Rektor: İxtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb
"Azərbaycan Dövlət Aqrar Universtetinində ingilis və rus dillərində tədris olunan müxtəlif ixtisaslar əcnəbi tələbələrin ehtiyaclarına uyğunlaşdırılıb. Bu proqramlar arasında aqronomluq, baytarlıq təbabəti, iqtisadiyyat, marketinq və digər sahələr xüsusi populyarlığa malikdir".
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində universtetin rektoru Zəfər Qurbanov deyib.
O əlavə edib ki, universitet xarici tələbələrə daha rahat və yüksəkkeyfiyyətli təhsil imkanları təqdim etmək üçün xüsusi proqramlar və resurslar hazırlayıb:
“Əcnəbi tələbələrin ADAU-da təhsil alması yalnız akademik mühitə rəng qatmaqla kifayətlənmir, həm də tələbələrə müxtəlif mədəniyyətlərdən öyrənmək və qlobal birgəyaşayış təcrübəsi qazanmaq imkanı verir. Universitet onların inteqrasiyasını asanlaşdırmaq üçün müxtəlif sosial tədbirlər, mədəni proqramlar və tələbə klublarına qoşulmaq imkanları yaradır. Bu həm əcnəbi, həm də yerli tələbələrin dünyagörüşünün artmasına, yeni dostluqlar qurmağa zəmin yaradır”.



