Rəqibləri professor və şirkət rəhbərləri olsa da, qalib gəldilər
Peşə bacarıqlarını Azərbaycandan kənarda beynəlxalq yarışda uğurla təmsil edən azərbaycanlı gənclər Bakıya qayıdıb.
30 iyun-4 iyul 2026-cı il tarixlərində Çinin Quançjou şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində bacarıqlar üzrə yarışa qatılan ölkə təmsilçiləri III olublar.
Azərbaycan peşə təhsili daha bir uğura Qazaxıstanda imza atıb. “DOSTI Skills Kokshetau 2026” yarışının iştirakçılarına dair “SPO Group of Companies DOSTI” dəvətilə Qazaxıstanın Kökşetau şəhərində keçirilən “DOSTI Skills Kokshetau 2026” beynəlxalq sənaye yarışında isə II yer Azərbaycana verilib.
Azərbaycanı kimlər təmsil edib?
Bacarıqların “danışdığı” bu beynəlxalq səviyyəli yarışlarda Azərbaycanı gənc mütəxəssilər təmsil edib: Əli Məmmədov, Rauf Mirzəyev və Orxan Mustafayev.
Əli və Rauf peşə təhsili müəssisələrindən məzundurlar. Onlar "Pilotsuz uçuş aparatlarının yığılması, sazlanması və texniki xidməti" (UAV Assembly, Adjustment and Maintenance) kateqoriyası üzrə yüksək nəticə göstəriblər.
“Ən böyük arzum budur ki, əməyim keçən məhsulları Azərbaycan stendində dünya miqyasında sərgiləyim”
Əli Məmmədov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Elektronika ustası" ixtisası üzrə məzunudur: “22 ölkədən nümayəndələrin qatıldığı yarışın qaliblərindən olmaq çox qürurverici idi”.
Üstəlik, peşə təhsilini təmsil edən yalnız onlar olub:
“Peşə təhsilini təmsil edən komandanın olmadığı bir yarışda qalib olmaq çox böyük uğur oldu. Rəqiblərimiz aviasiya universitetlərinin professorları, aviasiya üzrə təlim keçən şəxslər, böyük şirkət rəhbərləri idi. İştirakçılar arasında tələbələr çox az idi. I yeri tutan Özbəkistan nümayəndəsi oldu. Həmin iştirakçı tək bu yarışda deyil, dünya üzrə bir neçə yarışda birincilik əldə edən şəxsdir. Düşünürəm ki, beynəlxalq yarışlarda daha çox iştirak etdikcə təcrübəmiz artacaq. Təbii ki, təcrübəmiz də, uğurlarımız da artacaq”.
Əslində, elə bu yarışdakı uğurları da kifayət qədər böyük – birincilik ola bilərmiş: “3 moduldan ibarət yarışda liderliyi qoruya bilərdim. Birinci modulda 30, ikinci modulda 27 bal topladım. Üçüncü modulda texniki səhvim üzündən III yerə düşdüm. Yarışın aparıcıları da bunu dedilər. Hətta ikinci mərhələni tamamlayanda məni yaxınlaşıb təbrik etdilər və lider olduğumu söylədilər”.
Onu birincilikdən uzaqlaşdıran həm də həyəcan olub: “Həyəcan da məni rahat buraxmadı. Həyəcan olmasaydı, bu yarışda verilən tapşırıqlar mənim üçün adi bir şey idi”.
Bu yarışın Azərbaycan komandasına qatdığı töhfə, sadəcə üçüncülük olmayıb: “Bilirsiniz ki, 34 üzv və müşahidəçi dövləti bir araya gətirən yarışın əsas məqsədi bacarıqların inkişafı və texniki əməkdaşlığın təşviqi vasitəsilə AQEM-ə üzv və müşahidəçi dövlətlər arasında qarşılıqlı etimadın, əməkdaşlığın və insanlararası əlaqələrin gücləndirilməsidir. Tədbir eyni zamanda mütəxəssislər üçün bilik və bacarıqların artırılması, qabaqcıl təcrübə mübadiləsi, innovasiyaların təşviqi və qarşılıqlı öyrənmə üçün mühüm imkan yaradır. Biz də bu yarışda əlaqələrimizi genişləndirdik. Yəni çox böyük uğurla yanaşı, geniş əlaqə imkanı əldə etdik”.
