Qarabağ Universiteti: inkişafın yeni mərhələsi
2025-2026-cı tədris ili Qarabağ Universitetində sürətli institusional böyümə, akademik keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və tələbə nailiyyətləri ilə zəngin mühüm mərhələ olmuşdur. İki il əvvəl fəaliyyətə başlayan universitet başa vurduğumuz tədris ilində müasir, tələbə mərkəzli, tədqiqat əsaslı və beynəlxalq əməkdaşlığa açıq universitet modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Qarabağ Universitetinin sürətli inkişafının əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin universitetə xüsusi diqqəti və davamlı dövlət dəstəyi dayanır. Dövlət başçısının 2025-ci ildə iki dəfə universitetdə olması, Qarabağ Universitetinin Klinikası və Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun, Biznes və iqtisadiyyat fakültəsinin yeni binasının açılışında iştirakı, Mühəndislik fakültəsinin yeni binasının təməlini qoyması universitetin inkişafına verilən strateji əhəmiyyətin bariz ifadəsidir.
Keyfiyyətli tələbə kontingenti və sürətli institusional inkişaf
2025/2026-cı tədris ilinin mühüm nəticələrindən biri yüksək akademik göstəricilərə malik gənclərin Qarabağ Universitetinə marağının artması olmuşdur. 600-dən yüksək bal toplamış 127 abituriyent bu universiteti seçmişdir. Əvvəlki tədris ilində bu göstəricinin 101 nəfər olması qəbul keyfiyyətində müsbət dinamikanı göstərir.
Ümumilikdə, 500-dən yüksək bal toplamış 332 gənc, 400-dən yüksək nəticə göstərmiş 613 gənc Qarabağ Universitetinin tələbəsi adını qazanmışdır. Universitetə qəbul olunan ən yüksək nəticəli tələbə 684 bal toplamışdır. Respublika Fənn Olimpiadalarının beş qalibinin müsabiqədənkənar qaydada universitetə qəbul olunması da istedadlı gənclərin artan marağının göstəricisidir.
İlk dəfə tələbə qəbulu aparılan “Tibb” ixtisasında keçid balının 614,6, “Tibb bacısı (qardaşı) işi” ixtisasında 490,6 bal olması yeni akademik proqramlara yüksək marağı nümayiş etdirmişdir. İncəsənət fakültəsində “İnstrumental ifaçılıq” və “Musiqi müəllimliyi” ixtisasları üzrə qəbul göstəriciləri də ölkə üzrə yüksək nəticələr sırasında yer almışdır.
Tələbə sayının 2143-ə çatması, akademik və inzibati heyətin 400 nəfəri ötməsi, kadr hazırlığı həyata keçirilən ixtisasların sayının 25-dən 34-ə yüksəlməsi Qarabağ Universitetinin qısa müddətdə böyük ali təhsil müəssisəsinə çevrilmək istiqamətində sürətlə irəlilədiyini göstərir. Universitetin əməkdaşları sırasında 5 xarici ölkə vətəndaşının yer alması isə formalaşmaqda olan beynəlxalq akademik mühitin və müxtəlif təcrübələrin tədris prosesinə cəlb olunmasının təzahürlərindən biridir.
Akademik keyfiyyət və beynəlxalq standartlara uyğun təhsil
Ötən tədris ilində əsas prioritetlərdən biri təhsil proqramlarının müasir əmək bazarının tələbləri və beynəlxalq akademik standartlara uyğun formalaşdırılması olmuşdur. Yeni ixtisaslar üzrə tədris planları hazırlanaraq təsdiq edilmiş, fakültələrdə tədris, tədqiqat, innovasiya, sənaye əməkdaşlığı və tələbələrlə iş istiqamətləri sistemli inkişaf etdirilmişdir.
Ən mühüm nailiyyətlərdən biri Biznes və iqtisadiyyat fakültəsinin “Mühasibat” və “Maliyyə” proqramlarının ACCA tərəfindən beynəlxalq akkreditasiyadan keçməsi olmuşdur. Qarabağ Universitetinin ilk beynəlxalq proqram akkreditasiyası kimi tarixə düşən bu nəticə proqramların məzmun və təlim nəticələrinin beynəlxalq tələblərə uyğunluğunun təsdiqidir.
