Qlobal oxu nəticələri niyə aşağı düşür? – Andreas Şleyxerin təhlili

24 Sentyabr, 2026 - 10:56
Qlobal oxu nəticələri niyə aşağı düşür?

Yeni Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA 2025) nəticələri arasında ən çox narahatlıq doğuran məqam qlobal oxu göstəriciləridir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, OECD-nin Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer “Qlobal oxu nəticələri niyə aşağı düşür?” adlı növbəti məqaləsində PISA 2025 tədqiqatının oxu üzrə nəticələrini təhlil edib. O, qeyd edir ki, 2018–2025-ci illər arasında təhsil sistemlərinin dörddə üçündə - müqayisə edilə bilən məlumatların mövcud olduğu 74 təhsil sistemindən 56-da orta oxu nəticələri əhəmiyyətli dərəcədə aşağı düşüb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə oxu nəticələri orta hesabla 25 bal azalıb. İslandiya və Sloveniyada isə bu azalma xüsusilə böyük - 50 baldan çox olub.

Onun sözlərinə görə, 20 balın təxminən birillik təlimə bərabər olduğu nəzərə alınarsa, bu o deməkdir ki, 2025-ci ildə OECD ölkələrində 15 yaşlı şagirdlərin əksəriyyəti, orta hesabla, adətən 14 yaşlılardan gözlənilən səviyyədə nəticə göstərib.

“Yalnız bir neçə ölkə bu tendensiyadan kənara çıxaraq statistik baxımdan əhəmiyyətli irəliləyiş nümayiş etdirib: Qətər (11 bal artım), Bruney-Darüssalam (18 bal), Kamboca (26 bal), Filippin (27 bal) və Zambiya (50 bal). Bu təhsil sistemlərinin hamısı hələ də OECD orta göstəricisindən aşağı nəticə göstərir. Bununla belə, qlobal miqyasda ümumi geriləməyə baxmayaraq, ölçülə bilən irəliləyiş əldə etdikləri üçün onların nəticələri diqqətə layiqdir. 

Oxu nəticələrinin bu qədər geniş miqyasda geriləməsi məsələyə daha dərindən baxmağı tələb edir. Xüsusilə ona görə ki, oxu bacarığı şagirdlərin digər fənlərdə nə dərəcədə uğurlu çıxış etməsinin mühüm amillərindən biridir”.

A.Şleyxer qeyd edir ki, şagirdlərin müxtəlif PISA tapşırıqlarına verdikləri cavabları təhlil etməklə, konkret hansı sahələrdə nəticələrin zəiflədiyini müəyyənləşdirmək mümkündür. “Məlumatlar göstərir ki, qızlar və oğlanlar arasındakı nəticə fərqləri, eləcə də immiqrant və qeyri-immiqrant şagirdlər arasındakı fərqlər nisbətən dəyişməz qalıb. Lakin şagirdlərin böyük bir hissəsi daha uzun mətnlərlə bağlı və daha yüksək səviyyəli koqnitiv bacarıqlar tələb edən oxu tapşırıqlarında çətinlik çəkib. Belə tapşırıqlar diqqətli oxunuşu, uzun müddət diqqəti cəmləməyi və əsaslandırılmış mühakimələr formalaşdırmaq üçün müxtəlif məlumat parçalarını bir-biri ilə əlaqələndirmək bacarığını tələb edir. 

Eyni zamanda, bütün şagirdlərin ən azı müəyyən hallarda “tələsik oxuma” ehtimalı artıb. Bu o deməkdir ki, onlar mətnləri daha sürətlə nəzərdən keçirməyə və tez, lakin yanlış cavablar verməyə daha meyillidirlər”.

PISA-nın rəhbəri diqqətə çatdırıb ki, 2018–2025-ci illər arasında şagirdlərin sürətli, lakin qeyri-dəqiq oxuduqları hallar demək olar ki, iki dəfə artaraq 9 faizə çatıb. Üç təhsil sistemində – Kosovoda, Dominikan Respublikasında və Bolqarıstanda – bu artım 10 faiz bəndindən çox olub. Maraqlıdır ki, hər üç təhsil sistemində şagirdlər OECD üzrə orta göstəricidən daha yüksək səviyyədə rəqəmsal diqqət yayındırıcı amillərlə qarşılaşdıqlarını bildiriblər.

“Tələsik oxuyan şagirdlərin sayının artması ilə daha mürəkkəb oxu tapşırıqlarında nəticələrin aşağı düşməsi arasında əlaqəni rəqəmsal oxuya keçidin sürətlənməsi ilə əlaqələndirmək nisbətən asandır. Bunu qəti şəkildə söyləmək mümkün deyil. Lakin sosial media lentlərini sürətlə nəzərdən keçirmək və məlumatı çox tez emal etmək mürəkkəb mətn və məlumatlarla işləmək bacarığının və buna motivasiyanın zəifləməsinə səbəb ola bilər. 

PISA-nın məlumatlarına görə, 2022-ci ildən etibarən gündə bir saatdan çox vaxtını rəqəmsal cihazlardan sosial şəbəkələrə baxmaq üçün istifadə etdiyini bildirən şagirdlərin payı təxminən 6 faiz bəndi artıb”.

