Rasif Dünyamalıyev: Məktəb ailənin rəqibi deyil

12 Oktyabr, 2026 - 13:51
Rasif Dünyamalıyev:

“Məktəbli forması tələbi yalnız hicabla əlaqələndirilməməlidir. Geyimlə bağlı qaydalar bütün şagirdlərə aydın, ardıcıl və bərabər yanaşma prinsipi əsasında izah olunmalıdır”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib.

Onun sözlərinə görə, məktəbli formasına ilk növbədə təhsil müəssisəsinin ümumi nizam-intizam qaydalarının bir hissəsi kimi yanaşmaq lazımdır:

“Məktəbli formasının əsas məqsədi şagirdlər arasında vahid məktəb mühitinin formalaşması, geyimlə bağlı fərqlərin ön plana çıxmaması və təhsil müəssisəsinin müəyyən etdiyi ümumi standartların qorunmasıdır. Bu, eyni zamanda məktəbdə korporativ mədəniyyətin, müəssisə mədəniyyətinin formalaşmasına kömək edir. Beynəlxalq təcrübədə də bunun nümunələri mövcuddur. Bəzən məsələ elə təqdim olunur ki, sanki belə tələblər yalnız Azərbaycanda tətbiq edilir. Halbuki bu yanaşma təhsil siyasətinin bir hissəsidir və ondan qaçmaq doğru olmaz”.

R.Dünyamalıyev bildirib ki, əsas məsələ hər bir təhsil müəssisəsində qaydaların aydın olması, qanunvericiliyə uyğun tətbiq edilməsi və şagirdlərin hüquqlarına hörmət göstərilməsidir.

Onun fikrincə, cəmiyyətin dini və milli-mənəvi dəyərlərə həssas münasibəti də nəzərə alınmalı, məktəbli formasına yalnız inzibati tələb kimi deyil, düzgün kommunikasiya tələb edən məsələ kimi yanaşılmalıdır:

“Valideynlərə aydın şəkildə izah olunmalıdır ki, burada söhbət hansısa dini inancın hədəfə alınmasından deyil, məktəbin ümumi qaydalarının mahiyyətindən və tətbiqindən gedir. Eyni zamanda hər hansı dini və ya şəxsi inanca münasibət məktəb mühitində ayrı-seçkiliyə səbəb olmamalıdır. Məktəb bütün uşaqların bərabər imkanlarla təhsil aldığı mühit olmalıdır. Qaydaların tətbiqində də bu prinsip əsas götürülməlidir”.

“Dini fərqlərə əsaslanan ayrı-seçkiliyin qarşısını almaq cəmiyyətimizin sağlam inkişafı üçün əhəmiyyətlidir”

İctimai Şura üzvü bildirib ki, məktəbdə uşaqlar arasında dini və digər fərqliliklərə görə qruplaşmanın yaranmasının qarşısı alınmalıdır:

“Bəzən uşaqlar müəyyən dini normalara əməl etdiklərinə görə özlərini başqalarından fərqli göstərməyə çalışırlar. Hansısa qrupa mənsub olduqlarını, müəyyən dini qaydalara əməl etdiklərini əsas götürərək özlərini digərlərindən üstün və ya ayrı hesab edə bilirlər. Nəzərə almaq lazımdır ki, bunlar hələ şəxsiyyət kimi tam formalaşmamış uşaqlardır. Belə düşüncələrin məktəbdə yayılmasına imkan vermək olmaz. Çünki uşaqlar arasında indidən formalaşan ayrı-seçkilik gələcəkdə cəmiyyətdə də oxşar münasibətlərin yaranmasına səbəb ola bilər”.

