Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində YTP məzunları ilə görüş keçirilib
Ali təhsil və əmək fəaliyyətində uğur qazanan “Yüksək texniki peşə” (YTP) təhsili məzunlarına “Fəxri Fərman” təqdim olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Yüksək texniki peşə” təhsili üzrə təhsil almış və müxtəlif istiqamətlərdə uğur əldə etmiş məzunlarla görüş keçirilib.
Məzunlardan ali təhsil müəssisələrinə qəbul olan, mərkəzin tərəfdaşları olan müəssisələrdə əmək fəaliyyətinə başlayan və mərkəzdə işlə təmin olunanlar təmsil olunublar.
Görüşdə mərkəzin direktoru çıxış edərək tədris prosesinin keyfiyyəti, praktiki məşğələlərin əhəmiyyəti və məzunların əldə etdikləri bilik və bacarıqlar barədə ətraflı məlumatlar verib, onların nailiyyətlərinin mərkəz üçün əhəmiyyətli olduğunu bildirib və gələcək əməkdaşlıqlar istiqamətində müzakirələr aparılıb.
Məzunlar çıxış edərək mərkəzdə aldıqları təhsilin universitetin tədris səviyyəsinə uyğunluğu, praktiki bacarıqların onların həm ali təhsildə, həm də əmək fəaliyyətində uğur qazanmasında mühüm rol oynadığını bildiriblər.
Sonda məzunlara Ali təhsil və əmək fəaliyyətində uğur qazandıqlarına görə “Fəxri Fərman” təqdim olunub, xatirə şəkilləri çəkilib.



