Mətin Kərimli: Peşə təhsilinə karyerasını genişləndirmək istəyənlər də üstünlük verirlər
“Peşə təhsili bütün dünyada olduğu kimi, Azərbaycanda da müasir dövrün tələblərinə uyğun, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli səsləndirib.
O bildirib ki, inkişaf etmiş ölkələrdə peşə təhsili məsələləri üstünlük təşkil edir:
"Çünki peşə təhsili insanlara yalnız peşə öyrətmir, peşə təhsili sosial lift rolunu oynayır, gənclərə perspektiv, gələcək verən bir istiqamətdir. Sevindirici haldır ki, hazırda bizim peşə təhsili müəssisələrinə yalnız orta məktəbi bitirən məzunlar deyil, həm də karyerasının əvvəlində və ortasında olan, öz karyera istiqamətini genişləndirmək istəyən vətəndaşlarımız da üstünlük verirlər. Bütün bunları nəzərə alaraq, müxtəlif yaş qruplarından olan insanların ehtiyaclarına cavab vermək, eyni zamanda demoqrafik dəyişikliklərdən irəli gələn tələblərə uyğunlaşmaq üçün peşə təhsili daha çevik, daha innovativ həllər təqdim etməlidir".
Mətin Kərimli əlavə edib ki, ölkəmizin müxtəlif bölgələrində müasir tələblərə cavab verən, müasir təhsil proqramları əsasında fəaliyyət göstərən peşə təhsili müəssisələri yenidən qurulub, istifadəyə verilib və bunun sayəsində tələbə qəbulu iki dəfə artıb:
"Bilirsiniz ki, peşə təhsili ölkəmizin müxtəlif strateji sənədlərində əks olunub — həm 2022–2026-cı illərə aid sosial-iqtisadi inkişaf strategiyasında, həm “Böyük Qayıdış” proqramında, həm də digər vacib sənədlərimizdə peşə təhsilinin əhəmiyyəti vurğulanıb və bu sahə ilə bağlı konkret tədbirlər nəzərdə tutulub.
Bu strateji sənədlərdəki hədəflərə uyğun olaraq, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı əsasında peşə təhsili sahəsində bir sıra vacib addımlar atılıb. Ölkəmizin müxtəlif bölgələrində müasir tələblərə cavab verən, müasir təhsil proqramları əsasında fəaliyyət göstərən peşə təhsili müəssisələri yenidən qurulub, istifadəyə verilib və bunun sayəsində tələbə qəbulu iki dəfə artıb”.



