PISA 2025: Təhsildə qlobal geriləmənin səbəbi nədir?

9 Sentyabr, 2026 - 12:21
PISA 2025: Təhsildə qlobal geriləmənin səbəbi nədir?

Sentyabrın 8-də açıqlanan PISA 2025 tədqiqatının nəticələri bütün dünyada oxu və riyaziyyat üzrə şagird nailiyyətlərinin kəskin şəkildə aşağı düşdüyünü göstərir. Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı, daha çox PISA adı ilə tanınan, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını real həyat situasiyalarında nə dərəcədə tətbiq edə bildiklərini ölçən qlobal tədqiqatdır. Test şagirdlərin əzbərlədikləri məktəb məlumatlarını yox, problemləri həll etmək bacarıqlarını ölçmək məqsədi daşıyır. Bu səbəbdən şagirdlər testə hazırlaşmaq üçün ənənəvi mənada təkrar edə bilmirlər. PISA 2025-in əsas nəticələrində əvvəlki dövrlərdən fərqli olaraq hesablama əsaslı problem həlli də qiymətləndirməyə daxil edilib.

PISA 2025-də 91 ölkə və iqtisadiyyatdan 760 mindən çox 15 yaşlı şagird iştirak edib. Sentyabrın 8-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) quruma daxil olan daxil olan 38 inkişaf etmiş, yüksək gəlirli ölkədən ibarət beynəlxalq qrupun orta göstəricisini də təqdim edib.  

OECD-nin baş katibi Matias Kormannın giriş çıxışından sonra təşkilatın Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer PISA 2025 tədqiqatının nəticələrinə dair təqdimat edib.

Şagird nailiyyətlərində geriləmə tendensiyası

Tədqiqata əsasən, 2015–2025-ci illər arasında ən ciddi geriləmə oxu bacarıqlarında qeydə alınıb. OECD ölkələrində nəticələr orta hesabla 28, digər iştirakçı ölkə və iqtisadiyyatlarda isə 16 bal aşağı düşüb. Riyaziyyat üzrə nəticələr OECD ölkələrində orta hesabla 22, dünyanın digər ölkələrində isə 8 bal azalıb.
2025-ci il PISA qiymətləndirməsinin əsas istiqaməti olan təbiət elmləri üzrə OECD ölkələrində 7 ballıq geriləmə müşahidə olunub. Digər ölkə və iqtisadiyyatlarda isə nəticələr ümumilikdə sabit qalıb. OECD ölkələrində şagirdlərin demək olar ki, üçdə biri “aşağı nəticə göstərənlər” hesab olunur. 
Son PISA tədqiqatı göstərir ki, OECD ölkələrində 15 yaşlı şagirdlərin təxminən 29 faizi hər üç fənn üzrə “aşağı nəticə göstərənlər” kateqoriyasına düşüb.

Bu nə deməkdir?

Şagirdlər təbiət elmləri üzrə sadə məlumatları şərh etməkdə və ya qrafiki oxuyub başa düşməkdə, oxu sahəsində sadə mətnlərdə lazım olan məlumatı tapmaqda çətinlik çəkirlər. Riyaziyyatda isə, məsələn, ölçü vahidləri ilə qiymət arasındakı əlaqəni başa düşməyə bilərlər, halbuki bunlar ərzaq alış-verişi kimi gündəlik həyat üçün zəruri olan ən elementar bacarıqlardır. Qlobal oxu nəticələrinin geriləməsi daha çox narahatlıq doğurur
OECD üzrə oxu nəticələri orta hesabla 25 bal aşağı düşüb.

Tədqiqatda qeyd olunur ki, 20 bal təxminən bir illik təhsil müddətində əldə edilən öyrənmə səviyyəsinə bərabərdir. Bu isə o deməkdir ki, 15 yaşlı şagirdlərin əksəriyyəti adətən 14 yaşlılardan gözlənilən səviyyədə nəticə göstərib. OECD ölkələri arasında ən kəskin geriləmə İslandiya və Sloveniyada qeydə alınıb: nəticələr 50 baldan çox aşağı düşüb. Oxu nəticələri yalnız beş ölkədə yaxşılaşıb: Qətər (+11 bal), Bruney-Darüssalam (+18), Kamboca (+26), Filippin (+27) və Zambiya (+50). Bu təhsil sistemləri hələ də OECD orta göstəricisindən aşağı olsa da, tədqiqatda onların dünyada baş verən ümumi geriləməyə baxmayaraq, ölçülə bilən irəliləyiş əldə etdiklərinə görə təqdirə layiq olduqları qeyd edilir.

