Problem təhsili biznes adı ilə alverə çevirənlərdədir – Rasif Dünyamalıyev
Bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Trend-ə müsahibəsində bildirib ki, bu gün özünü təhsil eksperti adlandıranların çoxu təhsil sahəsində fəaliyyət göstərən biznesmenlərdir. Onun bu fikri böyük rezonans doğurub.
M.Abbaszadənin bu fikrinə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev özünün sosial şəbəkə hesabında qeyd edib ki, problem biznesdə deyil, təhsili biznes adı ilə alverə çevirənlərdədir:
"Məleykə xanım Azərbaycanın dəyərli məmurlarındandır və çalışdığı müddətdə ciddi işlər görüb. Təhsil xidmətləri sahəsində sahibkarlıq fəaliyyəti ilə bağlı iş görən iş adamı (biznesmen) olaraq ona cavab vermək öhdəliyim yaranmışdır.
Ümumiyyətlə, cəmiyyət olaraq biznesmenə olan nifrətin səbəbini hələ də tapa bilmirəm. Hamı biznesmeni savadsız, mənfəətcil, öz maraqlarını güdən biri kimi görür və təqdim edir. Amma burada, əslində, biznesmen ilə alverçini qarışdırırıq. Məleykə xanım da bunu edib.
Sovet sistemi biznesmenin düşməni idi və toplumu da buna inandırmışdı ki, özəl mülkiyyət dövlətin, kommunizmin düşmənidir. Onları “spekulyant”, “burjua qalığı”, “xalqın qanını soran” kimi damğalarla adlandırırdı. Bu terminlər təkcə iqtisadi anlayış deyildi, ideoloji silah idi. Məqsəd cəmiyyətdə risk alan, dəyər yaradan, təşəbbüs göstərən insan obrazını nüfuzdan salmaq idi.
Sovet sistemi üçün biznesmen təhlükəli fiqur idi. Çünki biznesmen:
• dövlətdən asılı olmadan qərar verə bilirdi,
• alternativ rifah modeli təklif edirdi,
• fərdi məsuliyyət və azadlıq ideyasını təmsil edirdi.
• innovasiyanı axtarıb, gətirib, tətbiq edirdi.
Bu isə mərkəzləşdirilmiş idarəetmə və “hamı üçün eyni” ideologiyası ilə ziddiyyət təşkil edirdi.
Problem ondadır ki, bu düşüncə sistem dağılsa da, şüurlarda yaşamağa davam etdi.
Bu gün də bir çox insan üçün biznesmen hələ də:
• “tez varlanan”,
• “kimisə aldadan”,
• “işçinin haqqını yeyən” stereotipidir.
Halbuki biznesmen alverçi deyil. Alverçi mövcud dəyəri ucuz alıb baha satır.
Biznesmen isə:
• yeni dəyər yaradır,
• iş yerləri açır,
• risk alır,
• sistem qurur,
• cəmiyyət üçün fayda istehsal edir.
Ən paradoksal məqam isə budur: cəmiyyət bir tərəfdən işsizlikdən, aşağı maaşdan, zəif xidmətlərdən şikayət edir, digər tərəfdən isə bu problemləri real olaraq azalda bilən sinfə – biznesmenə – nifrət edir.
Əslində inkişaf etmiş ölkələrdə biznesmen:
• sosial tərəfdaşdır,
• innovasiyanın daşıyıcısıdır,
• dövlətin rəqibi yox, tamamlayıcısıdır.
Təhsil sahəsində də bu fərq daha aydın və daha təhlükəlidir. Çünki burada söhbət təkcə puldan yox, insan kapitalından, gələcək nəsildən gedir.
Təhsildə alverçi:
• təhsili məhsul yox, mal kimi görür,
• “neçə şagird – neçə manat” məntiqi ilə işləyir,
• proqramın keyfiyyətinə yox, reklamına yatırım edir,
• müəllimi dəyər yaradan tərəfdaş yox, xərc maddəsi kimi qəbul edir,
• qısa müddətdə maksimum qazanc əldə etməyə fokuslanır,
• nəticədə diplom var, amma bacarıq yoxdur.
Təhsildə biznesmen isə:
• təhsili uzunmüddətli sosial investisiya kimi görür,
• proqram, metodologiya və müəllim hazırlığına yatırım edir,
• valideyni müştəri yox, strateji tərəfdaş hesab edir,
• ölçülə bilən nəticələrə (uşağın inkişafı, bacarıqlar, dəyərlər) fokuslanır,
• reputasiyanı reklamla yox, real təsirlə qurur,
• bu gün az qazansa belə, sabah güclü institut formalaşdırır.
Ən təhlükəli yanılma isə budur: cəmiyyət çox vaxt alverçini biznesmen sanır, sonra da təhsildən narazı qalır. Halbuki problem biznesdə deyil, təhsili biznes adı ilə alverə çevirənlərdədir.
Bəs təhsil biznesmeninə təhsil eksperti demək olarmı?
Yalnız bu hallarda:
• özü bilavasitə təhsil sahəsində illərlə praktik təcrübəyə malikdirsə (müəllimlik, akademik iş, proqram quruculuğu),
• təhsil modellərini sadəcə “satmır”, analiz edir və inkişaf etdirirsə,
• fərqli pedaqoji yanaşmaları müqayisə edib əsaslandıra bilirsə,
• şəxsi biznes marağı olmadan da təhsil mövzusunda dəyərli mövqe ortaya qoya bilirsə,
• cəmiyyət qarşısında məsuliyyətli intellektual mövqe tutur və populizmdən uzaqdırsa.
Nə zaman demək olmaz?
• sadəcə təhsil müəssisəsi sahibidir deyə,
• marketinq dili ilə pedaqogiyanı əvəz edirsə,
• “təcrübəmdə belə işləyir” deyib elmi əsasları inkar edirsə,
• öz biznes modelini “yeganə doğru yol” kimi təqdim edirsə.
Bu halda o, təhsil eksperti yox, maksimum halda təhsil operatorudur.
Bizim cəmiyyətin əsas problemi biznesmenə nifrət deyil, biznes anlayışının özü ilə barışmamaqdır. Çünki biznes azadlıq, məsuliyyət, şəffaflıq və uzunmüddətli düşüncə tələb edir. Bu isə hələ də post-sovet düşüncəsi üçün çətindir.
Biznesmeni alverçidən ayırmadıqca, dəyər yaradanla fürsətçi arasında fərq qoymadıqca cəmiyyət olaraq nə rifah artacaq, nə də inkişaf sürətlənəcək.
Məleykə xanıma da məsləhətim DİM adından istifadə edib, təhsilin alveri ilə məşğul olan "bunker" müəllimlərini, vəsait hazırlayanları, test nəşriyyatlarını nəzərdən keçirsin və onlarla yollarını ayırsın, əsas işiniz olan imtahanın keçirilməsinə (hansı ki, indiyə qədər ən yaxşı bacardığınız işdir) fokus olunsun. Əks halda DİM paralel ETN yaradır ki, bu da qəbul olunmazdır", – deyə paylaşımda qeyd olunub.


