Qəbələdə gənclər üçün karyera və süni intellekt forumu başa çatıb
Qəbələdə “Gənclərin gələcəyinə istiqamət” forumu başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, forumun açılışında GİKM-in Qəbələ bölməsinin rəhbəri Teymur Alşanov forumun məqsədi və “Karyera quruculuğunda süni intellekt bələdçisi”nin elektron versiyası haqqında təqdimatla çıxış edib.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Təhsilalanlarla iş şöbəsinin müdiri Əhməd Əhmədli Mərkəzin fəaliyyəti, təhsil imkanları, mərkəzdə yeni yaradılmış ixtisaslar və qəbul barədə iştirakçılara ətraflı məlumat verib.
Orxan Musayevin moderatorluğu ilə keçirilən panel müzakirəsində GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin koordinatoru Coşqun İsmayılov, Qarabağ regional nümayəndəliyinin koordinatoru Pərvin Əhmədova, Lənkəran–Astara regional nümayəndəliyinin Masallı bölməsinin rəhbəri Orxan Əliyev və Qəbələ bölməsinin rəhbəri Teymur Alşanov çıxış ediblər.
Forum çərçivəsində iştirakçılar beynəlxalq imkanlar, düzgün ixtisas və karyera seçimi, həyati bacarıqlar, eləcə də süni intellekt dövründə rəqəmsal səriştələrin inkişafı mövzularında faydalı məlumatlar əldə ediblər. Panel müzakirəsi isə gənclər üçün fikir mübadiləsi və yeni əməkdaşlıqlar baxımından səmərəli platforma olub.
Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin təşkilatçılığı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ regional “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.




