Qazaxıstan məktəblərində süni intellektin tətbiqinə başlanılır – Fərman
Süni intellekt Qazaxıstanın orta təhsil sisteminin bir hissəsinə çevrilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, Prezident Qasım-Jomart Tokayev "Süni intellektin orta təhsil sisteminə tətbiqi tədbirləri haqqında" fərman imzalayıb. Fərmanın əsas məqsədi süni intellektin sürətləndirilmiş inkişafı kontekstində Qazaxıstan Respublikasının davamlı inkişafını təmin etmək, eləcə də insan kapitalının əsas elementi kimi müasir, innovativ təhsil sisteminin formalaşması üçün şərait yaratmaqdır. Fərmana uyğun olaraq, hökumət 1 iyul 2026-cı il tarixinə qədər 2026-2029-cu illər üçün süni intellektin orta təhsil sistemində geniş tətbiqinə yönəlmiş hərtərəfli fəaliyyət planını təsdiqləyəcək. Bu plana fərdiləşdirilmiş təlim mexanizminin yaradılması, rəqəmsal infrastruktur, müəllimlərin təlimi və şagirdlərin şəxsi məlumatlarının qorunması daxildir.
Fərmanda Süni İntellektin İnkişafı Şurasının üzvü, beynəlxalq ekspert Li Kay-Funun tövsiyələrinin praktik olaraq təmin olunmsı və hökumət tərəfindən 2026-cı il iyunun 1-dək orta təhsildə pilot layihənin həyata keçirilməsi üçün konkret təkliflərin təqdim edilməsi, sonradan miqyaslandırılması nəzərdə tutulur. Bu yeniliklər şəhər və kənd məktəbləri arasında təhsil keyfiyyətindəki fərqi azaltmağa yönəlib. Pilot layihə 1 avqust 2026-cı il tarixinə qədər məktəbləri sabit yüksək sürətli internet də daxil olmaqla texniki avadanlıqlarla təmin edəcək.
Süni intellektin orta təhsil sistemində tətbiqi standartları 1 sentyabr 2026-cı il tarixinə qədər təsdiqlənəcək.
“Həmçinin, 1 sentyabr 2026-cı il tarixinədək müəllimlərin peşəkar fəaliyyətinə xələl gətirmədən və ya onu əvəz etmədən, davamlı peşəkar inkişaf təmin edən və süni intellekt texnologiyalarının təhsil prosesində əlavə effektiv vasitə kimi istifadəsini təmin edən tədbirlər planı qəbul ediləcək”, - deyə Prezidentin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Hökumətə orta təhsil müəssisələrində fərdi məlumatların qorunmasını gücləndirmək və təhsil məzmununun dövlət icbari təhsil standartının tələblərinə uyğun olmasını təmin etmək üçün tədbirlər görmək tapşırılıb.
Ölkənin “Astana, Almatı, Şımkent şəhərlərinin və bir sıra bölgələrin idarəetmə qurumlarına 1 avqust 2026-cı il tarixinə qədər süni intellektin orta təhsil sistemində tətbiqi üzrə regional planları Kompleks Planla sinxronlaşdırılaraq təsdiqləmələri, pilot layihənin və Kompleks Planın həyata keçirilməsi üçün təşkilati və digər tədbirlər görmələri tapşırılıb. Bu fərmanın icrasına nəzarət Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasına həvalə olunub”, - deyə mətbuat xidməti qeyd edib.
Xatırladaq ki, mayın 4-də Qasım-Jomart Tokayevin sədrliyi ilə Süni İntellekt İnkişaf Şurasının ikinci iclası keçirilib. Prezident çıxışında dünyanın keyfiyyətcə yeni texnoloji transformasiya mərhələsinə qədəm qoyduğunu qeyd edib. Onun sözlərinə görə, baş verən dəyişikliklər, transformasiyaların sürəti və dərinliyi baxımından 19-cu və 20-ci əsrlərin sənaye inqilabları ilə müqayisə edilə bilməz, fiziki reallıqla rəqəmsal məkan arasındakı sərhədləri silir.
Q.Tokayev gələcəkdə süni intellekt tətbiqi üçün əsas sahələri müəyyən edib. Prezident həmçinin süni intellektin sənaye sektorunda tətbiqini nəzərdən keçirməyi təklif etdi. O, hazırkı mərhələdə süni intellektin strateji əhəmiyyətinin modellərin miqyası ilə deyil, onların real iqtisadiyyata effektiv şəkildə inteqrasiya etmək qabiliyyəti ilə müəyyən edildiyini vurğulayıb.



