Qəhrəmanmaraşda hücumun baş verdiyi məktəb bağlanır

17 Aprel, 2026 - 16:31
Qəhrəmanmaraşda hücumun baş verdiyi məktəb bağlanır

Türkiyənin Qəhrəmanmaraş şəhərində 10 nəfərin həyatını itirdiyi silahlı hücumun baş verdiyi Ayser Çalık adına orta məktəb müvəqqəti olaraq bağlanır.

"Azərbaycan müəllimi" xəbər verir ki, hadisədən sonra şəhərdə bütün məktəblərdə tədrisə 2 gün ara verilib. Tədrisin bazar ertəsi günü bərpa olunacağı bildirilsə də, hücumun baş verdiyi məktəbin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Qəhrəmanmaraş Valiliyindən bildirilib ki, qərar şagirdlərin psixoloji vəziyyəti və valideynlərin müraciətləri nəzərə alınaraq verilib.

Qeyd olunub ki, Ayser Çalık adına orta məktəbdə təhsil alan şagirdlər digər məktəblərə köçürüləcək.

Rəsmi açıqlamaya əsasən, şagirdlər tədrislərini Şəhid Tebernuş Özlər adına orta məktəbdə davam etdirəcəklər. Təhsil prosesi ikinövbəli sistem əsasında təşkil olunacaq: həmin məktəbin şagirdləri səhər, köçürülən şagirdlər isə günorta növbəsində oxuyacaqlar.

Həmçinin Ayser Çalık adına orta məktəbin nəzdində fəaliyyət göstərən məktəbəqədər qrupun başqa bir uşaq bağçasına köçürülməsi qərara alınıb.

Məktəblə bağlı yekun qərarın isə daha sonra veriləcəyi bildirilib.