Başqa yarışlar da olacaq və onlar həmin yarışlarda da həvəslə iştirak edəcəklər: “Bu təcrübə ilə gələcək yarışlarda daha böyük nailiyyətlər qazanacağıq. Artıq yarışlara qatılmaq və daha böyük nailiyyətlər qazanmaq üçün əlimdən gələni edəcəyəm. Məsələn, yaxın hədəflərimdən biri dil bacarıqlarımı inkişaf etdirməkdir. Son yarışda ən böyük çətinliyim başqa ölkələrdən olan nümayəndələrlə dil tapmaqda yarandı. Ona görə hazırda ingilis dili üzərində çalışıram. Ən böyük arzum budur ki, əməyim keçən məhsulları Azərbaycana aid bir stenddə dünya miqyasında sərgiləyim”.
“Həyatımda ilk dəfə yarışdım, ilk dəfə böyük uğur qazandım, hətta ölkəmi təmsil etdim”
Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin "Dronların texniki xidməti və təmiri üzrə mütəxəssis" ixtisasında təhsil alan tələbəsi Rauf Mirzəyev də qələbəsi elan olunanda artıq məzun idi. Azərbaycan komandasının 37 yaşlı iştirakçısı üçün bu meydan tamamilə yeni və kifayət qədər böyük olub: “İndiyədək çəkilişlərlə məşğul olmuşam. Video çəkilişi, dron çəkilişi aparmışam. 15 ilə yaxındır ki, bu işlə məşğulam. Amma sadəcə çəkiliş aparmaqla kifayətlənmək istəmədim. Dronlar mənim üçün çox maraqlıdır və bu sahədə daha böyük biliyə sahib olmaq istədim. Ona görə də bu il peşə təhsili almağa qərar verdim. Birillik peşə təhsili alaraq bu sahədə müasir biliklərə yiyələnmək istədim. Bərdə Dövlət Peşə Təhsil Mərkəzində təhsilim uğurlu oldu. Bacarıqlarımı artıracağımı düşünmüşdüm, düşündüyümdən daha artıq nəticə əldə etdim. Yarış ruhunu, yarış həyəcanını hətta orta məktəbdə oxuyanda da hiss etməmişdim. Həyatımda ilk dəfə yarışdım, ilk dəfə böyük uğur qazandım, hətta ölkəmi təmsil etdim”.
Rauf deyir ki, 37 illik həyatında ilk dəfə yaşadıqlarını ömürboyu unutmayacaq: “22 ölkə arasında Azərbaycanı təmsil etmək çox həyəcanlı idi. Adımız elan olunanda keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Belə bir nəticə əldə edəcəyimiz heç ağlıma da gəlməzdi. Azərbaycan Xarici İşlər Nazirliyindən də nümayəndələr gəlmişdi, onlar üçün də gözlənilməz olmuşdu”.
“Mənim üçün çox böyük bir təcrübə oldu, zəif tərəflərimi görə bildim”
Amma yarışda II yerə layiq görülən Orxan Mustafayev universitet tələbəsidir. O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Elektronika” ixtisası üzrə III kursda təhsil alır. Qazaxıstanın Kokşetau şəhərində keçirilən "DOSTI Skills Kokshetau 2026" beynəlxalq sənaye yarışında elektronika kateqoriyası üzrə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edib. Orxan “WorldSkiils” komandasında Çexiyada keçiriləcək beynəlxalq yarışa vəsiqə qazanıb.
Orxan bu yarışa necə seçilməyindən danışıb: “Təxminən 7-8 ay bundan əvvəl Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlər Peşə Təhsil Mərkəzində respublika səviyyəsində elektronika üzrə yarış keçirilirdi. Həmin yarışda biz həm nəzəri biliklərimiz, həm də praktiki bacarılarımızla yarışdıq. Yarışın nəticəsinə görə seçilən 3 nəfərdən biri mən idim. Bizi Şanxayda keçiriləcək “WorldSkills” yarışmasına hazırlaşdırdılar. Hazırlığımız başlayandan sonra Qazaxıstandakı DOSTİ İnnovasiya Mərkəzindən “DOSTİ SKİLLS KOKŞETAU 2026” yarışmasına dəvət gəldi, üçümüzdən biri seçilməliydik. Yenə yarış oldu və mini yarışımızda mən seçildim. Məni Eldar müəllimlə Qazaxıstandakı yarışa göndərdilər. Bizi bu yarışa hazırlaşdıran Eldar Məhərrəmli çox təcrübəli mütəxəssis, işinin peşəkarıdır”.
