Dərsliklərə rəy vermək daha da asanlaşdı - “Rəqəmsal məktəb”in yeni imkanları

23 Yanvar, 2026 - 10:57
Dərsliklərə rəy vermək daha da asanlaşdı

Elm və Təhsil Nazirliyi tərəfindən “Rəqəmsal məktəb” platformasında dərslik layihələrinə rəy bildirmək üçün yeni bölmə yaradılıb. Bu imkan 2026-2027-ci tədris ili üçün hazırlanacaq və ya təkmilləşdiriləcək dərsliklərin ictimai müzakirəyə çıxarılmasını nəzərdə tutur. 

Yeni mexanizm müəllimlərə, valideynlərə və digər maraqlı tərəflərə dərslik layihələri ilə tanış olaraq rəy və təkliflərini təqdim etməyə şərait yaradır.

“Bu yanaşma həm şəffaflıq, həm də cəmiyyətin gözləntilərini öyrənmək baxımından çox böyük üstünlükdür”

Dərslik müəllifi, biologiya üzrə fəlsəfə doktoru Elşad Yunusov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, “Rəqəmsal məktəb” platforması bu dövr üçün atılmış ideal və strateji baxımdan son dərəcə əhəmiyyətli addımdır:

“Çünki burada əsas məqsəd təkcə texnoloji yenilik deyil, həm də şəffaflığın və ictimai iştirakçılığın təmin edilməsidir. Platforma vasitəsilə dərslik layihələri açıq müzakirəyə çıxarılır, hər kəsin rəy bildirməsi üçün əlçatan imkan yaradılır. Bu da ictimai fikrin sistemli şəkildə toplanmasına, ümumi rəy bazasının formalaşmasına şərait yaradır. Bu yanaşma həm şəffaflıq, həm də cəmiyyətin gözləntilərini öyrənmək baxımından çox böyük üstünlükdür. Nəticədə müəlliflər olaraq biz real ehtiyaclar və real problemlər barədə daha dolğun məlumat əldə etmiş oluruq. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, ictimaiyyət onların qərarvermə mexanizmlərində tənzimləyici rol oynayır. Çünki qəbul edilən qərarların tətbiq olunduğu əsas mühit məhz ictimaiyyətdir. Bu baxımdan, valideynlərin, müəllimlərin və ümumilikdə, cəmiyyətin fikri son dərəcə vacibdir”. 

“Rəylər təkmilləşdirmə prosesində mühüm rol oynayır”

Onun fikrincə, dərslik layihələrinin ictimai müzakirəyə çıxarılması bir növ “sınaq mərhələsi” funksiyasını yerinə yetirir: “Bu mərhələdə verilən rəylər dərsliyin real sinif, ailə mühitinə nə dərəcədə uyğun olduğunu üzə çıxarır. Həmin rəylər bizim üçün ciddi analiz materialıdır və təkmilləşdirmə prosesində mühüm rol oynayır. Göndərilən hər bir rəy dəyərlidir və özünəməxsus baxış bucağına malikdir. Lakin bu rəylərin qiymətləndirilməsində əsas meyarlar mövcuddur. Birinci növbədə, materialın elmi dürüstlüyünə diqqət yetirilir. Yəni verilən məlumatların elmi əsaslara, etibarlı mənbələrə söykənməsi əsas şərtdir. 
  İkinci mühüm meyar kurikulum sənədlərinə uyğunluqdur. Bundan əlavə, təkliflərin real tətbiq imkanları, dərslik məzmununa inteqrasiya olunma potensialı və pedaqoji baxımdan səmərəliliyi də nəzərə alınır.
  Bu rəylər əsasında tapşırıqların forması, mövzuların metodik ardıcıllığı və təqdimat üsulları dəyişdirilə bilər. Yeni nəsil dərsliklərin hazırlanmasında artıq ictimai rəy, ekspert rəyi və pilot tətbiq mexanizmləri paralel şəkildə həyata keçirilir. Pilot siniflərdə dərslər izlənilir, müəllimlərlə canlı görüşlər keçirilir, davamlı monitorinqlər aparılır. Mövzuların şagird tərəfindən necə qavranılması, praktiki və nəzəri biliklərin mənimsənilməsi bu mərhələdə aydın şəkildə üzə çıxır. Bu səbəbdən müəllim rəyləri bizim üçün xüsusilə əhəmiyyətlidir”. 

