Qarabağ Universitetində Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
Qarabağ Universitetində 12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir təşkil olunub.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin tarixi xidmətlərindən və zəngin irsindən söz açıb. O, Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin və inkişaf strategiyasının bu gün də ölkənin siyasi, sosial və iqtisadi həyatında əsas istiqamətverici rol oynadığını vurğulayıb.
Fakültənin tarix müəllimi Ramin Fətullayev çıxış edərək Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilmiş daxili siyasət kursu barədə məlumat verib. O, həmin dövrdə ölkədə siyasi sabitliyin təmin olunması, uğurlu kadr siyasətinin formalaşdırılması, sosial rifahın yüksəldilməsi və iqtisadi islahatların ardıcıl icrası kimi mühüm istiqamətlərə toxunub. R. Fətullayev, həmçinin, Heydər Əliyevin neft strategiyasının Azərbaycanın uzunmüddətli inkişafında həlledici rol oynadığını qeyd edib.
Fakültənin müəllimi Şamxal Əbilov çıxışında Azərbaycanın müstəqilliyinin ilk illərində mövcud olmuş siyasi, iqtisadi böhranı və həmin çətin mərhələdə Heydər Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət xəttini analitik şəkildə iştirakçıların diqqətinə çatdırıb. Bu strateji kursun hazırda da uğurla davam etdirildiyini vurğulayan Ş.Əbilov bunun nəticəsi olaraq ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin təmin edilməsi istiqamətində əldə olunmuş mühüm nailiyyətlərdən danışıb.
Daha sonra, böyük maraqla qarşılanan çıxışlar ətrafında geniş müzakirələr aparılıb, Ümumilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə bu tipli maarifləndirici tədbirlərin davamlı keçirilməsinin önəmi qeyd edilib.


