Peşə və kollec təhsilinin də müddəti dəyişə bilərmi?

18 Sentyabr, 2026 - 10:44
Peşə və kollec təhsilinin də müddəti dəyişə bilərmi?

Ali təhsilin bəzi ixtisaslar üzrə 4 ildən 3 ilə endirilməsi ilə bağlı müzakirələr təhsil sistemində yeni yanaşmaların tətbiqi məsələsini gündəmə gətirib. Tədris müddətinin azaldılması ilə bağlı təkliflər digər təhsil pillələrində, o cümlədən peşə və orta ixtisas təhsilində də tədris müddətinin optimallaşdırılması məsələsini aktuallaşdıra bilər. 

Ali təhsildə tədris müddəti azaldılarsa, bu, digər təhsil pillələrinə necə təsir göstərə bilər? 

“Məsələ bütün ixtisasları eyni qəlibə salmaq deyil, hər ixtisasın real tədris yükünü və nəticəsini ölçməkdir”

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova qeyd edib ki, burada söhbət ilk növbədə təhsil proqramlarının məzmunundan, əmək bazarının tələblərindən, tələbənin universitetdə keçirdiyi vaxtın səmərəliliyindən və ən əsası, məzunun qazandığı bilik və bacarıqların keyfiyyətindən gedir:

“Elm və təhsil naziri Emin Əmrullayevin açıqlamasında mühüm məqam məhz budur: təhsil müddətinin bütün ixtisaslar üzrə avtomatik şəkildə dörd ildən üç ilə endirilməsi təklif olunmur. Nazir bəzi dördillik ixtisasların üçillik ola biləcəyini, bunun isə həmin ixtisasın xüsusiyyətləri və mütəxəssislərin rəyi nəzərə alınmaqla müəyyənləşdirilməli olduğunu bildirib. O, ayrı-ayrı sahələrdə təhsil müddətinin fərqli olmasının onsuz da mövcud olduğunu nümunələrlə göstərib. Bu yanaşma əslində çox vacib bir prinsipə söykənir: təhsil müddəti məqsəd deyil, keyfiyyətli mütəxəssis hazırlamaq üçün vasitədir. Əgər konkret ixtisasın tədris proqramında nəzərdə tutulan bilik, bacarıq və kompetensiyalar üç ildə tam şəkildə mənimsənilə bilirsə, həmin proqramın dörd il davam etməsi nə tələbə, nə də əmək bazarı baxımından mütləq üstünlük yaratmır.

Hazırda Azərbaycanda bakalavriat üzrə normativ təhsil müddəti ixtisasdan asılı olaraq 4-5 il, tibb təhsilində isə daha uzun müddətdir və kredit yükü də proqramlara görə dəyişir. Yəni sistemin özündə artıq vahid müddət prinsipi yoxdur. Deməli, növbəti mərhələdə müzakirə edilən məsələ də bütün ixtisasları eyni qəlibə salmaq deyil, hər ixtisasın real tədris yükünü və nəticəsini ölçməkdir.

Məsələn, sürətlə dəyişən texnologiyalarla bağlı bəzi sahələrdə universitet proqramının daha çevik qurulması məntiqli ola bilər. Tələbə üç il ərzində zəruri nəzəri baza, praktik hazırlıq və əmək bazarında tələb olunan kompetensiyaları əldə edə bilirsə, əlavə bir ilin yalnız təqvim naminə saxlanılmasının nə qədər səmərəli olduğu sual doğurur. Digər tərəfdən, tibb kimi böyük həcmdə nəzəri və praktiki hazırlıq tələb edən sahələrdə eyni mexanizmin tətbiqi mümkün deyil. Nazir də məhz bu fərqləndirməyə diqqət çəkib”.

“Eyni bilik ikinci dəfə öyrədilməsin”

Deputat qeyd edib ki, buradan çox mühüm başqa bir nəticə çıxır:

“Əgər ali təhsildə ixtisasların müddəti onların məzmununa uyğunlaşdırılırsa, eyni yanaşma peşə və orta ixtisas təhsilində də gələcəkdə müzakirə edilə bilər. Amma bu, “hamının təhsil müddətini azaldaq” yanaşması olmamalıdır.

Çünki Azərbaycan qanunvericiliyində təhsil pillələri arasında varislik və qarşılıqlı əlaqə prinsipi artıq müəyyən edilib. “Təhsil haqqında” Qanuna əsasən, ümumi təhsildən sonra ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil pillələri gəlir və əvvəlki pillədə əldə olunan nailiyyətlərin növbəti pillədə nəzərə alınması nəzərdə tutulur. Bu, gələcək islahatlar üçün çox mühüm hüquqi bazadır.

