Professor Hikmət Əlizadə Təhsil Şurası İctimai Birliyinə sədr seçilib

19 İyun, 2026 - 17:55
Professor Hikmət Əlizadə Təhsil Şurası İctimai Birliyinə sədr seçilib

Təhsil Şurası İctimai Birliyinə yeni sədr seçilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, keçirilən ümumi yığıncaqda ictimai birliyin növbəti beş il üçün idarə heyəti formalaşdırılıb, professor Hikmət Əlizadə sədr seçilib. 

Bundan başqa, Təhsil Şurası İctimai Birliyi Ədliyyə Nazirliyində yenidən dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, Təhsil Şurası İctimai Birliyi 25 sentyabr 1998-ci ildə, Azərbaycan müəllimlərinin XI qurultayı zamanı Ümummilli lider Heydər Əliyevin təklifi ilə yaradılıb. "Respublika Təhsil Şurası" İctimai Birliyi Azərbaycan Respublikasının təhsil sahəsində fəaliyyət göstərən, ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ilk ictimai birlikdir. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanunu, həmçinin öz Nizamnaməsi əsasında qurur.

"Respublika Təhsil Şurası" İctimai Birliyi 25 may 2001-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ilk dəfə dövlət qeydiyyatına alınıb. Təşkilatın ilk sədri pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev olub. Fəaliyyət göstərdiyi müddət ərzində Təhsil Şurası İctimai Birliyi ölkəmizdə təhsilin davamlı inkişafı müstəvisində ölkəmizdə həyata keçirilən islahatlara dəstək olaraq maarifləndirici tədbirlərin keçirilməsinə önəm vermişdir. Yeni seçilmiş idarə heyəti öz fəaliyyətində bu tendensiyanı əsas götürməyi planlaşdırır.