Qazaxıstanda, sadəcə yarışda olmayıb, həm də təlimləndiriliblər: “Bizə ilk günlərdə peşakar dərsləri vörkşop keçirildi, sonra yarışımız başladı. Yarış 3 gün çəkdi, burada elektronikaya aid bir çox şeylər əhatə olunmuşdu. Məsələn, sxemlərin qurulması, plataların çəkilməsi, mikrokontroller proqramlaşdırması, cihazların yığılması, lehimlənməsi... Bu mənim üçün çox böyük bir təcrübə oldu, öz zəif tərəflərimi görə bildim”.
Orxan Şanxayda Azərbaycanı təmsil edəcəyi üçün zəif tərəflərinin qalmasını istəmir: “Hazırda zəif tərəflərim üzərində daha çox işləyirəm. “Worldskills” yarışmasında daha yaxşı nəticə göstərməyi hədəfləyirəm”.
Qazaxıstanda ilk dəfə yarışa qatılan Orxan buradan böyük təəssüratlarla qayıdıb: “İlk dəfə beynəlxalq yarışda iştirak etdim, məndə çox böyük təəssürat yaratdı. Ölkəmizdə də bu səviyyədə, belə beynəlxalq yarışlar keçirilməsini arzulayıram”.
Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı beynəlxalq bacarıqlar yarışlarında ölkəmizi uğurla təmsil edən iştirakçılarla görüşüb. Görüşdə onların təhsil aldıqları peşə təhsili müəssisələrinin rəhbərləri də iştirak ediblər.
Agentlik direktoru iştirakçıları beynəlxalq arenada qazandıqları uğurlar münasibətilə təbrik edib, onların bu nailiyyətlərində əməyi olan müəllimlərə, ekspertlərə, mentorlara və peşə təhsili müəssisələrinin rəhbərlərinə təşəkkür edib. O, beynəlxalq yarışlarda əldə olunan nəticələrin Azərbaycan peşə təhsilinin inkişafını, gənclərin peşə bacarıqlarının yüksək səviyyəsini və peşə təhsili müəssisələrində həyata keçirilən keyfiyyət yönümlü hazırlıq prosesinin uğurlu nəticələrini nümayiş etdirdiyini vurğulayıb:
“Belə uğurlarda nəzəri bilik kifayət etmir, komanda işi, məsuliyyətli, sistemli iş vacibdir. Bu uğura aparan yol həm də məktəbdə qurulan işdən asılıdır. Uğurlu, iqtisadiyyatın tələblərinə cavab verən kadrlar hazırlamaqda nəzəri biliklərlə yanaşı, mühit böyük rol oynayır. Bu mühit yaradılmalı, istedadlı tələbələrin belə yarışlarda iştirakı təmin edilməli, bu istiqamətdə zəruri addımlar atılmalıdır. Uğurlarımız göstərir ki, müəssisələrimizdə proses məhz bu istiqamətdə gedir. Ustalarımız tələbələrimizə peşəyə bağlılıq öyrədirlər”.
“Dövlətin bu sahəyə dəstəyi belə uğurların daha çox olmasına şərait yaradır”
Görüşdən sonra “Azərbaycan müəllimi”nə açıqlama verən İlqar Bayramlı gəınclərin peşəkar inkişafının bundan sonra da dəstəklənəcəyi bildirilib.
“Peşə bacarıqları ilə bağlı beynəlxalq yarışda uğurlu nəticə göstərən 2 peşə təhsili təmsilçimiz böyük uğura imza atıb. Müasir texnoloji yeniliklərə söykənən peşə ixtisasları gənclərin qarşısında böyük imkanlar açır. Bu imkanlardan istifadə edənlər böyük uğur qazanırlar. Bu uğurlar onların daha böyük nailiyyətlərinin başlanğıcıdır. İnanıram ki, belə uğurlarımız getdikcə çoxalacaq və peşə təhsili almaq istəyənlər üçün stimul olacaq. Bunun üçün agenlik olaraq öz üzərimizə düşəni edirik. Dövlətin bu sahəyə diqqəti, dəstəyi, peşə təhsilinin inkişafına yönəldilən tədbirlər belə uğurların daha çox olmasına şərait yaradır. İqtisadiyyatın real tələblərinə uyğun kadrlar yetişdirilməsinə imkan yaradacağının şahidi olacağıq”.




