Qusar məktəblisi RFO-nun üçqat medalçısı oldu
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayon Kərim Kərimov adına 1 nömrəli Hil kənd tam orta məktəbinin XI sinif şagirdi Qəhrəman Məlikov Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə qızıl medala layiq görülüb. Qəhrəman ardıcıl olaraq 3-cü dəfədir ki, RFO-da medala sahib çıxır.
"Azərbaycan müəllimi" adı kimi özü də qəhrəman olan məktəbli ilə həmsöhbət olub.
"Hər bir qələbə məni daha böyük hədəflərə doğru ruhlandırır"
Respublika fənn olimpiadalarının qalibi Qəhrəman Məlikov bildirir ki, coğrafiya onun üçün sadəcə bir məktəb fənni deyil, dünyanı kəşf etmək vasitəsidir: "Bu maraq uşaq yaşlarımdan xəritələri izləmək və təbiət hadisələrini anlamaq həvəsindən yaranıb. Öz biliklərimi ölkə miqyasında sınamaq və məktəbimi, kəndimi layiqincə təmsil etmək istəyi məni RFO-ya sövq etdi. Coğrafiya üzrə IX sinifdə bir gümüş və X-XI siniflərdə iki qızıl medal qazanmağım bu sahəyə olan sevgimin nəticəsidir".
Nümunəvi şagird diqqətə çatdırır ki, hazırlıq prosesində mütəmadi olaraq dərsliklərdən kənar elmi ədəbiyyatları araşdırır və müəllimlərinin dəstəyi ilə çətin testlər üzərində işləyir: "Qızıl medal qazanmaq və Azərbaycanın ən yaxşıları sırasında olmaq sözlə ifadə edilməyəcək qədər gözəl hissdir. Bu uğur mənə sübut etdi ki, zəhmət heç vaxt yerdə qalmır. Hər bir qələbə məni daha böyük hədəflərə doğru ruhlandırır və özümə olan inamımı artırır".
Qəhrəman XI sinif şagirdi olaraq əsas diqqətini ali məktəbə qəbul imtahanlarına yönəldib. Sevdiyi fənnə uyğun olaraq ixtisas seçimi etməyi və gələcəkdə ölkəmizin inkişafına töhfə verəcək bir mütəxəssis olmağı arzulayır: "Azərbaycan Dövlət İqtİsad Unİversİtetİ (UNEC) və ya xaricdə nüfuzlu bir təhsil müəssisəsində oxumaq hədəflərim arasındadır. Asudə vaxtlarımda da dünyanı öyrənməyə davam edirəm – sənədli filmlər izləyir, intellektual oyunlarda iştirak edirəm və təbiət qoynunda gəzintiləri sevirəm. Uğur qazanmaq istəyən şagirdlərə isə məsləhətim belədir: heç vaxt "mən bacarmaram" deməyin. Uğurun sirri sistemli çalışmaq və qarşına konkret hədəf qoymaqdır. Oxuduğunuz fənni sevin, yalnız imtahan üçün deyil, öyrənmək üçün oxuyun. Çətinliklərdən qorxmayın, çünki hər bir səhv sizi düzgün yola bir addım daha yaxınlaşdırır".
Qəhrəman vurğulayır ki, uğurları təkcə onun deyil, həm də ona inanan və hər addımda dəstək olan müəllimlərinin əməyinin bəhrəsidir.