Ən maraqlı nəticə: Finlandiya paradoksu

Tədqiqatın nəticələrinə əsasən, bir vaxtlar dünyanın təhsil modeli kimi təqdim olunan Finlandiya PISA 2025-də artıq Şərqi Asiya liderləri ilə eyni səviyyədə deyil. Riyaziyyatda 469 balla OECD ortalamasına (463) yaxınlaşıb; oxuda isə 474 balla OECD ortalamasından cəmi 13 bal yuxarıdır. PISA 2025 hesabatında Finlandiyanın riyaziyyat göstəricisinin 469 olduğu göstərilir.

Bunun əksinə, Yaponiya, Koreya və Estoniya üç əsas sahənin hamısında çox yüksək nəticə göstərirlər. OECD də PISA 2025-in ümumi mənzərəsində B-S-J-Z (Çin) və Sinqapuru ən yüksək nəticə göstərən iki sistem kimi qeyd edir; Estoniya, Yaponiya, Koreya, Makao, Çin Taypeyi və Böyük Britaniya isə hər üç əsas sahədə ilk onluqda yer alan sistemlərdir.

Sinqapurun xüsusi fenomeni

Sinqapur 2022-ci ildə hər üç sahədə birinci idisə, 2025-də də ən üst qrupda qalır: oxuda 1-ci, riyaziyyat və təbiət elmlərində 2-ci. Çin riyaziyyat və elmdə onu qabaqlayıb. Sinqapur həmçinin üç sahənin hamısında yüksək nəticə göstərən şagirdlərin payına görə birincidir, belə “akademik hərtərəfli” şagirdlər iştirakçıların təxminən 15%-ni təşkil edir.

Almaniyada bütün məktəblər eyni səviyyədə deyil

Bəzi ölkələrdə, məsələn, İslandiya, Kamboca və Finlandiyada məktəblər arasında nəticə fərqləri çox azdır. Burada şagird nailiyyətlərində məktəblərarası fərq ümumi dəyişkənliyin 10 faizindən də azını təşkil edir. Lakin Almaniyanın da aralarında  olduğu 10 ölkədə məktəblər arasındakı fərqlər nəticələrdəki ümumi dəyişkənliyin ən azı 50 faizini təşkil edir. Tədqiqatda qeyd olunur ki, bu ölkələrin təhsil sistemlərində, ehtimal ki, daha yüksək nəticə göstərən şagirdlər üçün ayrıca məktəblər mövcuddur və nəticədə nisbətən çox sayda aşağı nəticə göstərən şagird digər təhsil müəssisələrində cəmlənir.
PISA tədqiqatının təqdimatında müəlliflər bunun ciddi qəbul edilməli problem olduğunu bildirirlər: “Belə akademik seqmentləşmə sosial mənşə ilə üst-üstə düşdükdə bərabərsizlikləri daha da gücləndirə bilər. Bu isə bütövlükdə təhsil sistemi üzrə ardıcıl öyrənmə nəticələrini təmin etmədən ayrı-ayrı yüksək nailiyyət adacıqlarının yaranmasına gətirib çıxara bilər”.

PISA şokundan PISA böhranına

2000-ci ildə ilk PISA nəticələri açıqlananda Almaniya ciddi şok yaşamışdı. Dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından birinin 15 yaşlıları beynəlxalq orta göstəricidən aşağı nəticə göstərmişdi.  Sonrakı illərdə Almaniya təhsil sistemində müəyyən islahatlar aparıldı. Lakin son nəticələr yenidən həyəcan siqnalı verir. 2022–2025-ci illər arasında Almaniyada oxu nəticələri 15 bal, riyaziyyat 11 bal, təbiət elmləri isə 7 bal aşağı düşüb. Oxu üzrə Almaniya OECD orta göstəricisindən yalnız cüzi üstünlüklə 23-cü yerdədir. Riyaziyyatda isə 26-cıdır və OECD orta göstəricisindən aşağıdır. Bu mənzərə göstərir ki, yüksək inkişaf etmiş ölkənin iqtisadi gücü avtomatik olaraq yüksək təhsil nəticələri yaratmır.

Oxu bacarıqlarına görə ilk altı yeri Asiya ölkələri tutur. Almaniya OECD orta göstəricisindən çətinliklə yuxarıda qalaraq 24-cü yerdədir. ABŞ 13-cü, Polşa 14-cü və Türkiyə 18-ci yerdədir.

Riyaziyyat üzrə Almaniya OECD orta göstəricisindən aşağıdadır və ABŞ-dan bir pillə yuxarıda, yəni 26-cı yerdədir. İlk yeddi yeri Asiya ölkələri tutur, ardınca isə 8-ci yerdə Estoniya gəlir.

