PISA 2025 Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyət daşıyır -Ənvər Abbasov

10 Sentyabr, 2026 - 14:10
PISA 2025 Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyət daşıyır -Ənvər Abbasov

Azərbaycan təhsilinin beynəlxalq qiymətləndirmədəki göstəriciləri yalnız rəqəmlərdən ibarət deyil. Bu rəqəmlərin arxasında məktəblər, müəllimlər, şagirdlər və son illərdə həyata keçirilən təhsil islahatlarının nəticələri dayanır. PISA 2025-in nəticələri isə Azərbaycanın təhsil sistemi üçün həm ciddi irəliləyişin, həm də qarşıda görüləsi işlərin göstəricisi kimi diqqət çəkir. Riyaziyyatda 63, təbiət elmlərində 60, oxuda isə 40 ballıq artım ölkənin əvvəlki nəticələri ilə müqayisədə nəzərəçarpacaq dinamika nümayiş etdirdiyini göstərir.
Bəs bu rəqəmlər təhsil prosesinin içində olanlar üçün nə deyir? PISA nəticələrindəki dinamikanı məktəb mühiti, müəllim əməyinin rolu və şagirdlərin inkişafı baxımından necə dəyərləndirmək olar? 

“Nəticələr ölkənin təhsil mənzərəsini daha geniş şəkildə əks etdirməsinə imkan verir”
 
Bununla bağlı fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşən Bakı Slavyan Universitetində rektorun məsləhətcisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov PISA 2025 nəticələrinin təqdimatını ölkəmizin təhsil sistemi baxımından mühüm hadisə kimi qiymətləndirir, əldə olunan göstəricilərin yalnız uğur kimi deyil, gələcək təhsil siyasətinin istiqamətlərini müəyyənləşdirən mühüm diaqnostik vasitə kimi nəzərdən keçirilməsinin vacibliyini vurğulayır:“Hec şübhəsiz, PISA 2025 Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyət daşıyan bir təhsil hadisəsidir. Əvvəlki PISA tədqiqatlarından fərqli olaraq, 2025-ci ildə Azərbaycan ilk dəfə bu tədbirdə ölkə üzrə genişmiqyaslı şəkildə iştirak etmişdir. Əvvəlki qiymətləndirmələr, əsasən, Bakı şəhərini əhatə etdiyi halda, PISA 2025-də Azərbaycanın müxtəlif iqtisadi rayonlarında yerləşən şəhər və kənd məktəbləri də tədqiqata cəlb olunmuşdur. Bu isə nəticələrin ölkənin təhsil mənzərəsini daha geniş şəkildə əks etdirməsinə imkan verir”.

Ənvər müəllimin sözlərinə görə, PISA 2025 nəticələri Azərbaycanın ötən illərdəki qiymətləndirmələrlə müqayisədə əhəmiyyətli irəliləyiş əldə etdiyini göstərir: “Azərbaycan hər üç istiqamətdə – riyaziyyat, təbiət elmləri və oxu üzrə əvvəlki nəticələrinə nisbətən ciddi artım nümayiş etdirmişdir. Riyaziyyat üzrə nəticə 63 bal, təbiət elmləri üzrə 60 bal, oxu üzrə isə 40 bal yüksəlmişdir. Azərbaycan bu göstəricilərlə PISA 2025-də ən böyük irəliləyiş nümayiş etdirən ölkələr sırasında ikinci yeri tutmuşdur. Xüsusilə təbiət elmləri üzrə 60 ballıq yüksəliş diqqəti cəlb edir. Bu nəticə təkcə statistik artım kimi deyil, təhsildə müəyyən keyfiyyət dəyişikliklərinin baş verdiyini göstərən mühüm göstərici kimi qiymətləndirilə bilər. OECD-nin məlumatına görə, Azərbaycanın 2025-ci ildə təbiət elmləri üzrə orta nəticəsi 409 bal təşkil edib.Bununla yanaşı, nəticələr göstərir ki, Azərbaycan qarşısında hələ də ciddi inkişaf imkanları qalmaqdadır. Belə ki, şagirdlərin yalnız 48 faizi təbiət elmləri üzrə ən azı 2-ci səviyyəyə çatmış, OECD üzrə bu göstərici 74 faiz təşkil edir”.


“Beynəlxalq qiymətləndirmə təhsil sisteminin inkişafı üçün analitik vasitədir”

Əməkdar müəllim deyir ki, PISA 2025 Azərbaycan üçün həm uğurun, həm də inkişaf perspektivlərinin göstəricisidir. Əldə olunan yüksək dinamika son illərdə həyata keçirilən təhsil islahatlarının müəyyən nəticələr verdiyini göstərir: “Lakin PISA nəticələrinin əsl dəyəri yalnız “nə qədər bal topladıq?” sualına cavab verilməsində deyil.Daha mühüm məsələ “bu nəticələr bizə təhsil sistemimizi bundan sonra necə inkişaf etdirməli olduğumuz barədə  nə deyir?” sualına cavab tapmaqdır. Elm və təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, PISA nəticələri təhsil siyasətinin formalaşdırılması və həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsi baxımından mühüm göstəricidir. Təhsil siyasəti yalnız rəqəmlərə və statistik göstəricilərə əsaslanmamalı, müəyyən prinsiplər və qaydalar üzərində qurulmalıdır.Bu yanaşma olduqca əhəmiyyətlidir.Çünki beynəlxalq qiymətləndirmənin nəticəsi son məqsəd deyil, təhsil sisteminin inkişafı üçün analitik vasitədir.Azərbaycanın PISA 2025-də əldə etdiyi ən mühüm inkişafyönümlü nəticə bundan ibarətdir ki, ölkəmiz təhsil sistemində dəyişiklik və irəliləyiş imkanlarının real olduğunu nümayiş etdirmişdir”.

Ənvər Abbasovun fikrincə indi isə əsas vəzifə bu müsbət dinamikanı davamlı xarakterə çevirmək, əldə olunan nəticələrin arxasında dayanan amilləri elmi şəkildə araşdırmaq və səmərəli təcrübələri ölkənin bütün regionlarında daha da genişləndirməkdən ibarətdir. Bununla yanaşı, aşağı nəticə göstərən şagirdlərin xüsusi dəstəklənməsi, müəllimlərin peşəkar inkişafının gücləndirilməsi, təlimin daha çox tətbiq, problem həlli, tənqidi düşünmə və səriştələrin inkişafına istiqamətləndirilməsi xüsusi diqqət tələb edir: “Nəticə olaraq onu demək olar ki, PISA 2025 Azərbaycanın təhsil sistemi üçün yalnız beynəlxalq reytinq məsələsi deyil, daha geniş mənada inkişaf üçün güclü diaqnostik imkan yaradır. Əldə olunan 63 ballıq riyaziyyat, 60 ballıq təbiət elmləri və 40 ballıq oxu artımı Azərbaycan təhsilinin müsbət istiqamətdə dəyişmək potensialını göstərir. Bu uğurun davamlı olması isə nəticələrin sadəcə qeyd edilməsindən deyil, onların dərin elmi təhlilindən, uğurlu amillərin müəyyənləşdirilməsindən və növbəti təhsil siyasətlərinin həmin sübutlar əsasında qurulmasından asılıdır. Bu mənada PISA 2025 Azərbaycanın təhsil inkişafında həm mühüm nəticə, həm də yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.