Rektor: AzMİU mühəndislik və rəqəmsal texnologiyaların sintezinə əsaslanan yeni nəsil mütəxəssislər hazırlayır
"Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) mühəndislik, memarlıq və rəqəmsal texnologiyaların sintezinə əsaslanan yeni nəsil mütəxəssislərin hazırlanmasını strateji prioritet kimi müəyyənləşdirib. Universitetdə yaradılan Süni İntellekt Mərkəzi, Zəlzələ Araşdırmaları Elmi-Tədqiqat Mərkəzi, müasir laboratoriyalar və innovasiya platformaları bu məqsədə xidmət edir. Burada aparılan araşdırmalar həm ölkənin sosial-iqtisadi inkişafına, həm də beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova deyib.
Rektor bildirib ki, İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 3-cü Beynəlxalq Konfrans kimi nüfuzlu tədbirlərin Bakıda və AzMİU-da keçirilməsi Azərbaycanın regionun elmi və innovasiya mərkəzlərindən birinə çevrildiyini göstərir. Onun sözlərinə görə, bu cür beynəlxalq platformalar ölkəmizin intellektual potensialının tanıdılması, gənc alimlərin qlobal elm məkanına inteqrasiyası və universitetlərin beynəlxalq nüfuzunun yüksəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, bu gün informasiya texnologiyaları artıq yalnız texniki sahə deyil, memarlıqdan sənayeyə, şəhərsalmadan təhsilə qədər bütün istiqamətlərin inkişafını sürətləndirən əsas amillərdən biridir. Süni intellekt, kibertəhlükəsizlik, ağıllı şəhər həlləri, rəqəmsal iqtisadiyyat və innovativ idarəetmə modelləri gələcəyin inkişaf gündəliyini müəyyənləşdirir. Bu baxımdan, ITTA 2026 konfransı elmi biliklərin praktik tətbiqə çevrilməsi, yeni tərəfdaşlıqların qurulması və qabaqcıl təcrübələrin paylaşılması üçün mühüm platformadır.
Rektor qeyd edib ki, konfransın WUF13 ərəfəsində keçirilməsi onun aktuallığını daha da artırır. Çünki müasir şəhərlərin idarə olunması, dayanıqlı infrastrukturun qurulması və təhlükəsiz urban mühitin formalaşdırılması informasiya texnologiyalarının imkanları olmadan mümkün deyil.
Qeyd edək ki, AzMİU-da artıq üçüncü dəfə təşkil olunan konfransda bu il ABŞ, Polşa, Türkiyə, Ukrayna, Qazaxıstan, Yunanıstan, Estoniya, Kanada, Fransa, Böyük Britaniya, Malayziya, İspaniya, Özbəkistan və digər ölkələrdən 210-dan çox alim və tədqiqatçı iştirak edir. Tədbirdə süni intellekt, kibertəhlükəsizlik, ağıllı şəhər sistemləri, avtomatlaşdırma, sənaye texnologiyaları, məlumatların analitikası və rəqəmsal transformasiya üzrə məruzələr təqdim olunur. Konfrans materiallarının nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşdirilməsi, seçilmiş elmi məqalələrin isə Springer nəşriyyatında çap olunması nəzərdə tutulur.