“Ən çox iradlar mövzuların siniflər üzrə bölgüsü ilə bağlı olur”

O vurğulayıb ki, hazırda dərsliklər müxtəlif mərhələlərdən keçir: Elm və Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin ekspertləri, pilot müəllimlər, elmi redaktorlar və nəhayət, ictimai rəy platforması: “Bütün bu rəylərin təhlili, müzakirəsi və sistemləşdirilməsi ciddi əmək tələb edir. Lakin nəticə etibarilə bu proses dərsliyin keyfiyyətinə müsbət təsir göstərdiyi üçün müəlliflər üçün faydalı və zəruri hesab olunur. Yeni nəsil dərsliklər təkcə məzmun dəyişiklikləri ilə deyil, ümumi yanaşmanın dəyişməsi ilə fərqlənir. Burada spiralvari inkişaf, inteqrativ yanaşma, sorğu əsaslı öyrənmə və beynəlxalq qiymətləndirmə tələblərinə uyğunluq əsas götürülür. Bu dəyişikliklər ilkin mərhələdə müəllimlər üçün çətin görünə bilər. Çünki bəzi mövzuların siniflər üzrə yeri dəyişdirilib, məlumatlar mərhələli və hissə-hissə təqdim olunur. Ən çox iradlar da məhz mövzuların siniflər üzrə bölgüsü ilə bağlı olur.
Lakin bu yanaşma PISA, TIMSS kimi beynəlxalq qiymətləndirmələrə inteqrasiya məqsədi daşıyır və uzunmüddətli perspektivdə şagirdlərin analitik və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə yönəlib”. 

 Elşad Yunusov qeyd edib ki, ümumiyyətlə, ictimai rəy, ilk növbədə, qərəzsiz və faydalı olmalıdır. Tənqid edilən məqamlar əsaslandırılmalı, mümkün alternativlər təklif edilməlidir: “Vaxtında rəy bildirmək də son dərəcə vacibdir. Rəqəmsal platforma bu baxımdan böyük imkan yaradır. Dərslik layihələri bir il müddətində ictimai müzakirədə olur və bu mərhələdə verilən rəylər keyfiyyətə real təsir göstərə bilir. Sonradan edilən qeydlər isə artıq prosesə ciddi təsir etmir”. 

“Dərslik layihələrinə rəy bildirilməsi ideyası çox müsbət və vacib bir təşəbbüsdür”

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Ümidli Gələcək” Gənclər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova isə bildirib ki, valideyn olaraq artıq rəqəmsal məktəb portalından birbaşa istifadə edirəm və öz övladımla bağlı dərsliklər, rəy bildirmə formatı ilə yaxından tanışam: “Bu baxımdan, həm təşkilat olaraq, həm ictimaiyyət nümayəndəsi kimi, həm də uşaq hüquqlarından irəli gələrək bildirmək istəyirəm ki, uşaqların təhsil hüquqları bizim üçün prioritetdir və təhsil sahəsində həyata keçirilən hər bir yeniliklə bağlı fikir bildirmək imkanının yaradılması olduqca önəmlidir.

Dərslik layihələrinə rəy bildirilməsi ideyası çox müsbət və vacib bir təşəbbüsdür. Bu mexanizm valideynlərin, müəllimlərin, pedaqoji heyətin və digər maraqlı tərəflərin tədris prosesinə birbaşa qatılmasına, kommunikasiya və əməkdaşlığın güclənməsinə xidmət edir. Eyni zamanda, bu platforma geniş miqyasda fikir mübadiləsi aparmaq üçün açıq və əlçatan bir mühit yaradır.

Bu addım həm şəffaflığın, həm də hesabatlılığın artmasına töhfə verir və düşünürəm ki, uzunmüddətli perspektivdə müsbət nəticələr verəcək. Xüsusilə vurğulamaq istərdim ki, burada ictimai iştirakçılıq formal xarakter daşımır, əksinə real və funksional səviyyədə həyata keçirilir. Bu prosesə təkcə paytaxt məktəbləri deyil, regionlarda çalışan müəllimlər, müxtəlif sosial qruplardan olan valideynlər, inklüziv təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər də cəlb olunur. Bu isə inklüziv təhsilin yalnız əlilliyi olan uşaqlarla məhdudlaşmadığını, eyni zamanda sosial cəhətdən həssas ailələrdən olan, təhsilə çıxışı çətinləşən və müxtəlif məhdudiyyətlərlə üzləşən uşaqları da əhatə etdiyini göstərir. Beləliklə, cəmiyyətin təhsil islahatlarında birbaşa iştirakına şərait yaranır”.

