Naxçıvan olimpiadada 66 nəfərlik heyətlə təmsil olunacaq
"Naxçıvan Muxtar Respublikası Məktəblilərin Respublika İdman Olimpiadasında 66 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq".
Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunun müdiri Hüseyn Qəhrəmanov məlumat verib.
O bildirib ki, Muxtar Respublika üzrə fəaliyyət göstərən 8 idman məktəbinin bazasında vahid komanda formalaşdırılıb. Komandanın tərkibinə 7 idman növü üzrə 51 idmançı, 14 məşqçi və 1 məsul şəxs daxil edilib:
"Nümayəndə heyəti ağırlıqqaldırma, atletika, basketbol, boks, cüdo, sərbəst güləş və stolüstü tennis üzrə yarışlarda iştirak edəcək. Komandada ağırlıqqaldırma üzrə 3, atletika üzrə 6, basketbol üzrə 12, boks üzrə 10, cüdo üzrə 7, sərbəst güləş üzrə 7, stolüstü tennis üzrə isə 6 idmançı yer alıb. Hər idman növü üzrə idmançıların hazırlığına 2 məşqçi rəhbərlik edəcək".
Hüseyn Qəhrəmanov qeyd edib ki, Məktəblilərin Respublika İdman Olimpiadasında iştirakın əsas məqsədi məktəbli idmançıların potensialının üzə çıxarılması, sağlam rəqabət mühitinin təşviqi və gələcək uğurlar üçün şərait yaradılmasıdır.
Qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası 21-26 iyun tarixlərində keçiriləcək.




