Region və Bakı müəllimləri üçün güzəştlər fərqlənirmi? – TİF aydınlıq gətirir

10 İyun, 2026 - 12:50
Region və Bakı müəllimləri üçün güzəştlər fərqlənirmi?

Regionlar üzrə “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən bölgəsindən başlanılıb və kart istifadəçiləri artıq layihə çərçivəsində nəzərdə tutulan güzəşt və üstünlüklərdən yararlana bilirlər. Maraqlıdır, regionda təhsil işçiləri üçün hansı güzəşt imkanları var?

Təhsilin İnkişafı Fondundun mətbuat katibi Könül Abdulrəşidova “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirib ki, hazırda “TəhsilPlus” kartı vasitəsilə ictimai nəqliyyatda “Bakıkart” üzərindən QR bilet alışlarında 10 faiz güzəşt tətbiq olunur. 

Bununla yanaşı, bütün ölkə üzrə təhsil işçilərinə kitab və dəftərxana ləvazimatlarının alışında 5, kinoteatrlarda 5, “Bravo” mağazalarında QR ödənişlər zamanı 3, yanacaqdoldurma məntəqələrində 2, kafe və restoranlarda 2, eləcə də apteklərdə 2 faiz bonus imkanları təqdim edilir. Həmçinin “Referans” Tibb Mərkəzi tərəfindən Bakı və Gəncə filiallarında kart istifadəçilərinə 10 faiz endirim təqdim olunur: “”TəhsilPlus” layihəsinin əsas məqsədi ölkənin bütün bölgələrində fəaliyyət göstərən təhsil işçiləri üçün vahid üstünlüklər platforması yaratmaqdır. Bu baxımdan kart istifadəçiləri üçün təqdim olunan əsas güzəşt mexanizmləri regiondan asılı olmayaraq eyni prinsiplər əsasında formalaşdırılır”.

Könül Abdulrəşidovanın sözlərinə görə, tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam edir: “Yeni tərəfdaşların cəlb olunması ilə həm paytaxtda, həm də regionlarda kartın istifadə imkanlarının daha da artırılması nəzərdə tutulur. Ayrı-ayrı regionlarda fəaliyyət göstərən tərəfdaşlarla əməkdaşlıq qurulduqca həmin bölgələrə məxsus əlavə güzəşt və kampaniyaların tətbiqi də mümkün olacaq. Məsələn, “CityCard” ilə əldə olunmuş ilkin razılığa əsasən, növbəti aylarda “TəhsilPlus” kart istifadəçiləri üçün ictimai nəqliyyatda xüsusi güzəşt mexanizmi tətbiq ediləcək”.

Kartların təqdimatı isə mərhələli şəkildə davam edir: “Hazırda təhsil müəssisələri və mühasibatlıq strukturları ilə işlər aparılır, kart sifarişləri daxil olur”.