Psixoloq: Uşaqlar heç bir mübahisədə tərəf kimi istifadə olunmamalıdır

14 Oktyabr, 2026 - 16:00
Psixoloq: Uşaqlar heç bir mübahisədə tərəf kimi istifadə olunmamalıdır

“Məktəbli forması ilə bağlı yaranan fikir ayrılıqları qarşıdurma və aqressiv davranışlarla müşayiət olunduqda şagirdlərin psixoloji təhlükəsizliyinə, emosional vəziyyətinə və məktəb mühitinə münasibətinə mənfi təsir göstərir. Belə hallar uşaqlarda narahatlıq, güvənsizlik, yaşıdları ilə münasibətlərdə gərginlik, diqqət və dərsə marağın azalması ilə nəticələnə bilər”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında 112 nömrəli tam orta məktəbin psixoloqu Afaq Hacılı Əliyeva bildirib.

Onun sözlərinə görə, uşaqların böyüklər arasında məktəbli forması və dini baxışlarla bağlı yaranan mübahisələrə cəlb edilməsi onların emosional vəziyyətinə və psixoloji inkişafına mənfi təsir göstərir:

“Belə hallar uşaqlarda daxili konflikt, narahatlıq, günahkarlıq hissi və böyüklərin gözləntiləri arasında qalmaq kimi çətinliklər yarada bilər. Bu vəziyyət uşaqların müstəqil düşünmə, şəxsi mövqelərini sərbəst ifadə etmə və fərqli fikirlərə hörmətlə yanaşma bacarıqlarının inkişafına mane ola bilər. Həmçinin, şəxsiyyətin və dünyagörüşünün formalaşması prosesində çaşqınlıq və sosial münasibətlərdə gərginlik yaradır”.

Psixoloq qeyd edib ki, bu cür qarşıdurmalar sinif daxilində münasibətlərə də təsir göstərərək şagirdlər arasında anlaşılmazlıqlara səbəb ola bilər:

“Şagirdlərin fərqli baxış və düşüncələrinin münaqişə mövzusuna çevrilməsi sinifdə emosional gərginlik yarada, uşaqlar arasında anlaşılmazlıqlara və sosial məsafənin artmasına səbəb ola bilər. Bəzi şagirdlər özlərini ifadə etməkdən çəkinə, digərləri isə yaşıdları tərəfindən qəbul edilmədiklərini hiss edə bilərlər”.

A.Hacılı Əliyeva vurğulayıb ki, məktəbdə uşaqların psixoloji təhlükəsizliyinin qorunması, hər bir şagirdə bərabər və qərəzsiz yanaşılması vacibdir:

“Bu baxımdan məktəbdə qarşılıqlı hörmətin, anlayışın və sağlam ünsiyyətin təşviqi, fikir ayrılıqlarının sakit və konstruktiv şəkildə həlli, bütün şagirdlərə bərabər və qərəzsiz yanaşılması vacibdir. Məqsəd hər bir uşağın hüquqlarının və şəxsi ləyaqətinin qorunduğu, özünü təhlükəsiz hiss etdiyi sağlam məktəb mühitinin təmin edilməsidir”.

Onun sözlərinə görə, valideynlər məktəblə bağlı narazılıqlarını ifadə edərkən davranışlarının uşaqların müəllimə və təhsilə münasibətinə təsirini nəzərə almalı, onları qarşıdurmaların iştirakçısına çevirməməli və problemlərin qarşılıqlı hörmət əsasında həllinə üstünlük verməlidirlər.

Psixoloq belə hallarda məktəb psixoloqu, müəllimlər və valideynlər arasında əməkdaşlığın əhəmiyyətini də diqqətə çatdırıb:

“Belə vəziyyətlərdə məktəb psixoloqu uşaqların yaş xüsusiyyətlərini nəzərə almalı, onları dinləməyə, fərqli fikirləri anlayışla qarşılamağa və fikir ayrılıqlarını aqressiyasız həll etməyə təşviq etməlidir. Eyni zamanda, müəllim və valideynlərlə əməkdaşlıq çərçivəsində uşaqların heç bir mübahisədə tərəf kimi istifadə olunmamasına, şəxsi ləyaqətlərinin qorunmasına və sağlam sosial münasibətlərin formalaşmasına dəstək göstərilməlidir”.