R.Dünyamalıyevin fikrincə, bu məsələdə valideynlərin üzərinə xüsusi məsuliyyət düşür. O hesab edir ki, uşaqların dini və şəxsi seçimlərinə böyüklərin təsiri də nəzərə alınmalıdır:

“Artıq öz əqidəsini müəyyənləşdirmiş, sərbəst seçim edə bilən yetkin insanların geyimi, dini etiqadı və şəxsi inancları ilə bağlı qərar vermək azadlığı var. Amma uşaqlarla bağlı vəziyyət fərqlidir. Onlar bir çox hallarda ailənin və böyüklərin təsiri ilə müəyyən seçimlər edirlər. Bu isə digər uşaqların düşüncəsinə də təsir göstərə, müəyyən stereotiplər formalaşdıra bilər. Ona görə uşaqların böyüdüyü mühitdə qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin qorunması vacibdir”.

İctimai Şura üzvü məsələyə dövlətin və cəmiyyətin təhlükəsizliyi baxımından da yanaşılmasının vacibliyini vurğulayıb:

“Biz belə risklərin mövcud olduğu geosiyasi şəraitdə yaşayırıq. Dövlətimizin maraqları və təhlükəsizliyi, eləcə də cəmiyyətimizin təhlükəsizliyi hər birimiz üçün üstün olmalıdır. Bu baxımdan müəyyən edilmiş ümumi qaydalara cəmiyyət olaraq əməl etməliyik. Uşaqlar arasında dini və digər fərqlərə əsaslanan ayrı-seçkiliyin formalaşmasının qarşısını almaq həm də gələcək cəmiyyətimizin sağlam inkişafı üçün əhəmiyyətlidir”.

R.Dünyamalıyev hesab edir ki, məktəbli forması ilə bağlı həssas məsələlərin ilkin mahiyyətindən uzaqlaşdırılaraq fərqli istiqamətlərdə təqdim edilməsi düzgün deyil:

“Təəssüf ki, həssas ictimai məsələlər bəzən mahiyyətindən uzaqlaşdırılaraq başqa istiqamətlərdə təqdim olunur. Məktəbli forması da hazırda belə mövzulardan birinə çevrilə bilər. Halbuki əsas müzakirə predmeti məktəbdə ümumi qaydaların necə müəyyənləşdirilməsi, izah olunması və tətbiq edilməsidir. Mövzuya emosional yanaşmaq və onu süni şəkildə qarşıdurma predmetinə çevirmək lazım deyil. İctimai müzakirələr faktlara, qüvvədə olan qaydalara və sağlam məntiqə əsaslanmalıdır”.

“Valideynlərə tövsiyəm odur ki,  qaydaların məqsədini anlamağa çalışsınlar”

R.Dünyamalıyev bildirib ki, məktəbli formasına dair qaydaların mövcudluğu ilə onların tətbiq üsulu bir-birindən fərqləndirilməlidir:

“Hətta məqsədi düzgün olan qayda belə kifayət qədər izah edilmədikdə və ya qeyri-bərabər tətbiq olunduqda narazılıq yarada bilər. Ona görə də qaydaların məzmunu, hüquqi əsası, tətbiq dairəsi və mümkün istisnalar varsa, onların hansı əsaslarla nəzərdə tutulduğu aydın şəkildə izah edilməlidir. Bir tərəfdən məktəbin müəyyən etdiyi qaydalara hörmət göstərilməli, digər tərəfdən isə valideynlərin sualları və narahatlıqları dinlənilməlidir. Açıq kommunikasiya qurulmalı və məsələnin mahiyyətinin düzgün anlaşılmasına çalışılmalıdır”.

