Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar
Quba rayonu Namiq Əliyarov adına Qacar-Zeyid kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri yeni tədris ilinə vahid geyimdə dərsə başlayıblar.
Bu təşəbbüs müəllimlər arasında həmrəyliyi, peşəyə olan sevgini ifadə etməklə yanaşı, məktəb mühitində xüsusi ahəng yaradıb.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Bilalova "Azərbaycan müəllimi"nə bildirib ki, uzun müddətdir kollektivdə vahid geyim tətbiq etmək arzusu olub:
“Nəhayət, bu il cəsarətimi toplayaraq rəhbərliyimizin dəstəyi ilə bu fikri gerçəkləşdirdik. Gözəlliyi birlikdə tapdıq – fərqlər deyil, bərabərlik ön planda oldu. Artıq heç kəs bir-birindən seçilmir, çünki biz bir komandayıq. İmkanlar deyil, dəyərlər ön plandadır. Bütün dəyərli müəllim yoldaşlarıma təşəkkür edirəm, həm anlayışları, həm də həmrəy olduqları üçün”.