Akademik keyfiyyət tələbələrin beynəlxalq peşə imtahanlarındakı uğurlarında da özünü göstərmişdir. Biznes və iqtisadiyyat fakültəsinin bir tələbəsi ACCA-nın “Financial Management” imtahanında Azərbaycan, Türkiyə və Gürcüstan regionu üzrə birinci, dünya üzrə beşinci yeri tutmuş, digər tələbəmiz “Financial Reporting” imtahanında region üzrə birinci nəticə göstərmişdir.
“İqtisadiyyat” ixtisası üzrə bakalavriat proqramının Oksford Universitetinin iqtisadçı alimləri ilə birgə hazırlanması akademik məzmunun beynəlxalq təcrübə əsasında yenilənməsinin mühüm nümunəsidir. Proqramda fundamental iqtisadi istiqamətlərlə yanaşı, data analitikası, süni intellekt və proqramlaşdırma kimi müasir kompetensiyalara xüsusi yer ayrılmışdır.

Qarabağda yeni tibbi təhsil və klinik ekosistemin qurulması
2025/2026-cı tədris ilinin mühüm yeniliklərindən biri Qarabağ Universitetində tibbi təhsilin və klinik fəaliyyətin əsasının qoyulması olmuşdur.
Tibb və sağlamlıq elmləri fakültəsində beynəlxalq təcrübə əsasında hazırlanmış kompetensiyaya əsaslanan 6 illik “Tibb” və 4 illik “Tibb bacısı (qardaşı) işi” proqramlarının tədrisinə başlanılmışdır. Yeni model inteqrasiya olunmuş fənlərarası tədrisə, klinik düşünmənin, praktik bacarıqların, tədqiqat və analitik təfəkkürün inkişafına əsaslanır. Pasiyentmərkəzli yanaşma, simulyasiya və klinik bacarıq təlimləri, əsas və klinik elmlərin inteqrasiyası, beynəlxalq təcrübəli professor-müəllim heyətinin tədrisə cəlbi yeni tibbi təhsil modelinin əsas elementləridir.
Tədris proqramına “İncəsənət və humanitar elmlər” komponentinin daxil edilməsi gələcək həkimlərin peşə bilikləri ilə yanaşı, kommunikasiya, komanda işi, yaradıcı düşünmə və özünüifadə bacarıqlarının inkişafına xidmət edir.
Qarabağ Universitetinin Klinikasının fəaliyyətə başlaması tələbələrin klinik təcrübəsi üçün yeni imkanlar yaratmaqla yanaşı, Qarabağ regionunda müasir səhiyyə ekosisteminin formalaşdırılmasına mühüm töhfədir.
Elmi-tədqiqat fəaliyyətində yeni mərhələ
Qarabağ Universitetinin qısa müddətdə mühüm irəliləyiş əldə etdiyi istiqamətlərdən biri elmi-tədqiqat fəaliyyətidir. Tədqiqat mühitinin formalaşdırılması, akademik heyətin elmi fəaliyyətə təşviqi və nüfuzlu elmi bazalarda təmsilçiliyin genişləndirilməsi artıq konkret nəticələrlə müşayiət olunur.
“Scopus” bazasında indekslənən nəşrlərin sayı 2024-cü ildə 6, 2025-ci ildə 26, 2026-cı ilin ilk altı ayında isə 30 olmuşdur. Beləliklə, 2024-2026-cı illərdə “Scopus” bazasında məqalələrin sayı 62-yə çatmış, həmin nəşrlərə 139 istinad edilmişdir. 2026-cı ilin ilk yarısında dərc olunan 30 məqalə artıq 2025-ci ilin tam illik göstəricisini üstələmişdir.
Elmi nəticələr keyfiyyət və beynəlxalq görünürlük baxımından da inkişaf edir. Universitet əməkdaşlarının tədqiqatları “Evolution Equations and Control Theory, PLoS ONE”, “Journal of Environmental Management”, “Scientific Reports”, “ACS Omega”, “IEEE Access və RSC Advances” kimi beynəlxalq elmi jurnallarda dərc edilmişdir. Bu, Universitetdə formalaşan elmi potensialın qlobal akademik mühitə çıxış imkanlarının genişləndiyini göstərir.
Tədqiqatların tematik istiqamətləri də universitetin strateji missiyası ilə uzlaşır. Elmi nəşrlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə bölgüsündə ən yüksək göstərici 9 məqalə ilə “İqlim fəaliyyəti” istiqamətində qeydə alınmışdır. “Ləyaqətli iş və iqtisadi artım” mövzusuna 7, “Sənaye, innovasiya və infrastruktur” istiqamətinə 6, “Əlçatan və təmiz enerji” sahəsinə 6, “Sağlamlıq və rifah” mövzusuna 4 məqalə həsr edilmişdir.
