Qarabağ Universitetində fəaliyyət mənim üçün mənəvi məsuliyyət və qürur hissidir – DP məzunu

13 Fevral, 2026 - 14:49
Qarabağ Universitetində fəaliyyət mənim üçün mənəvi məsuliyyət və qürur hissidir

O, Qarabağ Universitetini seçdi. Bu qərarı ilə də 30 ildən sonra azadlığına qovuşan Qarabağımızda təhsil quruculuğunın bir parçası olmaq əzmini ortaya qoydu. Xankəndidə yeni nəslin yetişdirilməsini öz missiyası hesab edir. 

“Azərbaycan müəllimi” növbəti “Uğur hekayəsi” rubrikasında “2022–2028-ci illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” (DP) çərçivəsində Böyük Britaniyada  magistr təhsilini başa vuraraq Qarabağ Universitetində fəaliyyətə başlayan Aytac Mehti qızı Yolçuyeva ilə müsahibəni oxucularına təqdim edir. 

- Sizi oxuculara necə tanıdaq?

- Mən, Aytac Mehti qızı Yolçuyeva 24 dekabr 2001-ci ildə Ağdaş rayonunda anadan olmuşam. 2018-ci ildə Ağdaş şəhər M.Şeyxzadə adına Texniki, humanitar və təbiət fənləri təmayüllü Gimnaziyanı bitirmişəm. Həmin il DİM imtahanından 643 bal yığaraq Azərbaycan Dillər Universitetinin “Dil və ədəbiyyat müəllimliyi” (ingilis dili üzrə) ixtisasına qəbul olmuş və 2018–2022-ci illərdə bakalavr təhsili almışam.

2023–2024-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Krallığında Azərbaycan Respublikasının “2022–2028-ci illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində təqaüdlə magistr təhsili alaraq “Erkən uşaqlıq təhsili” ixtisası üzrə ixtisaslaşmışam. Hazırda isə 2024-cü ildən etibarən Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzində ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm.

- Dövlət Proqramı məzun olaraq bu layihənin əhəmiyyəti, həyatınızda rolu, yaratdığı imkanlar barədə nə deyərdiniz?

- DP layihəsi mənim üçün yalnız xaricdə təhsil imkanı deyil, həm də dünyagörüşümün genişlənməsi, fərqli təhsil sistemlərini yaxından öyrənmək və beynəlxalq akademik mühitdə formalaşmaq baxımından mühüm mərhələ oldu.

Bu layihə mənə müasir pedaqoji yanaşmalarla tanış olmaq, tədqiqat bacarıqlarımı inkişaf etdirmək və gələcəkdə ölkəmə daha faydalı mütəxəssis kimi qayıtmaq imkanı yaratdı. Eyni zamanda fərqli mədəniyyətlərlə ünsiyyət qurmaq və qlobal təhsil trendlərini öyrənmək baxımından da əvəzsiz təcrübə qazandım.

- Şeffild Universitetində təhsil həyatınız necə keçdi? 

- Magistr təhsilimi Böyük Britaniyanın aparıcı və dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Şeffild Universitetində davam etdirmişəm. Bu universitet elmi-tədqiqat ənənəsi, yüksək akademik standartları və beynəlxalq nüfuzu ilə seçilir.

Şeffilddə təhsil almaq mənim üçün sadəcə diplom əldə etmək deyildi, bu, düşüncə tərzimin dəyişməsi və təhsilə daha dərindən yanaşmağı öyrənməyim demək idi. Dərslər yalnız nəzəri bilik üzərində qurulmurdu; biz mövzuları real təhsil mühiti kontekstində analiz edir, uşağın inkişafını sosial, emosional və mədəni çərçivədə qiymətləndirirdik. Erkən uşaqlıq təhsili üzrə ixtisaslaşma mənə göstərdi ki, təhsil sadəcə öyrətmək deyil, düzgün mühit qurmaq, uşağın potensialını vaxtında görmək və onu incəliklə istiqamətləndirməkdir. Bu təcrübə müəllim kimi yanaşmamı daha həssas və məsuliyyətli etdi.

- Erkən uşaqlıq təhsili ixtisası sizin üçün nə dərəcədə cəlbedici sahədir?

