PISA-nın mahiyyəti şagirdin yalnız nə qədər məlumat bildiyini ölçmək deyil – Nazir müşaviri
“Bu il keçirilən PISA qiymətləndirməsinin nəticələri ölkə üzrə, xüsusilə regionlarda təhsil alan şagirdlərin bilik və bacarıqlarının daha geniş şəkildə qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. PISA 2025-də Azərbaycandan 241 məktəb üzrə 7 432 şagird iştirak edib. Ölkə üzrə orta nəticə riyazi savadlılıqda 422, təbiət elmlərində 409, oxu savadlılığında isə 374 bal təşkil edib”.
“Azərbaycan müəllimi”nə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nizami Yusifli daha sonra bildirib ki, qiymətləndirmənin bütün iqtisadi rayonları əhatə etməsi regionlarda təhsilin real vəziyyətini daha dolğun təhlil etməyə imkan verir: “Regionlar üzrə nəticələr göstərir ki, şagirdlərin ayrı-ayrı istiqamətlərdə uğurları ilə yanaşı, inkişaf etdirilməsi vacib olan bacarıqlar da mövcuddur. Xüsusilə oxu savadlılığı, mətni anlama, informasiyanı təhlil etmə, əsas fikri müəyyənləşdirmə və əldə olunan bilikləri yeni situasiyalarda tətbiq etmə bacarıqlarının daha sistemli şəkildə formalaşdırılması qarşıdakı dövrün əsas prioritetlərindən biri olmalıdır”.
Nizami Yusiflinin sözlərinə görə, PISA-nın mahiyyəti şagirdin yalnız nə qədər məlumat bildiyini ölçmək deyil. Burada əsas məsələ onun oxuduğunu nə dərəcədə başa düşməsi, informasiyanı müqayisə və təhlil etməsi, nəticə çıxarması, faktla münasibəti fərqləndirməsi və əldə etdiyi biliyi gündəlik həyatda tətbiq edə bilməsidir. Bu baxımdan nəticələr məktəblərin fəaliyyətinin planlaşdırılması üçün mühüm istiqamətlər müəyyənləşdirir: “Yeni tədris ilində məktəb direktorlarının və müəllimlərin qarşısında duran əsas hədəflərdən biri şagirdlərdə oxuyub-anlama bacarıqlarının bütün fənlər üzrə inkişaf etdirilməsidir. Oxu savadlılığı yalnız dil və ədəbiyyat fənlərinin işi kimi qəbul edilməməlidir. Riyaziyyat, təbiət elmləri, tarix və digər fənlərdə də şagirdin mətni düzgün anlaması, verilən məlumatı təhlil etməsi və ondan nəticə çıxarması vacibdir”.
Nazir müşaviri onu da qeyd edib ki, məktəb rəhbərləri şagirdlərin nəticələrini mütəmadi təhlil etməli, hansı bacarıqlarda çətinliklərin olduğunu müəyyənləşdirməli və müəllimlərlə birlikdə konkret inkişaf hədəfləri müəyyən etməlidirlər. Müəllimlər isə dərs prosesində mətn əsaslı, problem yönümlü, şagirdi düşünməyə, müqayisə aparmağa, mühakimə yürütməyə və öz fikrini əsaslandırmağa sövq edən tapşırıqlara daha geniş yer verməlidirlər: “Əsas məqsəd şagirdin sadəcə mətni oxuyub verilən sualın cavabını tapması deyil. Biz şagirdin oxuduğunu anlamasını, informasiyanı şərh etməsini, müxtəlif mənbələri müqayisə etməsini, nəticə çıxarmasını və qazandığı bilikləri yeni situasiyalarda tətbiq edə bilməsini hədəfləməliyik. Region məktəblərində bu bacarıqların daha da inkişaf etdirilməsi və nəticələr arasında fərqlərin mərhələli şəkildə azaldılması qarşıdakı dövrdə əsas istiqamətlərdən biri olacaq”.




