Qəbələdə peşə təhsilinin təbliğinə start verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşəyönümü fəaliyyətlərinin həyata keçirilməsinə başlanılıb.
Mərkəzindən "Azərbaycan müəllimi"nə bildirilib ki, fəaliyyət çərçivəsində mühəndis-pedaqoji heyət tərəfindən Qəbələ şəhərində və rayonun müxtəlif kəndlərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri ilə maarifləndirici görüşlər təşkil olunub.
Görüşlər zamanı şagirdlərə müasir dövrdə peşə təhsilinin əhəmiyyəti, əmək bazarında peşə sahiblərinə olan tələbat, həmçinin peşə təhsilinin gənclərin gələcək karyera imkanlarının formalaşmasında rolu barədə ətraflı məlumat verilib. Eyni zamanda mərkəzdə tədris olunan ixtisaslar, mövcud tədris və praktiki imkanlar, qəbul qaydaları haqqında təqdimatlar edilib və iştirakçılara məlumatlandırıcı bukletlər paylanılıb.
Tədbirlər zamanı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti, müasir emalatxanalar, dəzgahlarla təchiz olunmuş praktiki tədris mühiti, sinif otaqları və müxtəlif işəgötürən müəssisələrlə qurulan səmərəli əməkdaşlıq haqqında da geniş məlumat verilib.
Görüşlərin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, peşə seçimi ilə bağlı tövsiyələr verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən peşəyönümü fəaliyyətlərinin təşkili və peşə təhsilinin təbliği istiqamətində işlər davam etdirilir.



