Qiyabi oxuyanlar üçün hərbi möhlət: Qanun dəyişərsə, nə dəyişəcək?
Azərbaycanda qiyabi təhsil forması uzun illərdir ki, müxtəlif səbəblərə görə əyani təhsil ala bilməyən gənclər üçün alternativ imkan kimi mövcuddur. Bu təhsil forması xüsusilə işləyən, ailə məsuliyyəti olan və ya başqa səbəblərlə davamlı şəkildə universitet dərslərində iştirak edə bilməyən şəxslər üçün əlverişli hesab olunur. Lakin son illərdə qiyabi təhsil alan gənclərin hərbi çağırışla bağlı möhlət hüququnun olmaması məsələsi də müzakirə olunan mövzulardan biridir.
Ombudsman Səbinə Əliyeva da parlamentə təqdim etdiyi illik məruzədə bu məsələni yenidən gündəmə gətirərək qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlətin verilməsini təklif edib. Qeyd edib ki, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişiklik edilsin.
Qiyabi təhsil necə təşkil olunur?
Qiyabi təhsil forması əyani təhsildən əsasən təşkilati baxımdan fərqlənir. Bu modeldə tədris prosesi davamlı gündəlik dərslər şəklində deyil, sessiya xarakterli şəkildə təşkil olunur.
Gəncə Dövlət Universitetinin Tədris departamentinin direktoru Elturan Yusifov bildirir ki, universitetdə qiyabi və əyani təhsil üzrə əsas akademik prinsiplər eynidir: “Gəncə Dövlət Universitetində əyani və qiyabi təhsil üzrə davamiyyət və imtahana buraxılış qaydaları eyni prinsiplərə əsaslanır. Fərq yalnız tədrisin təşkilati formasındadır (əyani – davamlı, qiyabi – sessiya xarakterli). Davamiyyət fakültə səviyyəsində nəzarətdə saxlanılır və tədris prosesi normativ qaydalara uyğun həyata keçirilir. Qiyabi formada təhsilalanlarla əyani formada təhsilalanların davamiyyət göstəriciləri arasında fərq yoxdur”.
Qiyabi təhsildə dərslər əsasən müəyyən dövrlərdə – semestr sessiyaları zamanı keçirilir. Bu dövrdə tələbələr qısa müddət ərzində intensiv mühazirələrə və seminar məşğələlərinə qatılır, daha sonra isə imtahanlarda iştirak edirlər. Bu model tələbələrin vaxt baxımından daha sərbəst plan qurmasına imkan yaradır.
Hərbi xidmət məsələsi və təhsilə təsir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət hüququnun verilməməsi bəzi tələbələrin təhsil prosesində fasilə verməsinə də səbəb ola bilər.
Elturan Yusifov qeyd edir ki, hərbi xidmətlə bağlı möhlət hüququnun olmaması bəzi hallarda qiyabi təhsil alanların davamiyyətinə mənfi təsir göstərir: “Belə ki, dərslərdə iştirak səviyyəsi aşağı düşə, imtahanlara buraxılma şansı pisləşə və nəticədə tədris prosesində gecikmələr yarana bilər. Bu, qiyabi və əyani təhsil arasında mövcud olan əsas təşkilati fərqlərdən biridir”.
Onun sözlərinə görə, belə hallarda bəzi tələbələr təhsilini müvəqqəti dayandırırlar: “Belə möhlət hüququ verilmədikdə qiyabi şöbə tələbələrinin bir qismi hərbi xidmət səbəbindən təhsilinə müvəqqəti fasilə verməli olur. Lakin əksər hallarda xidmət başa çatdıqdan sonra onlar təhsilini bərpa edərək proqramı tamamlayırlar. Bununla yanaşı, müəyyən sayda tələbədə tədris müddətinin uzanması və ya təhsilin dayandırılması halları da müşahidə oluna bilər”.
Sessiya sistemi və praktiki çətinliklər
Qiyabi təhsil modelinin əsas xüsusiyyəti sessiya əsaslı olmasıdır. Bu isə tələbələrin bütün akademik fəaliyyətinin müəyyən dövrlərdə cəmlənməsi deməkdir.
Elturan Yusifov bildirir ki, hərbi çağırış və ya digər əmək fəaliyyəti ilə bu dövrlərin üst-üstə düşməsi tələbələr üçün çətinlik yarada bilər: “Qiyabi təhsil əsasən sessiya xarakterli və intensiv dərs qrafiki üzrə təşkil olunur, məşğələlər və imtahanlar müəyyən dövrlərdə cəmləşdirilmiş formada keçirilir. Hərbi çağırış və ya digər əmək fəaliyyəti ilə üst-üstə düşdükdə tələbələrin sessiyalarda iştirak imkanları məhdudlaşa, davamiyyət və imtahanlara buraxılışla bağlı çətinliklər yarana bilər. Bu isə bəzi hallarda tədris müddətinin uzanmasına və ya müvəqqəti fasilələrə səbəb olur”.
Akademik, psixoloji və sosial təsirlər
Mütəxəssis hesab edir ki, qiyabi oxuyan gənclərin hərbi xidmət səbəbindən təhsildə fasilə verməsi belə təhsil alanlar üçün akademik, psixoloji və sosial baxımdan bir sıra real çətinliklər yarada bilər:
Akademik baxımdan yaranan çətinlik belıdir: hərbi xidmət səbəbindən sessiya və imtahanlarda iştirak mümkün olmadıqda davamiyyət norması pozula, imtahana buraxılış məhdudlaşa və nəticədə tədris müddəti uzana bilər. Bəzi hallarda tələbə fənləri təkrar dinləməli olur.
