrə təhsil almaqdadır. Növbəti illərdə biz bu istiqamətdə olan ixtisasların və tələbə qəbulu yerlərinin sayını artırmağı planlaşdırırıq".