Onun sözlərinə görə, valideynlər hər hansı narazılıq yarandıqda ilk növbədə məktəb rəhbərliyi ilə konstruktiv dialoqa üstünlük verməlidirlər:

“Valideynlərə ilk tövsiyəm odur ki, məktəbli forması ilə bağlı qaydaları öyrənsinlər, onların məqsədini anlamağa çalışsınlar və məktəblə əməkdaşlıq münasibətlərini qoruyub saxlasınlar. Məktəb ailənin rəqibi deyil. Hər iki tərəfin əsas məqsədi uşağın təhlükəsiz, sağlam və keyfiyyətli təhsil mühitində inkişaf etməsidir. Valideynin hər hansı qayda ilə bağlı sualı varsa, bunu məktəb rəhbərliyi ilə açıq və konstruktiv dialoq vasitəsilə müzakirə etməsi daha məqsədəuyğundur. Fikir ayrılıqlarını sosial şəbəkələrdə emosional müzakirəyə çevirməzdən əvvəl məsələnin mahiyyətini dəqiqləşdirmək və rəsmi izahat almaq lazımdır”.

“Geyimlə bağlı anlaşılmazlıqlar şagirdlərin təhsil mühitinə mənfi təsir göstərməməlidir”

R.Dünyamalıyev qeyd edib ki, qaydaların valideynlərə düzgün çatdırılması və ədalətli tətbiqi baxımından məktəblərin də üzərinə mühüm məsuliyyət düşür:

“Məktəblər qaydaları valideynlərə  aydın və anlaşılan formada çatdırmalıdırlar. Onların tətbiqində ardıcıllıq və ədalət təmin edilməli, uşaqlarla ünsiyyətdə xüsusi həssaslıq göstərilməlidir. Geyimlə bağlı hər hansı anlaşılmazlıq şagirdin alçaldılmasına, damğalanmasına və ya təhsil mühitindən uzaqlaşdırılmasına səbəb olmamalıdır”.
İctimai Şura üzvü onu da vurğulayıb ki, məktəbli forması ilə bağlı bütün fərdi geyim seçimlərinin ayrıca nəzərə alınması vahid forma prinsipinin tətbiqini çətinləşdirə bilər:

“Əgər fərqli geyim tərzi olan hər kəsin fərdi yanaşmasını ayrıca əsas götürsək, onda ümumiyyətlə vahid məktəbli formasından imtina etməli olarıq. Bu isə doğru nəticələrə gətirib çıxarmayacaq. Qaydalar cəmiyyətdə qarşıdurma yaratmaq üçün deyil, məktəb mühitində nizam-intizamı və bərabər yanaşmanı təmin etmək üçün mövcud olmalıdır. Unutmamalıyıq ki, məktəbin məqsədi yalnız bilik vermək deyil, həm də uşaqlara qarşılıqlı hörmət, məsuliyyət, fərqli düşüncələrə anlayış və birgəyaşayış mədəniyyəti aşılamaqdır”.

“Valideynlər övladlarına məsuliyyətli davranışları ilə nümunə olmalıdırlar”

R.Dünyamalıyev hesab edir ki, böyüklər bu dəyərləri ilk növbədə öz davranışları ilə nümayiş etdirməlidirlər:

“Bu gün valideynlərin üzərinə məsuliyyətli davranmaq öhdəliyi düşür. Məsələyə aqressiv yanaşmaq, dövlətlə güc dili ilə danışmaq heç kimə üstünlük qazandırmayacaq. Uşaqlarımız da belə davranışlardan yaxşı nümunə götürmürlər. Valideynlər dövlətin müəyyən etdiyi qaydalara əməl etməklə, təmkinli və düşünülmüş şəkildə hərəkət etməlidirlər. Uşaqlar gələcəkdə dini etiqadları və həyat tərzləri ilə bağlı seçimlərini sərbəst edə bilməlidirlər. Nəzərə almalıyıq ki, 18 yaşına qədər uşaqlar dövlətin himayəsindədir və onların gələcəyi ilə bağlı əsas prioritetlərin müəyyən edilməsində dövlətin məsuliyyəti var. Biz bunu Konstitusiya çərçivəsində dövlətə etibar etmişik. Ona görə də hesab edirəm ki, valideynlər bu məsələdə daha düşünülmüş və məsuliyyətli qərarlar verməlidirlər”.