Rəqsi deyil, idmanı seçən yeniyetmə
Beş yaşı olanda anası onu həm rəqsə, həm də kikboksinqə qoydu. Bu qısa zaman çəkdi. Seçimi isə kikboksinq oldu. Artıq 3 ildir ki, peşəkar şəkildə məşğul olur. Bu sevgi necə yarandı, nə cür oldu özü də bilmədi amma, seçimi idman oldu. Hazırda isə kikboksinqlə yanaşı, boksla da məşğuldur. İdman və rəqs arasında seçimində idmanı seçən və uğur qazanan Yeganə Rəhimova 3 qat Azərbaycan çempionudur.
Bu dəfə “Azərbaycan müəllimi”nin həmsöhbəti idmanın kikboksinq növü üzrə həm ölkə, həm də beynəlxalq səviyyəli turnirlərdə yer tutan Yeganə Rəhimovadır.
3 qat Azərbaycan, dünya çempionu olan Yeganə IX sinif şagirdidir. Cəbrayıl rayonu Mahmud Allahverdiyev adına Çullu kənd tam orta məktəbində oxuyur. İdmanda ona dəstəkləyənin anası və babası olduğunu deyir: “2024-cü ildə ilk dəfə Azərbaycan çempionu oldum. Cəmi 2 ay sonra Budapeştdə keçirilən dünya çempionatında ölkəmizi layiqincə təmsil edərək qalibiyyət qazandım. Həmin ilin sentyabrında isə kikboksinq üzrə Özbəkistanda keçirilən dünya kubokunda birincilik qazandım”.

2025-ci ildə isə o, yenidən Azərbaycan çempionu olub: “2025-ci ildə “Şuşa kuboku” yarışında iştirakımı qalibiyyətlə yekunlaşdırdım. Həmin ilin yekun tədbirində qızlar arasında “İlin ən yaxşı döyüşçüsü” seçildim. 2026-cı ildə isə Azərbaycan birinciliyində 52 kq çəki dərəcəsində keçiridiyim hər iki döyüşdə qələbə qazandım və mənə çempion titulunu 3-cü dəfə qazanmaq nəsib oldu. Mən bundan qürur hissi duyuram”.
Qazandığı nailiyyətlərlə yaşıdlarına nümunə olan yeniyetməmiz gələcəkdə də Azərbaycan bayrağını beynəlxalq yarışlarda yüksəklərə qaldırmağı hədəfləyir.