- Erkən uşaqlıq təhsili mənim üçün son dərəcə məsuliyyətli və strateji əhəmiyyət daşıyan sahədir. Çünki insanın şəxsiyyət kimi formalaşmasının təməli məhz bu dövrdə qoyulur. 

Bu ixtisas mənə uşaqların və gənclərin inkişaf mərhələlərini daha dərindən anlamaq, onların fərdi xüsusiyyətlərini nəzərə alan tədris strategiyaları qurmaq imkanı verdi. İnanıram ki, keyfiyyətli erkən təhsil gələcək cəmiyyətin sağlam təməlinin qurulmasında həlledici rol oynayır.

- Qarabağ Universitetində fəaliyyətə başlamağınız sizin üçün nə deməkdir?

- Qarabağ Universitetində fəaliyyətə başlamaq mənim üçün təkcə yeni iş mərhələsi deyil, bu, mənəvi məsuliyyət və daxili qürur hissidir. Artıq bir il yarımdır ki, Qarabağda yaşayıram və bu torpaqda çalışmaq mənim üçün xüsusi məna daşıyır.

Xankəndidə auditoriyaya daxil olduğum ilk gün yaşadığım hissi sözlə ifadə etmək çətindir. Bu torpaqda dərs demək sadəcə peşə fəaliyyəti deyil, həm də bir missiyanın parçası olmaqdır. Beynəlxalq Dil Mərkəzində ingilis dili tədris edirəm. Hər dərsdə tələbələrin gözündə həm maraq, həm də gələcəyə dair ümid görürəm. Onların enerjisi insana əlavə motivasiya verir.

Mən çalışıram ki, onlara yalnız dil öyrətməyim, eyni zamanda özünə inam, sərbəst düşüncə və dünyaya açıq baxış qazandırım. Çünki inanıram ki, Qarabağda qurulan hər bir auditoriya, yazılan hər bir cümlə, yetişən hər bir tələbə gələcəyin möhkəm təməl daşlarından biridir. Bu prosesin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir.

- Xankəndidə yeni nəslin yetişdirilməsi və erkən uşaqlıq təhsili üzrə xarici təcrübənin tətbiqi ilə bağlı nə deyərdiniz?

-Xankəndidə yeni nəslin yetişdirilməsi strateji baxımdan olduqca önəmlidir. Erkən uşaqlıq təhsili sahəsində xarici təcrübənin tətbiqi burada keyfiyyətli və müasir təhsil modelinin qurulmasına töhfə verə bilər.

Təkliflərim arasında müəllimlərin davamlı peşəkar inkişaf proqramlarına cəlb olunması, oyun əsaslı və uşaqyönümlü tədris metodlarının tətbiqi, valideyn maarifləndirilməsi proqramlarının təşkili və inklüziv mühitin gücləndirilməsi xüsusi yer tutur. Bu yanaşmalar regionda dayanıqlı və keyfiyyətli təhsil sisteminin formalaşmasına xidmət edə bilər.

- “Böyük Qayıdış”da təhsilin rolu necə qiymətləndirərdiniz?

- “Böyük Qayıdış” təkcə insanların doğma torpaqlarına fiziki dönüşü deyil, həm də həyatın, ümidin və gələcəyin yenidən qurulmasıdır. Bu prosesdə təhsil sadəcə bir sahə deyil, o, dirçəlişin ürəyidir.

Çünki məktəbdə yanan ilk işıq, auditoriyada səslənən ilk mühazirə, yazılan ilk cümlə əslində gələcəyə atılan addımdır. Təhsil Qarabağda yalnız bilik vermək funksiyası daşımır; o, inamı bərpa edir, kimliyi möhkəmləndirir və yeni nəslə “burada gələcək var” mesajını ötürür.

İnanıram ki, bu torpaqlarda yetişən hər bir savadlı, dünyagörüşlü və vətənpərvər gənc “Böyük Qayıdış”ın ən canlı və davamlı nəticəsidir. Təhsil burada sadəcə inkişaf vasitəsi deyil, həm də yaddaşın, ümidin və sabaha olan inamın qoruyucusudur.