A.Şleyxer hesab edir ki, COVID-19 pandemiyasının və məktəblərin bağlanmasının təsiri də nəticələrin ən azı müəyyən hissəsinin aşağı düşməsini izah edə bilər. Lakin məlumatlar göstərir ki, təhsildə struktur xarakterli problemlər COVID-19-dan xeyli əvvəl mövcud olub. 

Onun fikrincə, 15 yaşlı şagirdlərin PISA məlumatlarını başqa bir tədqiqatın – PIRLS-in nəticələri ilə müqayisə etmək mümkündür. PIRLS əsasən ibtidai məktəblərdə 9–10 yaşlı şagirdləri 2016 və 2021-ci illərdə qiymətləndirib. Məsələn, 2016-cı ildə PIRLS-də iştirak edən şagirdlərin böyük bir hissəsi 2022-ci ildə PISA imtahanında iştirak etmək üçün yaş həddinə çatmışdı. Buna görə də iki tədqiqat arasında əlaqənin olub-olmadığını müəyyənləşdirmək mümkündür.

“Təhlil göstərir ki, PISA üzrə oxu nəticələrindəki geriləmələrin əksəriyyətindən əvvəl daha erkən yaşlarda PIRLS nəticələrində də azalmalar müşahidə olunub. Bu, oxu bacarıqlarındakı geriləmənin ən azı bir hissəsinin uşaqlıq dövrünün daha erkən mərhələlərindəki təcrübələrlə – o cümlədən şagirdlərin ev şəraiti, erkən yaşlarda oxu bacarıqlarının inkişafı və əvvəlki məktəb təcrübələri ilə – əlaqələndirilə biləcəyini göstərir. Başqa sözlə, oxu nəticələrindəki geriləmə yalnız yeniyetmələrə təsir etmir; bu narahatedici tendensiya artıq ibtidai məktəblərdə də özünü göstərir.

Məlumatların təhlili digər əlaqələri də üzə çıxarır. OECD ölkələrində şagirdlər 2025-ci ildə PISA testində 2022 və 2018-ci illərlə müqayisədə daha az səy göstərdiklərini bildiriblər.

Həmçinin “bir çox müxtəlif şeylərlə maraqlanan” şagirdlərin payı 2022-ci illə müqayisədə azalıb. Bu azalma xüsusilə oxu nəticələrinin ən çox gerilədiyi təhsil sistemlərində nəzərə çarpır. 

Bundan əlavə, məktəbi “vaxt itkisi” hesab edən şagirdlərin sayında nisbətən böyük artım müşahidə olunan ölkə və iqtisadiyyatlarda oxu nəticələri də əhəmiyyətli dərəcədə aşağı düşüb. Belə əlaqələr oxu nəticələrinin nə üçün kəskin şəkildə gerilədiyini sübut etmir. Lakin onlar mövcud vəziyyətin ümumi kontekstinin bir hissəsidir”, - deyə A.Şleyxer yazır.

Onun sözlərinə görə, PISA məlumatlarında sosial-iqtisadi statusla bağlı, bəlkə də, təəccüblü görünən daha bir nəticə var və bunu xüsusi vurğulamağa dəyər: “2018–2025-ci illər arasında sosial-iqtisadi baxımdan ən əlverişli şəraitə malik şagirdlərin dörddə biri nəticələrdə ən böyük geriləməni nümayiş etdirib. Bəli, düzgün oxudunuz.  Bu, gözləntilərə zidd görünə bilər. Lakin nisbətən imkanlı ailələrdən olan şagirdlər arasında oxu bacarığının ən böyük dərəcədə zəifləməsi müşahidə olunub. Bu nəticə yeni bir fenomenin meydana çıxdığını göstərir: ümumi nəticələrin aşağı düşməsində əsas amillərdən biri sosial baxımdan daha üstün mövqedə olan şagirdlərin öz ailə və sosial mənşələrinə əsasən gözlənilən səviyyədən aşağı nəticə göstərməsidir. Nəticədə, ən əlverişsiz sosial-iqtisadi vəziyyətdə olan şagirdlərlə digərləri arasındakı fərq OECD-yə daxil olan 35 ölkə üzrə orta hesabla 11 bal azalıb – 2018-ci ildəki 88 baldan 2025-ci ildə 77 bala düşüb”.

Bütün bu təhlilləri necə ümumiləşdirmək olar?

A.Şleyxerə görə oxu sahəsində mənfi tendensiyalar geniş yayılıb və oxu nəticələrindəki geriləmələr, ilk növbədə, diqqətin və konsentrasiyanın zəifləməsini əks etdirir. “Bu isə siyasətçilər və ümumilikdə cəmiyyət üçün daha geniş bir məsələni gündəmə gətirir: süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə tənqidi oxumaq, informasiyanın etibarlılığını qiymətləndirmək, incə məqamları və məna çalarlarını anlamaq, əsaslandırılmış mühakimələr yürütmək bacarığı, ehtimal ki, daha da böyük əhəmiyyət qazanacaq.
Deməli, təhsil sistemləri qarşısında duran əsas vəzifələrdən biri gəncləri yenidən oxuya cəlb etməkdir. Böyüklərin də əhəmiyyətli bir hissəsinin oxumağa marağını itirdiyi bir dünyada bu, heç də asan məsələ deyil”.

Qlobal oxu nəticələri niyə aşağı düşür?