Məsələn, orta ixtisas təhsilində əyani təhsilin normativ müddəti qəbul bazasından və ixtisasdan asılı olaraq 2-4 il arasında dəyişir. Subbakalavrların topladıqları kreditlərin uyğun ali təhsil proqramlarında nəzərə alınması da mümkündür. Deməli, burada da gələcəkdə “eyni bilik ikinci dəfə öyrədilməsin” prinsipinə daha çox diqqət yetirmək olar.

Peşə təhsilində isə müddətlər artıq ixtisas və qəbul bazasına görə ciddi şəkildə fərqlənir: bəzi ilk peşə proqramları 6 ay, bəziləri 1 il, texniki və yüksək texniki peşə proqramları isə daha uzun müddət davam edir. Qanun iş təcrübəsi olan şəxslər üçün altı ayadək yenidən hazırlanma və ixtisasartırma imkanlarını da nəzərdə tutur. 

Ona görə hesab edirəm ki, Milli Məclisdə gələcəkdə belə bir məsələ qaldırılsa, sual “təhsili neçə il edək?” formasında deyil, “bu ixtisas üzrə mütəxəssisə lazım olan bilik və bacarıqları hansı müddətdə, hansı keyfiyyətlə və hansı nəticə ilə verə bilərik?” formasında qoyulmalıdır. Bu, daha sağlam yanaşmadır”.

“Müddətin qısaldılması təhsilin zəifləməsi kimi qəbul edilməməlidir”

E.Akimova qeyd edib ki, müasir əmək bazarında diplomun üzərində yazılan təhsil müddətindən daha çox məzunun nəyi bacardığı əhəmiyyət daşıyır:

“İşəgötürən üçün 3 və ya 4 il oxuyan, praktik bacarıqları yüksək olan məzunlar arasında hansı prinsipial fərqin yarandığı sualı ortaya çıxır. Əgər proqram düzgün qurulubsa, kreditlər optimallaşdırılıbsa, praktik hazırlıq gücləndirilibsə və keyfiyyət təminatı qorunursa, müddətin qısaldılması təhsilin zəifləməsi kimi qəbul edilməməlidir.

Əksinə, tələbə üçün bu, bir il daha tez əmək bazarına daxil olmaq, daha tez gəlir əldə etmək, peşəkar fəaliyyətə başlamaq və sonrakı ixtisaslaşmaya vaxt ayırmaq imkanı yarada bilər. Ailə üçün təhsil xərclərinin, dövlət üçün müəyyən maliyyə yükünün azalması da əlavə nəticələr sırasında ola bilər. 2026-cı ildə peşə və orta ixtisas təhsilinə 199,7 milyon manat, ali təhsilin maliyyələşdirilməsinə isə 828,5 milyon manat vəsait nəzərdə tutulduğu göstərilir. 

Lakin burada bir “amma”nı xüsusilə vurğulamaq lazımdır: müddəti azaltmaq üçün əvvəlcə məzmunu yeniləmək lazımdır. Tədris proqramı dəyişmədən dörd illik proqramın sadəcə üç ilə sıxışdırılması tələbəyə əlavə yük gətirə, tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər. Əksinə, lazımsız təkrarlar aradan qaldırılır, kredit yükü düzgün bölüşdürülür, praktik hazırlıq artırılır və rəqəmsal tədris imkanlarından istifadə edilirsə, üçillik model ayrı-ayrı ixtisaslar üçün daha çevik sistem yarada bilər.

“Peşə və orta ixtisas təhsilində də eyni prinsip tətbiq edilə bilər”

Deputat hesab edir ki, peşə və orta ixtisas təhsilində də eyni prinsip tətbiq edilə bilər. Lakin burada məqsəd “hamının müddətini azaltmaq” yox, əmək bazarının konkret ehtiyacına uyğun çevik proqramlar yaratmaq olmalıdır. Bir peşə üçün altı ay kifayət edə bilər, başqa bir texniki ixtisas üçün iki-üç il tələb oluna bilər. Eyni qayda orta ixtisas və ali təhsil üçün də keçərlidir.

