Qubada təhsildə innovativ yanaşmalar müzakirə olunub
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə 25 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında professor-müəllim heyəti və gənclərlə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə İctimai Şuranın sədri professor Hikmət Əlizadə, Şuranın katibi, xarici dil üzrə ekspert Günay Əkbərova və Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov iştirak ediblər.
Professor Hikmət Əlizadə ənənəvi və interaktiv təlim modelləri arasındakı fərqlərdən danışaraq, müasir təhsildə şagirdyönümlü yanaşmanın və müəllimin fasilitator rolunun əhəmiyyətini vurğulayıb.
Deputat Ceyhun Məmmədov çıxışında süni intellektin təhsildə və elmi tədqiqatlarda rolu, innovativ tədris metodlarının əhəmiyyəti, gənclərin yaradıcı düşüncə qabiliyyətinin inkişafı və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən bəhs edib. Görüş zamanı tələbələrə deputatın müəllifi olduğu “Gənclərə tövsiyələr” kitabı təqdim olunub.
İctimai Şuranın katibi Günay Əkbərova müəllimlərin peşəkar inkişafı, inklüziv təhsilin təşviqi və gənclərdə ömürboyu öyrənmə mədəniyyətinin formalaşdırılmasının önəmini qeyd edib.
Filialın direktor müavini İsmayıl Mahmudov filialda tələbələr üçün təsis edilmiş Adlı təqaüdlər, yeni “Keyfiyyət siyasəti” və “Cəmiyyətə xidmət və sosial töhfə siyasəti” sənədləri, eləcə də tədris və sosial infrastruktur barədə məlumat verib. O, filialda yaradılan İnklüziv təhsil laboratoriyası, Metodika kabineti, Heydər Əliyev Məktəb-lektoriyası və Türk Dünyası Mərkəzi kimi yeni imkanları diqqətə çatdırıb.
Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva tələbə klublarının fəaliyyətindən, gənclərin asudə vaxtının səmərəli təşkilindən danışıb.
Sonda iştirakçılar bölgələrdə bu cür görüşlərin davamlı təşkilinin əhəmiyyətini vurğulayıb, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya və deputat Ceyhun Məmmədova təşəkkür ediblər.
 

 
                         
                         
                         
                        

 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            