Elm sahəsində Almaniya OECD orta göstəricisindən cəmi iki xal yuxarıdadır və 23-cü yerdədir. Türkiyə bu sahədə mühüm irəliləyiş əldə edərək, 2022-ci il tədqiqatından bəri 18 xal artımla hazırda 19-cu yerdədir.

Türkiyənin tarixi uğuru

OECD ölkələrinin orta balları hər üç sahədə azalsa da, Türkiyənin orta balı artıb. PISA 2025-də üç fərqli sahədə (oxu, riyaziyyat və təbiət elmləri)  OECD ölkələri arasında ən çox bal toplayan ölkə Türkiyədir.

Türkiyənin PISA tədqiqatına ilk dəfə qatıldığı 2003-cü illə müqayisədə, təhsil göstəriciləri dünya miqyasında və OECD-də əhəmiyyətli dərəcədə aşağı düşdüyü bir vaxtda, Türkiyə elm balını 60 bal artıraraq 2003-cü ildəki 434-dən 494-ə yüksəltdi. Türkiyə həmçinin oxu bacarıqları balını 31 bal artıraraq 2003-cü ildəki 441-dən 472-yə, riyaziyyat balını isə 39 bal artıraraq 423-dən 462-yə yüksəltdi və təhsildə tarixi bir uğur qazandı. Uzunmüddətli perspektivdə

Türkiyənin hər üç sahədə reytinqi 50 faizdən çox yaxşılaşıb.

Ümumilikdə bütün dünyada təhsil nəticələri niyə aşağı düşür?

Məlumatlar oxu bacarıqlarının geriləməsinin səbəbini izah edə bilmir. Lakin tədqiqat müəllifləri qeyd edirlər ki, COVID-19 pandemiyası ilə əlaqədar məktəblərin bağlanması amillərdən biri ola bilsə də, pandemiya dövründə məktəblərin nə qədər müddət bağlı qalması ilə şagirdlərin oxu üzrə nəticələri arasında birbaşa əlaqə yoxdur.

Tədqiqatda vurğulanır ki, bir çox ölkədə geriləmə tendensiyası pandemiyadan xeyli əvvəl başlamışdı. Bacarıqlarda uzunmüddətli geriləmə “təhsil sistemlərinin daxilində daha dərin struktur problemlərin, məktəb və sistem səviyyəsində mövcud çətinliklərin” olduğunu göstərir.

Bu çətinliklərə rəqəmsal vasitələrin şagirdlərin diqqətini yayındırmasının təsiri və kitab oxumağa marağın getdikcə azalması daxildir. Süni intellektin (AI) də öyrənmə prosesinə dərhal təsiri olub. PISA 2025 tədqiqatında şagirdlərdən məktəb tapşırıqlarında süni intellektdən istifadə edib-etmədikləri soruşulub. Şagirdlərin 40 faizindən çoxu yazı tapşırıqları üçün mətn hazırlamaq məqsədilə süni intellektdən həftədə bir-iki dəfə, yaxud hər gün istifadə etdiyini bildirib.

Süni intellekt çat-botlarından istifadə etdiyini bildirən şagirdlərin təbiət elmləri üzrə nəticələri orta hesabla AI-dan istifadə etməyən şagirdlərinkindən daha aşağı olub.

PISA 2025 tədqiqatının xülasəsində deyilir:

“Ümumilikdə, məlumatlar təhsil sistemlərinin sosial, texnoloji və iqtisadi dəyişikliklərə uyğunlaşma qabiliyyətində zəifliklərin olduğunu göstərir. Gələcəyə nəzər saldıqda, siyasətçilərin qarşısında duran vəzifə sadəcə itirilmiş mövqeləri bərpa etmək deyil, həm də məktəblərin sürətlə dəyişən dünyanın tələblərinə cavab verməsini təmin etməkdir. PISA-nın göstərdiyi kimi, bu, asan məsələ deyil”.

Tədqiqatın müəllifləri valideynlərin uşaqların potensialının inkişafına töhfə verə biləcəyini bildirir. Bunun üçün valideynlər övladlarının təhsili ilə maraqlanmalı, onları dəstəkləməli və məktəbə münasibətdə müsbət yanaşma formalaşdırmalarına kömək etməlidirlər: “Hətta uşaqlardan məktəbdə nə öyrəndiklərini və ya nə etdiklərini həftədə təxminən bir dəfə və ya daha çox soruşmaq kimi sadə bir addım belə, sosial-iqtisadi vəziyyət nəzərə alındıqdan sonra, təbiət elmləri üzrə nəticələrin orta hesabla 26 bal artması ilə əlaqəlidir”.

Qeyd edək ki, ilk dəfə 2000-ci ildə keçirilən PISA hazırda təhsil göstəricilərinin dünyada ən nüfuzlu ölçü vasitələrindən biri hesab olunur.