Hətta gələcəkdə “3+1”, “2+2”, modul əsaslı və kreditlərin bir pillədən digərinə daha rahat daşındığı modellərin müzakirəsi mümkündür. Tələbə bir pillədə qazandığı kompetensiyanı növbəti pillədə yenidən keçməməli, həmin bilik tanınmalıdır. Beləliklə, təhsil sistemi pillələrə bölünmüş ayrı-ayrı adalar deyil, bir-birini tamamlayan vahid karyera yolu kimi formalaşmalıdır”.

Müsahibimiz qeyd edib ki, məhz bu baxımdan diqqət çəkən əsas məqam müddətin mexaniki şəkildə azaldılması yox, ixtisasların öz xüsusiyyətlərinə uyğun fərqli modellərin tətbiq edilməsinin mümkünlüyüdür:

“Nazir də açıq şəkildə bunun bütün ixtisaslara şamil edilməsinin müzakirə olunmadığını bildirib. 

Milli Məclisdə bu mövzunun davam etdirilməsi də faydalı ola bilər. Amma müzakirənin mərkəzində “bir ili necə ixtisar edək?” sualı deyil, “bir ili ixtisar etməklə tələbəyə, ailəyə, dövlətə və əmək bazarına nə qazandırırıq, hansı halda isə nə itirə bilərik?” sualı dayanmalıdır.

Təhsildə islahatın ölçüsü təqvim deyil, nəticədir. Üç il ərzində dörd ilin nəticəsini verən proqram uğurlu model ola bilər. Dörd ili üç ilə sıxışdırıb keyfiyyəti aşağı salan proqram isə əksinə, islahat deyil. Buna görə də növbəti mərhələdə ali təhsil, orta ixtisas və peşə təhsili üzrə hər bir ixtisas ayrıca təhlil edilməli, qərarlar mütəxəssis rəyi, əmək bazarının tələbi, kredit yükü, praktik hazırlıq və məzunların nəticələri əsasında qəbul edilməlidir”.

“Üçillik proqram dördillik proqramın sıxışdırılmış versiyası yox, yenidən hazırlanmış proqram olmalıdır”

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil mütəxəssisi Əlmusa Ataməliyev bildirib ki, ali təhsilin ayrı-ayrı ixtisaslar üzrə 4 ildən 3 ilə endirilməsi məsələsinə yalnız “bir ili azaltmaq” kimi baxmaq düzgün deyil:

“Əslində bu, Azərbaycanın bütövlükdə təhsil sisteminin necə qurulması ilə bağlı daha böyük bir sualı gündəmə gətirir: Biz insanı əmək bazarına hansı yaşda və hansı bacarıqlarla çıxarmalıyıq?
Mənim fikrimcə, bu model düzgün qurularsa, müsbət nəticə verə bilər. Amma sadəcə proqramdan fənlərin, saatların və ya semestrlərin mexaniki şəkildə çıxarılması formasında həyata keçirilsə, bunun əks nəticəsi də ola bilər.
Əsas prinsip belə olmalıdır: təhsil müddəti yox, təhsilin nəticəsi əsas götürülməlidir.
Müasir əmək bazarında elə ixtisaslar var ki, tələbənin həmin sahədə fundamental hazırlıq əldə etməsi üçün dörd tam akademik il mütləq şərt olmaya bilər. Xüsusilə praktik yönümlü, texnologiyanın sürətlə dəyişdiyi və biliklərin böyük hissəsinin iş prosesində də əldə oluna bildiyi bəzi sahələrdə üçillik bakalavr modeli kifayət qədər məntiqli ola bilər. Amma burada bir təhlükə var: “üç il” rəqəmini məqsədə çevirmək.
Əgər universitetlərə deyilsə ki, “dörd il çoxdur, üç ilə salın”, amma həmin dörd ildə öyrədilən məzmun, praktika, laboratoriya, tədqiqat və digər komponentlər dəyişdirilməsin, onda tələbənin üzərinə daha böyük akademik yük düşəcək və nəticədə keyfiyyət aşağı düşə bilər. Ona görə üçillik proqram əslində dördillik proqramın sıxışdırılmış versiyası yox, yenidən hazırlanmış proqram olmalıdır. Məsələn, ümumi təhsil fənlərinin bir hissəsi daha çevik formada təşkil oluna, təkrar məzmunlar aradan qaldırıla,  istehsalat və real layihə təcrübəsi isə proqramın daha erkən mərhələsinə keçirilə bilər”.

“Bəzi peşə proqramlarının müddətinin daha qısa edilməsi mümkündür”

Bəs orta ixtisas və peşə təhsilində də proqramları daha çevik və daha qısa etmək mümkündürmü?

