Qubadlı məktəbləri Şərqi Zəngəzurda lider oldu – Statistika

18 Avqust, 2026 - 13:19
Qubadlı məktəbləri Şərqi Zəngəzurda lider oldu

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin  409 məzunu  fərqlənmə attestatı alıb.  

Bu barədə “Azərbaycan müəllimi”nə regional idarədən bildirilib.Onlardan 231-i  ümumi orta,178-i isə tam orta təhsil səviyyələri üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

Ümumi və tam orta təhsil səviyyələri  üzrə fərqlənmə attestatı alanlarda liderlik Qubadlı rayon məktəblərinə məxsusdur. Belə ki, Qubadlı ümum orta təhsil müəssisələrindən  IX sinif üzrə 73, XI sinif üzrə isə 50  nəfər fərqlənmə attestatı alıb.  Fərqlənmə attestatı alanlardan IX siniflər üzrə 47-si , XI siniflər üzrə 46-sı Laçın, IX siniflər üzrə 50-si, XI siniflər üzrə 33-ü  Kəlbəcər, IX siniflər üzrə 42-si, XI siniflər üzrə 30-u  Cəbrayıl, IX siniflər üzrə 19-u və  XI siniflər üzrə də 19-u  Zəngilanın payına düşür.

Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları müvafiq olaraq ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 bal toplayan məzunlara verilir.

Məlumat üçün bildirək ki,  2025-2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formada təqdim olunub.