Mixi yazıları artıq süni intellekt oxuyacaq

19 May, 2026 - 12:59
Mixi yazıları artıq süni intellekt oxuyacaq

Almaniyanın Vürtsburq Universiteti və Mayns Elmlər və Ədəbiyyat Akademiyasının alimləri hititlərə aid minlərlə gil lövhəni analiz edən yeni süni intellekt aləti – “Palaeographicum”u təqdim ediblər.

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, sistem qədim mixi işarələrin fərdi yazı üslubunu tanıyaraq dünyanın müxtəlif muzeylərinə səpələnmiş fraqmentləri bir-biri ilə uyğunlaşdıra bilir.

3 500 il əvvəl Anadoluda yaşamış hetlərin istifadə etdiyi mixi yazı sistemi 375 işarədən ibarət idi. Zamanla gil lövhələrin əksəriyyəti qırılıb və parçaları müxtəlif ölkələrə yayılıb. Yeni süni intellekt texnologiyası isə bu parçaların hansı lövhəyə aid olduğunu daha sürətli müəyyənləşdirir.

Alimlərin sözlərinə görə, əvvəllər beş fraqmentin yazı üslubunu müqayisə etmək üç gün çəkirdisə, indi bu işi cəmi beş dəqiqəyə görmək mümkündür. Sistem hazırda 70 min foto və 5 milyondan çox mixi işarə üzərində işləyir.

Araşdırmaçılar bildirirlər ki, süni intellekt gələcəkdə ayrı-ayrı katiblərin “əlyazısını” da tanıya biləcək. Bu isə hetlərin yazı mədəniyyətinin sosial tarixini yenidən qurmağa imkan verə bilər.