Ə.Ataməliyev vurğulayıb ki, peşə təhsilinin əsas üstünlüyü ondan ibarətdir ki, insanı konkret peşə üzrə əmək fəaliyyətinə hazırlayır:

“Bu baxımdan bəzi peşələr üzrə proqramların daha qısa müddətdə təşkil edilməsi tamamilə mümkündür. Xüsusilə müəyyən bacarıqların sürətlə mənimsənildiyi sahələrdə modul əsaslı yanaşma tətbiq etmək olar. Məsələn, insan bir peşəyə daxil olur, müəyyən modulu tamamlayır, sertifikat əldə edir və əmək bazarına çıxır. Daha sonra istəyərsə, növbəti modulu keçərək ixtisasını genişləndirir. Bu, klassik “iki il oxudun, sonra diplom aldın” modelindən daha çevik sistemdir. Azərbaycanda peşə təhsilinin son illərdə genişləndirilməsi və yeni ixtisasların əlavə olunması da əmək bazarının tələblərinə uyğunlaşma prosesinin getdiyini göstərir. 2026–2027-ci tədris ili üçün peşə təhsili müəssisələrinə qəbul prosesi də geniş şəkildə həyata keçirilir.
Məncə, gələcəkdə peşə təhsilində əsas prinsip belə ola bilər:

“Bir peşə – bir uzunmüddətli proqram” əvəzinə “bir peşə – müxtəlif səviyyələrdən ibarət modul sistemi”. Bu, həm işəgötürən, həm tələbə, həm də dövlət üçün daha çevik modeldir”.

“Müddət üç ilə endirilərsə, orta ixtisas və ali təhsilin sərhədlərinin daha dəqiq müəyyənləşdirilməsinə ehtiyac yaranacaq”

Müsahibimizin sözlərinə görə, orta ixtisas təhsilinin rolunu da ayrıca nəzərdən keçirmək lazımdır:

“Bu pillə bir tərəfdən əmək bazarına praktik kadr hazırlamalı, digər tərəfdən isə ali təhsilə keçid imkanlarını qoruyub saxlamalıdır. Əgər bakalavr proqramları müəyyən ixtisaslar üzrə üç ilə endirilərsə, orta ixtisas təhsili ilə ali təhsil arasında sərhədlərin və keçid mexanizmlərinin daha dəqiq müəyyənləşdirilməsinə ehtiyac yaranacaq. Məsələn, tələbə orta ixtisas təhsilində qazandığı kreditlərin müəyyən hissəsini bakalavr səviyyəsində tanıda bilirsə, o zaman təhsilin ümumi müddəti onsuz da qısalır. Bu halda insanın eyni məzmunu iki dəfə öyrənməsinin qarşısı alınır.

Tələbə bir pillədə nə öyrənibsə, növbəti pilləyə keçəndə həmin biliklərin tanınması və yenidən eyni fənləri oxumaması təmin edilməlidir. Əsl islahat təhsil müddətini yox, “təhsildə itirilən vaxtı” azaltmaqdır. Bəzən tələbə universitetdə dörd il oxuyur, amma həmin dörd ilin hamısı effektiv təhsil müddəti olmur.
Təkrar fənlər, məzmunu köhnəlmiş proqramlar, nəzəriyyə ilə praktikanın zəif əlaqəsi, real layihələrin azlığı və tələbənin əmək bazarı ilə gec tanış olması ciddi vaxt itkisinə səbəb ola bilər”.

“Peşə təhsilində müddətdən daha vacib bir dəyişiklik lazımdır”

Ə.Ataməliyev mühəndislik, tibb, müəllimlik, hüquq, memarlıq kimi sahələrin hamısına eyni müddət standartının tətbiqinin tərəfdarı deyil:

“Çünki ixtisasların kompetensiya strukturu tamamilə fərqlidir. Bir ixtisasda əsas məsələ nəzəri hazırlıqdır, digərində laboratoriya və klinik praktika, digərində istehsalat təcrübəsi, digərində isə uzunmüddətli pedaqoji hazırlıq. Ona görə gələcəkdə Azərbaycanda “bütün bakalavrlar üç il olacaq” yanaşmasından daha çox “ixtisasa görə optimal təhsil müddəti” modelinə keçid daha düzgün olar. Bu, dünya təcrübəsinə uyğun daha çevik yanaşmadır. Məncə, peşə təhsilində müddətdən daha vacib bir dəyişiklik lazımdır. Peşə təhsilində əsas hədəf insanların daha tez məzun olması deyil. Əsas hədəf odur ki, insan daha tez real iş bacarığı qazansın. Bu ikisi eyni şey deyil. Tələbə iki il oxuyub işə hazır deyilsə, həmin iki ilin heç bir əhəmiyyəti yoxdur. Amma bir il ərzində keyfiyyətli nəzəri baza, real istehsalat təcrübəsi və işəgötürənin tələb etdiyi konkret bacarıqlar verilibsə, birillik proqram belə müəyyən peşələr üçün məntiqli ola bilər. Burada “mikrokvalifikasiya”, modul təhsil, qısamüddətli ixtisasartırma, peşə sertifikatları və sonradan həmin kreditlərin daha yüksək təhsil pilləsində tanınması kimi mexanizmlər çox əhəmiyyətli olacaq”.

