“Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə qiymətləndirmə keçirilib
Noyabrın 28-də Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) “Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə səriştələrin qiymətləndirilməsi məqsədilə nəzəri imtahan təşkil olunub.
TKTA-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, agentliyin maliyyə dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən imtahanda ümumilikdə 13 nəfər iştirak edib.
TKTA tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələyə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda peşə sənədi əldə edirlər.
İmtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırmaq istərdik ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat (https://tinyurl.com/53jmtf8z) davam edir. Vətəndaşlar ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.
Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
TKTA tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən ərizəçiyə verilən sertifikat ona ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir. Müraciətçiyə verilən diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”na uyğun olaraq peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və ya ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.



