Qazaxıstanda 10 ən yaxşı oxucu seçiləcək – Hər qalib 38 min manat qazanacaq

29 Sentyabr, 2026 - 14:51
Qazaxıstanda 10 ən yaxşı oxucu seçiləcək

Qazaxıstanda müxtəlif yaş və peşə qruplarını əhatə edən “İlin 10 oxucusu” respublika layihəsinə start verilib. 

"Azərbaycan müəllimi" Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, layihənin sonunda 10 qalib müəyyənləşdiriləcək və onların hər birinə 10 milyon təngə (təxminən 38 min manat) pul mükafatı təqdim olunacaq.

Layihə Qazaxıstanın bütün regionlarını, 195 rayon və 87 şəhəri əhatə edir. Məktəblilər, kollec və universitet tələbələri, müəllimlər, ailələr, dövlət qulluqçuları və digər vətəndaşlar layihədə iştirak edə bilərlər. Siyasi və intellektual xadimlər üçün isə “Parasat” adlı ayrıca kateqoriya yaradılıb.

Layihə çərçivəsində iştirakçılar üçün xüsusi platforma istifadəyə verilib. Hər kateqoriya üzrə iştirakçılardan yerli ədəbiyyat, dünya klassikası və müasir əsərlər daxil olmaqla 15 kitab oxumaları tələb olunur. 

Oxu marafonu 2026-cı il sentyabrın 1-də başlayıb. Əsas mərhələ 2027-ci ilin mart ayınadək davam edəcək. Daha sonra regional seçim keçiriləcək və ölkənin 20 regionunun hər birindən 10 ən yaxşı oxucu respublika finalına vəsiqə qazanacaq. Beləliklə, Astanada keçiriləcək finalda 200 iştirakçı mübarizə aparacaq.

Finalçılar testdən keçəcək, müxtəlif müsabiqə tapşırıqlarını yerinə yetirəcək və respublika komissiyası qarşısında çıxış edəcəklər və sonda 10 qalib müəyyənləşdiriləcək.