Psixoloji baxımdan - təhsilin yarımçıq qalması riski, qeyri-müəyyənlik və gələcək planların gecikməsi stres və motivasiyanın azalmasına səbəb ola bilər.
Sosial baxımdan - təhsildə fasilə karyera planlarının ləngiməsinə, əmək bazarına çıxışın gecikməsinə və ya sosial mühitdən (qrup, akademik əlaqələr) müvəqqəti uzaqlaşmaya gətirib çıxara bilər”.
Möhlət hüququ verilsə, nə dəyişə bilər?
E.Yusifovun fikrincə, möhlət hüququnun tətbiqi qiyabi təhsil alanların akademik prosesdə iştirakını daha stabil edə bilər: “Möhlət hüququ verildiyi halda qiyabi şöbə tələbələrinin təhsil prosesində fasilələr azala, sessiyalarda və imtahanlarda iştirak göstəriciləri daha stabil ola bilər. Bu, akademik nəticələrin yaxşılaşmasına və tədris müddətinin vaxtında tamamlanmasına müsbət təsir göstərə bilər. Eyni zamanda tələbələrin psixoloji rahatlığı və motivasiyası da artar”.
Bununla yanaşı, müasir təhsil modelləri qiyabi təhsil alanlar üçün daha çevik yanaşmaların tətbiqini də mümkün edir: “Qiyabi təhsil alanlar üçün daha çevik tədris modeli (onlayn mühazirələr, alternativ imtahan tarixləri və fərdi qrafiklər) tətbiq oluna bilər. Hərbi xidmətə çağırılan tələbələr üçün akademik məzuniyyət və ya xüsusi bərpa mexanizmlərinin sadələşdirilməsi çətinlikləri azalda bilər. Eyni zamanda, fərdi akademik məsləhət və psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi onların təhsilə davamlılığını artırar”.
Gənclərin mövzuya münasibəti
Mövzu ilə bağlı məktəb məzunları və gələcək abituriyentlərin də fikirləri fərqlidir. Bəzi gənclər qiyabi təhsili gələcək planlarını həyata keçirmək üçün uyğun seçim hesab edirlər.
Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nicat Qəhrəmanov hesab edir ki, qiyabi təhsil bir çox gənclər üçün praktik seçimdir: “Müsbət tərəfi ondan ibarətdir ki, insan həm işləyə, həm də ali təhsil ala bilər”.
Onun fikrincə, qiyabi təhsil alanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi gənclərin planlarına müsbət təsir edə bilər. Bununla yanaşı, hərbi xidmət və təhsil arasında balansın vacib olduğunu da düşünür: “Hərbi xidmət hər bir gəncin vətən qarşısında borcudur. Lakin ali təhsil də inkişaf üçün mühüm amildir. Mənim fikrimcə, bu iki istiqamət balanslı şəkildə təşkil edilməlidir. Məsələn,ali təhsil müddətində ilkin hərbi hazırlıq proqramları gücləndirilə bilər. Təhsil başa çatdıqdan sonra xidmət həyata keçirilə bilər”.
Eyni məktəbin XI sinif şagirdi Ümüd Allahverdiyev də qiyabi təhsilin müəyyən üstünlükləri olduğunu fikirləşir: “Qiyabi təhsilin əsas üstünlüyü vaxt baxımından daha sərbəst olmaqdır. İnsan həm işləyə, həm ailəsinə dəstək ola, həm də ali təhsil ala bilər. Mənfi tərəfi isə dərs prosesinin əyani təhsil qədər aktiv olmamasıdır”.
O da hesab edir ki, möhlət hüququ bəzi gənclərin təhsil planlarını daha rahat qurmasına imkan verə bilər: “Əgər qiyabi təhsil alanlara möhlət hüququ verilsəydi, insan təhsilini yarımçıq qoymadan gələcək planlarını daha rahat qura bilərdi”.
Onun fikrincə, hərbi hazırlıq və ali təhsil bir-birini tamamlayan proses kimi təşkil edilə bilər: “Təklif edərdim ki, tələbələr üçün yay aylarında hərbi təlim proqramları təşkil edilsin”.
XI sinif şagirdi Əli Vəliyev isə gələcəyini hərbi sahədə görür və bu istiqamətdə əyani təhsilə üstünlük verir: “Uşaqlıqdan vətənə xidmət etməyi özüm üçün ən böyük şərəf hesab etmişəm. Bu səbəbdən hərbi sahədə təhsil almaq və zabit kimi Azərbaycan Ordusunda xidmət etmək istəyirəm”.
Onun fikrincə, ali təhsil və hərbi xidmət arasında uyğun model qurulması daha məqsədəuyğundur: “Məncə, hərbi hazırlıq və ali təhsil bir-birini tamamlayan sahələrdir. Ali təhsil alan gənclərə təhsillərini bitirdikdən sonra hərbi xidmət keçmək imkanı verilməsi daha məqsədəuyğun ola bilər. Bu halda savadlı mütəxəssislər yetişər, həm də gənclər vətən qarşısındakı borclarını layiqincə yerinə yetirərlər”.