“Üstünlüklərlə yanaşı, risklər də var”

Həmsöhbətimizin fikrincə, Azərbaycanın gələcək təhsil sistemi belə görünməlidir:

“İnsan 18 yaşında peşə təhsilini seçirsə, bu o demək deyil ki, ömrünün sonuna qədər yalnız həmin səviyyədə qalmalıdır. O, sonradan əlavə təhsil alıb bakalavr səviyyəsinə keçə bilməlidir. Eyni şəkildə, universitet məzunu da həyatının müəyyən mərhələsində yeni bir peşə öyrənmək üçün peşə təhsilinə müraciət edə bilməlidir. Bu zaman təhsil “bir dəfə oxu və bitir” modeli olmaqdan çıxıb ömürboyu davam edən sistemə çevrilir.

Amma burada təhsil müddətinin azaldılmasının sosial və iqtisadi üstünlükləri ilə yanaşı, riskləri də var. Əgər müddət azalır, amma keyfiyyət təminatı sistemi eyni səviyyədə qalırsa, biz sadəcə daha tez məzun olan, lakin daha zəif hazırlıqlı insanlar yetişdirə bilərik. Bu isə xüsusilə əmək bazarında diplomların dəyərinə mənfi təsir göstərə bilər.

Ona görə üçillik bakalavr modelinə keçid olarsa, paralel olaraq kurikulumlar yenilənməli, təkrar və formal fənlər azaldılmalı, praktiki təlim, universitetlərdə keyfiyyət təminatı mexanizmləri gücləndirilməli, işəgötürənlərin proqramların hazırlanmasında iştirakı artırılmalı, kreditlərin tanınması və transferi asanlaşdırılmalı, məzunun hansı kompetensiyalara sahib olduğunu ölçən qiymətləndirmə sistemi qurulmalıdır. Əks halda “3 il” sadəcə kağız üzərindəki rəqəm olacaq”.

“Peşə və orta ixtisas təhsilində də müəyyən proqramların müddətinin azaldılması real gündəmə çevrilə bilər”

Əlmusa Ataməliyev sonda bildirib ki, ali təhsildə bəzi ixtisasların üçillik olması ideyasını mümkün və perspektivli islahat hesab edir:

“Amma bunun bütün ixtisaslara avtomatik tətbiq edilməsini doğru hesab etmirəm. Daha da vacibi, bu addım digər təhsil pillələrində də islahat üçün bir siqnal ola bilər. Peşə və orta ixtisas təhsilində müəyyən proqramların müddətinin azaldılması, modullaşdırılması və daha çevik formaya keçirilməsi gələcəkdə tamamilə real gündəmə çevrilə bilər. Amma mən burada bir prinsipin qorunmasını vacib hesab edirəm. Təhsili qısaltmaq” ilə “təhsildə səmərəliliyi artırmaq” eyni şey deyil. Biz ikinciyə nail olsaq, birincisi onsuz da nəticə kimi ortaya çıxacaq. Mən hətta hesab edirəm ki, uzunmüddətli perspektivdə Azərbaycanın təhsil sistemində əsas sual “Bu ixtisas neçə il olmalıdır?” yox, “Bu ixtisas üzrə məzun hansı nəticəni göstərməlidir və həmin nəticəyə ən optimal hansı müddətdə çatmaq mümkündür?” sualı olacaq. Bu yanaşma tətbiq edilərsə, üçillik bakalavr məsələsi təkcə universitetlər üçün dəyişiklik olmayacaq. O, peşə təhsili, orta ixtisas, bakalavr və magistratura arasında daha çevik keçidlərin qurulmasına, kreditlərin tanınmasına və bütövlükdə Azərbaycanda daha çevik, əmək bazarına uyğun və ömürboyu öyrənmə modelinin formalaşmasına təkan verə bilər”.