“Rəqəmsal məktəb”də valideyn və müəllimlər üçün sorğu keçirilib
“Bu yaxınlarda “Rəqəmsal məktəb” platformasında məktəblərlə bağlı sorğu keçirilib. Sorğuda 2 min müəllim, 200 mindən çox valideyn iştirak edərək məktəblər barədə fikir bildirib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
O bildirib ki, valideynlər “Rəqəmsal məktəb” platforması vasitəsilə məktəb direktoru ilə görüş üçün onlayn müraciət edə və vaxt təyin edə bilirlər: “Bu tətbiq məktəb rəhbərliyi ilə valideyn arasında operativ və şəffaf kommunikasiya mühiti yaradır”.
Vüsal Xanlarov qeyd edib ki, platformada əsas istifadəçi valideynlərdir. Valideyn əvvəlcə sistemdə qeydiyyatdan keçməli, daha sonra övladını şəxsi kabinetinə əlavə etməlidir. Valideynlərin platformadakı fəallığı sorğularda iştirak, direktorlarla görüş alətlərindən istifadə və digər rəqəmsal imkanlar vasitəsilə ölçülür.



