Qədir Xəlilov: Xaricdə təhsil üzrə Dövlət Proqramı təxminən əlli ildir ki, ölkəmizdə icra olunur
“Xaricdə təhsil üzrə Dövlət Proqramı təxminən əlli ildir ki, ölkəmizdə icra olunur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, proqramın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün də uğurla davam etdirilir. Qeyd olunub ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı"nın ilk mərhələsi 2007-2015-ci illəri əhatə edib, hazırda isə 2019–2028-ci illəri əhatə edən Dövlət Proqramı icra olunur.
Layihə rəhbərinin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən “neft kapitalının insan kapitalına çevrilməsi” siyasəti çərçivəsində gənclərin xaricdə nüfuzlu ali məktəblərdə təhsil almasına geniş imkanlar yaradılıb.
O, həmçinin ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil, elm və mədəniyyət sahələrinə göstərdiyi xüsusi diqqəti də vurğulayıb.
Q. Xəlilov qeyd edib ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvü olan təşkilatların rəhbərləri ilə keçirilən görüşün məqsədi də məhz bu proqram barədə məlumatları daha geniş tələbə auditoriyasına çatdırmaqdır. Onun sözlərinə görə, bu təşəbbüs ölkənin ən böyük sosial layihələrindən biri olan xaricdə təhsil imkanlarının gənclər arasında daha geniş tanıdılmasına xidmət edir.