Universitet alimlərinin tədqiqatları keyfiyyətli təhsil, gender bərabərliyi, bərabərsizliyin azaldılması, dayanıqlı şəhərlər və icmalar, məsuliyyətli istehlak, torpaq üzərində həyat və məqsədlər üçün tərəfdaşlıq istiqamətlərini də əhatə edir. Bu göstəricilər elmi-tədqiqat fəaliyyətinin dayanıqlı inkişaf, enerji, iqtisadi tərəqqi, innovasiya və institusional əməkdaşlıq kimi strateji sahələrdə cəmləşdiyini göstərir.
Bu istiqamətlənmə Qarabağın bərpası və uzunmüddətli inkişaf perspektivləri baxımından xüsusi məna daşıyır. Elmi-tədqiqat fəaliyyətinin regionun real inkişaf ehtiyacları ilə əlaqələndirilməsi mühüm strateji yanaşmadır. İqlim dəyişiklikləri, təmiz enerji, dayanıqlı iqtisadi inkişaf, innovativ infrastruktur və tərəfdaşlıq mövzularında araşdırmalar universitetin gələcəkdə regionun elmi-intellektual mərkəzlərindən birinə çevrilməsi üçün zəmin yaradır.
Bununla yanaşı, akademik heyət arasında elmi dərəcə alanların sayının artması Universitetin elmi potensialının və tədqiqatçı kadr bazasının güclənməsinin mühüm göstəricilərindəndir. Akademik heyətin elmi və pedaqoji potensialının inkişafı, müasir elmi yanaşmalarla tanışlığı da diqqət mərkəzində saxlanılmışdır. Dünya Azərbaycanlı Alimlər Birliyi ilə əməkdaşlıq çərçivəsində universitetin akademik və inzibati heyəti üçün “Elmin populyarlaşdırılması” və “Ali təhsil pedaqogikası: müəllim peşəkarlığının nəzəri və praktik əsasları” mövzularında təqdimatlar keçirilmişdir. Bu cür akademik müzakirələr qabaqcıl elmi-pedaqoji təcrübənin bölüşülməsinə və universitetdə tədqiqat mədəniyyətinin inkişafına xidmət edir.
Cari tədris ili “Biophysics & Beyond” adlı universitetin ilk elmi jurnalının işıq üzü görməsi ilə də əlamətdardır. Hesabat dövründə Qarabağ Universitetinin əməkdaşının müəllifliyi ilə “Müstəqil Türk Dövlətlərində Dil Siyasəti” əsərinin ali təhsil müəssisəmizin ilk monoqrafiyası kimi nəşri mühüm başlanğıc olmuşdur.
Gənc tədqiqatçıların elmi fəaliyyətə cəlbi diqqət mərkəzində saxlanılmışdır. Qarabağ Universitetindən Doktorant və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransında 18, “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalında isə 20-yə yaxın gənc əməkdaş elmi məruzələrlə çıxış etmişdir. Bundan əlavə, Bakı Dövlət Universitetinin ev sahibliyi, Qarabağ Universitetinin yerli və xarici universitetlərlə birlikdə tərəfdaşlıq etdiyi “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” beynəlxalq konfransında 20-dən çox gənc əməkdaşlarımız təmsil olunmuşdur. Bu nəticələr yeni tədqiqatçı nəslinin formalaşdırılması və gənc akademik heyətin elmi mühitə inteqrasiyası istiqamətində görülən işlərin miqyasını göstərir.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində 20-dən çox ölkədən 100-dən artıq türkoloq alimin Qarabağ Universitetində bir araya gəlməsi xüsusi əhəmiyyət daşımışdır. Xankəndidə keçirilən müzakirələr şəhərin beynəlxalq akademik əməkdaşlıq və elmi fikir mübadiləsi məkanı kimi mövqeyinin güclənməsinə töhfə vermişdir.
Beynəlxalq bazalarda indekslənən nəşrlərin artımı, tədqiqatların strateji istiqamətlər üzrə inkişafı, ilk monoqrafiya və elmi jurnalın nəşri, gənc tədqiqatçıların elmi proseslərə fəal cəlbi və Xankəndinin beynəlxalq elmi tədbirlərə ev sahibliyi etməsi universitetdə formalaşan tədqiqat ekosisteminin əsas göstəriciləridir.

(Davamı var)
Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru




