Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici seminar keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Müasir kənd təsərrüfatında real iş imkanları və uğurlu təsərrüfat quruculuğu” mövzusunda seminar təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, seminar kənd təsərrüfatı üzrə sahibkar, eyni zamanda mərkəzin ixtisas fənn müəllimi Elvin Atakişiyev tərəfindən aparılıb.
Tədbirdə İsrailin “Rivulis Agro” şirkətinin mütəxəssisi Orxan Muradzadə müasir suvarma texnologiyaları, eləcə də real sahə təcrübəsi ilə bağlı iştirakçılara ətraflı məlumat verib. O, innovativ suvarma sistemlərinin kənd təsərrüfatında məhsuldarlığın artırılmasında rolundan bəhs edib.
Seminarın əsas məqsədi kənd təsərrüfatında real təsərrüfat təcrübəsinin paylaşılması, işəgötürənlərin sahə üzrə real tələblərinin izahı, gənclərdə peşəyə maraq və motivasiyanın artırılması, məzun olduqdan sonra öz təsərrüfatını qurmaq imkanlarının təqdim edilməsi, eləcə də sahibkarın şəxsi uğur yolu və praktiki təcrübəsinin bölüşdürülməsi olub.
Qeyd edək ki, seminar interaktiv formatda keçib və iştirakçıların sualları ətrafında geniş müzakirələr aparılıb.