“Rəqəmsal məktəb” platformasından istifadə ilə bağlı valideynlər üçün praktiki maarifləndirmə tədbirləri keçirilsə, çox faydalı olar”


Onun sözlərinə görə, ictimai müzakirələr dərslik məzmununun keyfiyyətinin artırılması, uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğunluğunun qiymətləndirilməsi, müasir çağırışlara cavab verib-verməməsi kimi vacib məsələlərdə real dəyişikliklərə səbəb ola bilər: “Bu da şagird–müəllim–valideyn arasında kommunikasiya körpüsünü daha da möhkəmləndirir. Eyni zamanda, dəyərlər, həyati bacarıqları və çətin anlaşılan mövzuların daha balanslı və başa düşülən formada təqdim olunmasına imkan yaradır. Uzunmüddətli baxımdan isə bu yanaşma təhsil sistemində açıq dialoq mədəniyyətinin formalaşmasına xidmət edir və mövcud kommunikasiya problemlərinin aradan qaldırılması üçün ciddi zəmin yaradır.

Bununla yanaşı, diqqət yetirilməli olan bir məqam da rəqəmsal platformalara çıxışı olmayan və ya texnologiyadan istifadə bacarığı zəif olan valideynlərdir. Bu kateqoriyaya aid insanların da nəzərə alınması vacibdir. Praktikada müşahidə etdiyim kimi, platformadan istifadə qaydaları məktəblər tərəfindən izah olunsa da, bu məlumatlar çox vaxt onlayn qruplar vasitəsilə ötürülür və bütün valideynlər tərəfindən eyni səviyyədə qavranılmır. Bu isə həm valideynlər, həm də müəllimlər üçün əlavə çətinlik yaradır.
Düşünürəm ki, həm rəy mexanizminin, həm də ümumilikdə “Rəqəmsal məktəb” platformasının istifadəsi ilə bağlı regional təhsil idarələri və məktəblər tərəfindən valideynlər üçün praktiki maarifləndirmə tədbirləri keçirilsə, çox faydalı olar. Bu cür yanaşma məktəb–valideyn əməkdaşlığını gücləndirər və təhsil prosesində tərəfdaşlıq mədəniyyətinin formalaşmasına ciddi töhfə verər”. 

K.Aşumova bu mexanizmin gələcəkdə təhsilin digər sahə və istiqamətlərində də tətbiq oluna biləcəyindən bəhs edib. Çünki bu təşəbbüs əslində bir başlanğıc və pilot təcrübə rolunu oynayır: “Onun nəticələrindən çıxış edərək digər təhsil sahələrində də tətbiqi müsbət təsir göstərə bilər. Bu yanaşma cəmiyyətlə təhsil sistemi arasında bir körpü funksiyası yerinə yetirir. Xüsusilə tədris proqramlarının yenilənməsi, məktəbdaxili qiymətləndirmə mexanizmləri, təhsil standartları, müəllim hazırlığı proqramları və inklüziv təhsil yanaşmaları kimi sahələrdə ictimai rəyin formalaşması üçün effektiv mexanizm yaradıla bilər. Qeyd etməliyəm ki, inklüziv təhsil hazırda təhsil sistemimizin nisbətən zəif və həssas sahələrindən biridir. Hələ də bütün məktəblərdə bu yanaşmanın tətbiqi üçün lazımi şərait mövcud deyil və bu istiqamətdə çətinliklər qalmaqdadır. Məhz bu cür rəqəmsal və açıq rəy platformaları vasitəsilə həmin boşluqlar daha aydın görünə, problemlər daha sistemli şəkildə üzə çıxa bilər. Bu baxımdan “Rəqəmsal məktəb” platforması gələcək üçün bir nümunə və model rolunu oynaya bilər.

Ən önəmlisi isə odur ki, artıq qərarların yalnız qapalı mühitdə, məhdud sayda mütəxəssisin iştirakı ilə hazırlanması yanaşmasından uzaqlaşılır. Əvəzində müəllimlər, valideynlər, mütəxəssislər və ümumilikdə cəmiyyət bu prosesin birbaşa iştirakçısına çevrilir. Bu isə daha şəffaf, çevik və insan mərkəzli təhsil modelinin formalaşmasına xidmət edir”.