Qabaqcıl təhsil işçisi təqaüdə yola salındı
Elm və Təhsil Nazirliyində çalışmanın yaş həddinə çatması ilə bağlı Daxili nəzarət şöbəsinin aparıcı mütəxəssisi Rövşən Ağayevlə görüş keçirilib. Nazirliyin Aparat rəhbəri Mətin Kərimlinin iştirakı ilə keçirilən görüşdə qocaman təhsil işçisinin fəaliyyətinə nəzər salınıb, onun göstərdiyi xidmətlərdən danışılıb. Aparat rəhbəri Mətin Kərimli R.Ağayevin fəaliyyəti dövründə verdiyi töhfələrdən söz açıb, onun xidmətlərini yüksək qiymətləndirib. Fəaliyyət göstərdiyi dövrdə təcrübəsini nazirlik əməkdaşları ilə paylaşdığını vurğulayan Aparat rəhbəri Rövşən Ağayevin Qərbi Azərbaycanla bağlı fəaliyyətini də xüsusi qeyd edib. Rövşən Ağayev əməyinin yüksək qiymətləndirildiyi üçün elm və təhsil naziri Emin Əmrullayevə və nazirliyin kollektivinə təşəkkürünü bildirib. Sonda Rövşən Ağayevə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı təqdim edilib.
Düz 55 ildir əmək fəaliyyəti ilə məşğuldur. Elm və Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifəsində çalışmanın yaş həddinə çatdı. Kimdir Rövşən Ağayev?
Azərbaycan Neft və Kimya İnstitutunda təhsil alıb. Uzun zaman neft sahəsində, partiya işində, sonra idarəetmədə çalışıb. Müəllim olub, ali təhsil müəssisəsində dərs aparıb: “1982-ci ildə Bakı Ali Partiya Məktəbində təhsilimi tamamlayan kimi məni orada müəllim götürdülər. 9 il burada müəllim işlədim. Həyatımda ən böyük izlərdən biri bu oldu ki, həm sovet dövründə, həm də müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin və 10 il isə Prezident İlham Əliyevin rəhbərliyi altında çalışdım.
İndi o illəri ömrünün ən böyük xatirələri sayır: “Sizə deyim ki, yaş gəlib öz sözünü deyəndə insan həyatındakı çox xatirələri yada salır. Mənim üçün ən böyük xatirədir ki, Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında işləmişəm və bununla bağlı həyatımın ən xoşbəxt illəri kimi uşaqlarıma, nəvələrimə də danışıram”.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 22 ildən çox çalışandan sonra Elm və Təhsil Nazirliyində fəaliyyətə başlayıb. 12 illik fəaliyyət dövrü də kifayət qədər zəngin keçib: “Prezident Adminstrasiyasında işlədiyim dövrdə kurator kimi rayonlara gedəndə təhsil müəssisələri ilə maraqlanırdım. Bu, mənim bilavasitə vəzifələrimdən biri idi. Yaranmış problemləri, çətinlikləri imkan daxilində araşdırıb həll etməyə çalışırdım. Nazirlikdə çalışmağa başladıqdan sonra mənim Daxili nəzarət şöbəsində əsas vəzifəm neqativ hallara qarşı, korrupsiya ilə mübarizə istiqamətində işlər görmək olur. Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birlikdə müəllimlər, təhsil işçiləri arasında maarifləndirmə, izahat işi aparırdıq. Biz cəmiyyətə təlqin etməyə çalışdıq ki, bu, təkcə Elm və Təhsil Nazirliyi ilə bağlı məsələ deyil, bütün ölkə üzrə bu proses həyata keçirilir, hər yerdə mübarizə gedir. Korrupsiyaya qarşı Mübarizə proqramı var”.
O, artıq fəaliyyətdən uzaqlaşmaq istəyir: “Uzun müddət işləmişəm, istirahətə ehtiyacım var. Artıq çalışmağın yaş həddinə çatmışam. Ona görə də düşündüm ki, təqaüdə çıxım, istirahət edim”.
Foto: Kənan QAFAROV




