Qəbələdə 1000-dən çox tələbə peşə təhsili alır – 56 rayondan gələnlər var
“Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 1000-dən çox tələbə təhsil alır. Onların 300-dən çoxu respublikanın 56 rayonundan gələn gənclərdir. Bu da mərkəzin geniş coğrafiyanı əhatə etdiyini və regionlararası əhəmiyyətini göstərir”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Təhsilalanlarla iş şöbəsinin müdiri Əhməd Əhmədli deyib.
O bildirib ki, tələbə qəbulu prosesinin daha effektiv təşkili məqsədilə mərkəz Qəbələ rayonunun ümumtəhsil müəssisələrində peşəyönümlü tədbirlər həyata keçirir: “Ötən ildən bu fəaliyyətlər ətraf rayonları da əhatə edərək daha geniş miqyas alıb. Bu yanaşma gənclərin erkən mərhələdə düzgün ixtisas seçimi etməsinə və peşə təhsilinə yönəlməsinə mühüm töhfə verir”.
Şöbə müdirinin fikrincə, peşə təhsilinə ölkə miqyasında artan maraq sadəcə mərkəzin həyata keçirdiyi tədbirlərlə bağlı deyil: “Peşə təhsilinin cəlbediciliyini artıran əsas amillərdən biri də qısa müddətdə əmək bazarına çıxış imkanı yaratmasıdır. Tədris proqramına uyğun olaraq tələbələr artıq təlim prosesində ixtisaslarına uyğun praktik bacarıqlara yiyələnirlər. İşəgötürənlərin də əsas tələbi məzunun konkret peşə bacarıqlarına malik olmasıdır. Məhz bu baxımdan peşə təhsili gənclərə nəzəri biliklə yanaşı, real iş mühitinə hazır kadr kimi formalaşmaq imkanı yaradır”.
Ölkə səviyyəsində peşə təhsili müəssisələrinə qadınların qəbulu göstəriciləri ildən-ilə artır. Məsələn, 2022-ci ildə qəbul olanların 32 faizi qadın idisə, 2025-ci ildə bu göstərici 40 faizə yüksəlib. Ə.Əhmədli bildirib ki, Qəbələdə də bu göstəriciyə uyğundur: “Sevindirici haldır ki, təhsilalanların təxminən 35 faizini qızlar təşkil edir ki, bu da peşə təhsilində gender balansının formalaşmasının göstəricisidir”.
Şöbə müdiri peşə təhsilinin üstünlüklərindən biri kimi yaş amilini də irəli sürür. Peşə təhsili müəssisələrinə qəbulda məhdudiyyətin olmamasının nəticəsidir ki, bu il ölkədə peşə təhsili müəssisələrinə qəbul olunanlar 13-78 yaş aralığındadır. Qəbələdə isə 15 yaşdan başlayaraq müxtəlif yaş qruplarından olan şəxslər bu imkandan yararlanaraq yeni peşə qazana və ya mövcud biliklərini inkişaf etdirə bilirlər: “Bu, peşə təhsilini cəmiyyət üçün daha əlçatan və cəlbedici edir”
Peşə təhsilinin nüfuzunun artmasında dual təhsil modelinin rolunu qeyd edən mütəxəssisin fikrincə, real iş yerlərində paralel şəkildə bilik və bacarıq qazanmaq imkanı yaradan bu model üzrə daha çox ixtisasa qəbul həyata keçirilməlidir: “Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ölkədə dual təhsil modelinin tətbiq olunduğu ilk müəssisələrdən biridir. Hazırda mərkəzdə dual təhsil üzrə 11 ixtisas üzrə 12 qrup fəaliyyət göstərir və növbəti tədris ilində bu modelin daha da genişləndirilməsi planlaşdırılır. Dual təhsil modeli tələbələrə həm təhsil müəssisəsində, həm də real iş yerlərində paralel şəkildə bilik və bacarıq qazanmaq imkanı yaradır”.
Bunun nəticəsidir ki, məzunların məşğulluq göstəriciləri ildən-ilə artır: “Son 5 ildə 2122 məzunumuz olub. Onların orta hesabla 60 faizi işləyir. Bu nəticə peşə təhsilinin əmək bazarına inteqrasiyada effektivliyini bir daha sübut edir. İşəgötürənlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xüsusilə özəl sektorla qurulan tərəfdaşlıqlar bu uğurun əsasını təşkil edir”.



